Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-363/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 26.05.2017-ci il tarixdə İddiaçı ikinci dərəcəli əlillik verilmişdir. Əlillik verilərkən diaqnoz belə olmuşdur: Ağırlaşma İ25.1 ürəyin aterosklerotik xəstəliyi, aterosklerotik kardioskeleros. Sol mədəciyin xroniki anevriması. Hidrotoraks. Hidroperikard. əsas diaqnoz İ20.1 sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, F.S.İİİ, teztez tutmalarla. Ağırlaşma İ50 ürək çatışmazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər İ11.0 (durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertonoya) xəstəlik (-yi), hipertoniya xəstəliyi, ən yüksək risk. Əlillik təyin edilərkən müddət 05 il müəyyən edilmiş və növbəti müayinə tarixi 26.05.2022-ci il müəyyən edilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin müddətdən öncə şəxsin əlilliyinin dərəcəsinin qiymətləndirilməsi üçün təkrar müayinəyə dəvət edilməsi qanunsuz və əsassızdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30 dekabr 2019-cu il tarixli, **********1 saylı məktubu ilə İddiaçı təkrar müayinəyə dəvət edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi reabilitasiya proqramının tərtibi məqsədi ilə təkrar müayinəyə dəvət edilir. Müraciətdə göstərilən vaxt İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə getmiş, lakin nə onu müayinə etməmişlər, nə də gəlməyini qeydə almamışlar. Bundan sonra İddiaçı əlilliyi qanunsuz olaraq ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiyası dedikdə əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası nəzərdə tutulur. Yəni reabilitasiya tədbiri şəxsin hüququdur və bu məqsədlə dəvət edilmiş şəxsin müayinəsi yalnız ona xidmət məqsədi daşıya bilər, lakin həmin müayinə onun əlilliyinin vaxtından əvvəl ləğvi üçün əsas ola bilməz. Qanunda şəxsin hüququ kimi nəzərdə tutulmuş müddəaların onun ziyanına tətbiq edilməsi və nəticədə əlilliyin ləğv edilməsi qanunsuz və əsassızdır. Qeyd edilən səbəblərdən də İddiaçı bu məqsədlə dəvət edilməsi, dəvətə gəldiyi halda müayinə edilmədən əlilliyinin ləğv edilməsi, əlliliyi ləğv edildikdən sonra isə bu barədə ona rəsmi qaydada heç bir məlumatın verilməməsi qanunsuzdur. Bu səbəbdən də İddiaçı əlilliyinin nə vaxt və hansı əsasla ləğv edilməsi barədə ona rəsmi məlumat verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin müraciətə uzun müddət cavab verilməmişdir. Yalnız nümayəndəsinin vasitəsi ilə uzun müddətdən sonra müraciətinə cavab məktubunu ala bilmişdir. Qeyd edilən məktubda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında 26.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 05 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin edilmiş əlillik təyinatı “Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Hesab edilmişdir ki, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi 05 ildən öncə əlilliyin təkrar qiymətləndirilməsi yolverilməzdir. Digər tərəfdən İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, yəni yalnız onun hüquqları nəzərdə tutulduğu qanuna istinad edilməklə əvvəlcə müayinəyə dəvət edilmış, müayinəyə getdiyi halda müayinə edilməmiş və əlilliyi ləğv edilmişdir. Yəni əlil kimi hüquqları nəzərdə tutulduğu qanun onun əleyhinə istifadə edilmişdir. Halbuki, həmin qanunun preambulasından görünür ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütünformalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Qeyd edilən qanunsuz proseslərdən sonra əlilliyin ləğvinin səbəbi barədə iddiaçının sorğusuna isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərmişdir ki, tibbi göndəriş etibarsız hesab edilmişdir. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya ünvanladığı iki məktub da bir-biri ilə ziddiyyət təşkil edir. Əslində isə İddiaçı əlilliyinin ləğv edilməsi pensiya alması səbəbindən onun hər hansı üsulla dayandırılması məqsədi ilə edilmişdir. Belə ki, hazırda qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(82)-3028/2019 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xətai rayon Şöbəsinə qarşı iddiası təmin edilmiş, pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Bundan sonra cavabdeh orqan qeyd edilən silsilə qanunsuzluqlara başlamışdır. Odur ki, iddiaçı iddia tələbini təmin olunmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı tələbi əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilmişdir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin İddiaçı aid 4110003AABF4 saylı, 26.05.2017-ci il tarixli göndərişi şəxsin iştirakı olmadan 26.05.2017-ci il tarixdə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilibdir. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş siyahıda 188-ci sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bildirilmişdir ki, iddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etsə də faktiki olaraq inzibati orqanın aktını mübahisələndirmişdir. İddiaçının mübahisələndirdiyi qərar 2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 2021-ci ildə müraciət etmiş, beləliklə də iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Göründüyü kimi iddiaçı tərəfindən müddətlə bağlı mümkünlük şərtlərinə əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı AR Vergilər Nazirliyində məsul vəzifədə işləmiş, 26.05.2017-ci il tarixdə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 5 (beş) illik müddətə ikinci qrup əlillik dərəcəsi təyin edilərək işdən çıxmışdır. Həmçinin, AR Vergilər Nazirliyinin tibb müəssisəsi olmadığından, Vergilər Nazirliyi ilə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi arasında müqavilə olmuşdur. İddiaçının adına Daxili İşlər Nazirliyinin Tibb İdarəsində № 833 saylı tibbi kitabça açılmışdır. Belə ki, hər bir vergi işçisi ldə iki dəfə Daxili İşlər Nazirliyinin Tibb müəssisəsində pulsuz dispanser qeydiyyatdan keçirilmiş və Vergilər Nazirliyinin əməkdaşları pulsuz müalicə və müayinə almışdır. Bu səbəbdən də iddiaçıya aid 4110003AABF4 saylı, 26.05.2017-ci il tarixli göndəriş (Forma 88) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2 İşlər Nazirliyinin Tibb müəssisəsindən göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş əsasında 26 may 2017-ci il tarixdə cavabdeh tərəfindən ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin, daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş göndəriş əsassız hesab edildiyindən əlillik altsistmində etibarsız hesab olunmuşdur. İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-i yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəməiyyət kəsb edən hallarını araşdırmadan iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; -4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir . - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Apellyasiya araşdırmaları ilə müəyyən edilmişdir ki, işə baxan məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən yuxarıda göstərilmiş maddi hüquq normaları müddəalarına yəni, müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya 26 may 2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun 4-cü fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış və nəticə etibarı ilə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutları araşdırmadan yekun qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı və onun vəkili birinci instansiya məhkəməsində vəsatətlər verərək AR Vergilər Nazirliyinin əməkdaşı kimi Daxili İşlər Nazirliyinin Tibb Müəssisəsində müalicə və müayinə aldığını bildirərək, işin tam və hərtərəfli araşdırılması məqsədi ilə Vergilər Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Həmçinin, AR Vergilər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi arasında əməkdaşlığa dair müvafiq sənədlərin surətlərinin götürülməsi üçün müvafiq sorğunun da verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR Vergilər Nazirliyinin 19 mart 2007-ci il tarixli 61 nömrəli əmrindən görünür ki, Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının 2004-cü ildən başlayaraq Daxili İşlər Nazirliyinin Hospitalında ildə iki dəfə tibbi müayinədən keçirilməsinin təmin edilməsi tapşırılmışdır. İddiaçı qeyd edilən əmrə istinadən bir çox vergi əməkdaşları kimi vaxtilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikasında tibbi qeydiyyatda durduğunu, müvafiq müayinə və müalicələrə cəlb edildiyini, adına tibbi kartanın açıldığını bildirmiş və bu əsasla onun əlilliyinin etibarsız hesab olunması üçün əsasların olmadığını iddia etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin bu halları araşdırılmamışdır. AR İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsində işə yenidən baxılarkən iddiaçıda əlilliyin təyini üçün əsas olan xəstəliyin mövcud olubolmamasının müəyyən edilməsi üçün müvafiq ixtisas üzrə bilik tələb olundugundan ekspertizanın (məhkəmə tibbi ekspertizası) təyin edilib-edilməməsi məsələsi də araşdırılmalıdır. AR İPM 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. AR İPM 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərarı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-363/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-363/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver