Məhkəmə qərarları › İş №2-1(103)-3629/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3629/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3629/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6216/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsi başlandıqdan sonra torpaqları erməni işğalçılarından qorumaq üçün könüllü olaraq Binəqədi rayon Hərbi Komissarlığına müraciət etmiş, müraciəti qeydə alındıqdan sonra 1993-cü ilin mart aprel aylarında Milli Ordu sıralarına göndərilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli, 119 saylı əmri ilə hərbi xidmətə qəbul edilmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış, yaralanmağı ilə əlaqədar hərbi hissə komandirinin göstərişi ilə 1994-cü ilin yanvar ayında müalicəyə buraxılmışdır. Səhlənkarlığı ucbatından veteran vəsiqəsi almamışdır. Cavabdehə müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Müdafiə Nazirliyi tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli cavabda 4/3-117 saylı statusunun verilməsindən imtina edilmişdir. Hərbi hissəni özbaşına tərk etməmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, onun məhkumluğu olmamışdır Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar edilərək bütün növ təminatlardan silinmişdir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6216/2023 saylı, 05 iyul 2023-cü il tarixli tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun Ordu Sıralarından tərxis olunmağı ilə bağlı əmrin olmamasına istinad etmişdir. Lakin o ordu sıralarını özbaşına tərk etməmişdir, əgər tərk etmiş olsaydı barəsində cinayət işi açılar, cinayət məsuliyyətinə cəlb edilərdi. Lakin onun məhkumluğu olmamış, bu barədə DİN tərəfindən ona xx.xx.2022-ci il tarixli arayış da təqdim edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanaraq iddiaçının ağır xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi və əlavə sənədlər təqdim edəcəyi ilə bağlı məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Həmçinin, Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2023-ci il tarixli, 413-117 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019- cu il tarixli, 9/2-17360 nömrəli arxiv arayışından görünür ki, Biləcəri Toplanış məntəqəsindən gəlmiş X8 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli, 119 №-li əmrilə (əsas: səh.36, §2, sıra 6, qeyd:əmrdə soyadı Bahişov, adı Şirmamed yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etmiş X1 Nazirliyinin Baş Qərargahının xx.xx.1994-cü il tarixli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin (əsas: səh.34, §4, sıra 181, qeyd: əmrdə soyadı Bağırov yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Bakı şəhəri Binəqədi RHK-ya göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 406.427113.3222 nömrəli arayışının surətindən görünür ki, xx xxxxxxx 1962-ci tarixdə Azərbaycan Respublikası Masallı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-N91/2023 nömrəli məktubuna əlavə edilmiş Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 119 №-li əmrində (əsas: səh.36, §2, sıra 6, qeyd:əmrdə soyadı “Bahişov”, adı “Şirmamed” yazılmışdır) Bakı şəhəri Biləcəri toplanış məntəqəsindən göndərilmiş çağırışçı, X3 xx.xx.1993-cü il tarixdən şəxsi heyətin sıyahısına salınaraq bütün müavinətlərlə təmin olunması və 2-ci taborda əsgəri xidməti vəzifəsinin icrasına başlanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrində (əsas: səh.34, §4, sıra 181, qeyd: əmrdə soyadı “Bağırov” yazılmışdır) Binəqədi RHK-nın çağırışçısı, X2 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli, 02 №-li Direktivinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədlərinin Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə müvafiq uçotlarında məlumat yoxdur. İş üzrə apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında aşağıdakı əmrlərdən arxiv çıxarışları təqdim edilmişdir: - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 119 №-li əmrinin arxiv çıxarışından görünür ki, Bakı şəhəri Biləcəri toplanış məntəqəsindən N №-li hərbi hissəyə göndərilmiş çağırışçılar içərisində 2-ci tabur üzrə 181-ci sırada X7 olmuşdur. Qeyd hissədə qeyd edilmişdir ki, Əmr olduğu kimi köçürülmüşdür. Əmrdə soyadı “Bahişov” yazılmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrinin arxiv çıxarışda qeyd edilmişdir ki, Azərbaycan respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 02 №-li 03 fevral 1994-cü il tarixli Direktivi əsasında aşağıda adları göstərilən hərbiçilər özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb sənədləri Azərbaycan respublikası Hərbi Komissarlığına göndərilsin. 2-ci taburdan 181. X6- Binəqədi RHK. Əsas: MN-nin Baş Qər.Rəisinin 02 №-li xx.xx.1994-cü il tarixli Direktivi. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmrdə soyadı “Bağırov” yazılmışdır. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının N saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi bilet, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə qanuni əsaslarla tərxis olunması barədə hərbi hissənin nizami hissə üzrə əmrlərin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6216/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar