Məhkəmə qərarları › İş №2-1(103)-363/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-363/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-363/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7136/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 47 saylı, 1 otaqlı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o xx.xx.1940-cı ildə keçmiş Ermənistan SSR-nin Krasnoselo rayonunda anadan olmuş, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı milli düşmənçilik zəminində etnik təmizləmə həyata keçirilərkən ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmişdir. Bakıda müvəqqəti məskunlaşdıqdan sonra özünə və ailə üzvlərinə mənzil axtararkən ölkədən getmək istəyən və bu səbəbdən mənzilini satan ermənilərdən biri ilə tanış olmuşdur. Onun adı Xaçumyan Tamara idi. Həmin şəxs ünvan 2 ünvanda yerləşən 47 saylı mənzilini satırdı. Mənzil 1 otaqdan ibarət idi və yaşayış sahəsi 16,7 kv.m təşkil edirdi. O, həmin şəxslə razılaşaraq mənzili almışdır. Mənzilin giriş qapısının açarları ilə birlikdə mənzilə dair orderin əsli də ona verilmişdir. Mənzili aldıqdan sonra o ailə üzvləri ilə birlikdə köçüb həmin mənzildə yaşayır. Artıq 35-ci ildir ki, o, fasiləsiz və etirazsız olaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və ev təsərrüfatını idarə edir. Mənzilin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mənzilin cari və əsaslı təmirini də bu illər ərzində o həyata keçirmişdir. Mənzildən yalnız təyinatı üzrə, yəni yaşayış sahəsi kimi istifadə etmiş və heç vaxt yaşayış sahəsi üçün müəyyən edilən tələbləri pozmamışdır. Həmin mənzilin onun faktiki istifadəsində olması, orada ailə üzvləri ilə yaşamağı həmin ərazi üzrə müvafiq mənzil-istismar sahəsi tərəfindən verilən arayışla da təsdiqini tapır. Bütün bunlara baxmayaraq, o, həmin evdə bu günə qədər qeydiyyatsız yaşayır. Həmin mənzilə daimi qeydiyyata düşmək üçün cavabdeh təşkilata etdiyi müraciət nəticəsiz qalmışdır. Belə ki, cavabdeh təşkilat tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verilmiş və bildirilmişdir ki, müvafiq məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(112)- 7136/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi (bundan sonra – Cavabdeh) ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7136/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7136/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Qüvvədə olan qanunvericilik normalarına əsasən qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən edilmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən sənədlərdən hər hansı biri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (eyni zamanda məhkəməyə) təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlili olan həmin mənzilə dair Tamara Xaçumyanın adına verilmiş xx.xx.1975-ci il tarixli orderin əslinin iddiaçıda olması və həmin mənzildə fasiləsiz yaşaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7136/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7136/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar