Məhkəmə qərarları › İş №2-1(103)-3628/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3628/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3628/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elnur Məmmədsaat oğlu Həsənovun və X3 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.

2. Cavabdeh tərəfindən təqdim edilmiş torpaq sahəsinə texniki baxış keçirilməsinə dair müayinə aktından görünür ki, arxiv t/p-nin və layihənin baş planında torpaq sahəsinin ölçüləri (30.0x25)m=750 kv.m olmaqla düzbucaqlı formadadır. Torpaq sahəsinin faktiki perimetrik ölçüləri və konfiqurasiyası tam fərqlidir, lakin sahələri eynidir. Qonşular arasında torpaq sahəsi mübadiləsi aparılmışdır. Layihələndirilən tikililər ərizəçinin istifadəsində olan torpaq sahəsində yerləşir. Layihələndirilən “A” tikilisi qeydiyyata alınmış yaşayış evinin genişləndirilərək yenidən planlaşdırılmasını əks etdirir. “B” tikilisi t/p-da “B” ilə literlənmiş köməkçi tikilinin genişləndiriləcək yaşayış evinə çevrilməyini əks etdirir. “C”, “D” və “E” sonradan inşa olunmuş tikililərdir. “B” və “C” tikililərinin daxili hündürlükləri yaşayış tikililəri normalarına uyğun deyil. Müvafiq sorğu ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublarlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərə əlavə edilmiş:

3. 2 nömrəli Zeytun sovxozunun aktından göstərillmişdir ki, Abşeron rayon XDS İK-nın 29 dekabr 1988-ci il tarixli 234 nömrəli qərarına, Azərbaycan SSR Nazirlər Sovetinin 14 fevral 1983-cü il tarixli qərarına, Sovxoz həmkarlar təşkilatının 21 nömrəli, 25 iyul 1990- cı il tarixli protokoluna əsasən, vətəndaş Abdullayevə ayrılmış topraq sahəsinin yerində ölçülüb sərhədlərində taxta nişangah qoyulduqdan sonra vətəndaş Abdullayevə təhvil verdim.

4. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeyidyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 3 yaşayış otaqlı, yaşayış sahəsi 41,2 kv.m olan ev Abşeron rayon XDS İK-nın 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında X2 adına şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

5. X2 adına verilmiş ünvan 4 ünvanına dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin texniki pasport 1994-cü ilin iyun ayında tərtib olunmuş, fərdi yaşayış evinin göstəriciləri ilə yanaşı, həmçinin torpaq sahəsinin ölçüsünün 750 kv.m olduğu göstərilmişdir. Texniki pasportdan o da müəyyən edilir ki, qeyd olunan torpaq sahəsində 1 mərtəbəli, ümumi sahəsi 55 kv.m, yaşayış sahəsi 41,2 kv.m olan yaşayış evi mövcuddur.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan fərdi yaşayış evi X2 mülkiyyətindədir.

7. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixində vəfat etmiş X2 vərəsəsi oğlu – İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - X4 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 №-li Zeytun sovxozu ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan 124 saylı fərdi yaşayış evindən ibarətdir.

8. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi arxiv texniki pasporta əsasən və faktiki olaraq 750.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində “A”, “B” və “C” literli yaşayış evləri mövcuddur. Arxiv texniki pasportda və təqdim edilmiş layihənin baş planında torpaq sahəsinin ölçüləri (30.0 m x25.0m)=750.0 kv.m olmaqla düzbücaqlı formasında göstərilmişdir. Lakin göstərilən torpaq sahəsinin sahəsi (750.0 kv.m) eynilik təşklil etsə də, faktiki olaraq perimetrik ölçüləri və konfiqurasiyası tam fərqlidir (düzgün olmayan 9 bucaqlı formasındadır). Göstərilən torpaq sahəsində inşa olunmuş və təqdim olunan layihədə fərdi yaşayış evi kimi göstərilən “B” (h=2.3m) və “C” (h=2.2m) literli tikililərin daxili hündürlüyünün yaşayış tikililəri normalarına uyğun olmadığı müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

a) Birinci instansiya məhkəməsində icraat.

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 nömrəli Zeytun sovxozu ev-124 və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 5 ünvanında yerləşən 750 kv.metr torpaq üzərində hüquqların mərhum X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddiaçı bildirir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində olmaqla onun şəxsi mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydə alınması ilə bağlı müracət etməsinə baxmayaraq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman ərazidə inşa olunmuş və təqdim olunan layihədə fərdi yaşayış evi kimi göstərilən “B” tikilisinin daxili hündürlüyünün yaşayış tikililəri normalarına uyğun olmadığı müəyyən edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “X5 Limited” şirkəti hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Üçüncü şəxs “X5 Limited” Şirkəti tərəfindən təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, təqdim edilmiş koordinatlardakı torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin AR Torpaq Məcəlləsinin 11-ci, 22-ci, 48-ci, “Torpaq islahatı haqqında” Qanunun 6-cı, AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, eləcə də istehsalın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 5 ünvanında yerləşən 750 kv.metr torpaq üzərində hüquqların mərhum X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.

16. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Sonradan Qanun statusunu almış Sazişə əsasən, müvafiq neft-qaz əməliyyatlarının aparılması üçün “X5 Limited” şirkətinin istifadəsinə verilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticəetibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

18. İddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi qəbul edilmiş qərardan apellyasiya şikayəti vermədiyini bildirmişdir. 3-cü şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək əlavə sübutların təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə kollegiyası hazırki, iddia tələbinə uzun müddət ərzində məhkəmədə baxılmasını nəzərə alaraq məhkəmə iclasının davam etdirilməsini məqəsədəmüvafiq hesab etmişdir.

19. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iddia tələbinə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

27. Belə ki, iddiaçı texniki pasport əsasında mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsi olan 750 kv.m torpaq sahəsi üzərində hüquqların mərhum X4 məxsus olması barədə arayışın verilməsini tələb edir.

28. Cavabdeh orqan isə bildirir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

29. İş materiallarından görünür ki, iddiaçı ünvan 6 fərdi yaşayış evinin yerləşdiyi 750 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə hüquqmüəyyənedici sənəd qismində fərdi yaşayış evinin üzərində mərhum atasının hüququnun qeydiyyata alınmasına dair qeydiyyat vəsiqəsini, çıxarışı, həmçinin həmin evin onun mülkiyyətinə keçirilməsi barədə dövlət reyestrindən çıxarışı, ən əsası sözügedən yaşayış sahəsinə dair texniki inventarlaşdırma bürosu tərəfindən mərhum atasının adına 1994-cü ildə tərtib edilmiş və həyatyanı torpaq sahəsinin ölçüsü, sxemi göstərilmiş texniki pasportu təqdim etmişdir.

30. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir.

31. Kollegiya qeyd edir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mərhum atasının mülkiyyət hüquqları qeydə alınmış, daha sonra bu hüquqlar iddiaçıya keçmişdir. Belə olan halda həmin evə dair təqdim edilmiş texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmana uyğun olaraq torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir.

32. Apellyasiya şikayətinin dəlllərinə münasibətdə kollegiya qeyd edir ki, torpaq sahəsinin konfiqurasiyası baxımından, yəni texniki pasportda torpaq sahəsinin dördbucaqlı, faktiki vəziyyətdə isə doqquzbucaqlı formada göstərilməsini imtina üçün əsas kimi qəbul etmir. Belə ki, texniki pasportda da, faktiki ölçmələrdə də torpaq sahəsinin ümumi sahəsi 750 kv.m təşkil edir. Torpaq sahəsinin yalnız konfiqurasiya baxımından fərqli olması, həmin sahənin ölçüsünə hər hansı əlavə artım yaratmır, eləcə də bu fərqlilik başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq etmir. Torpaq sahəsinin yerləşmə cizgisində uyğunsuzluq varsa, belə bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir.

33. Odur ki, iddiaçının mərhum atasının adına ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina əsası kimi nəzərdə tutula bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs “X5 Limited” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-4260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar