Məhkəmə qərarları › İş №2-1(103)-363/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-363/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-363/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bəyənnamənin təsdiq edilməsi və kompensasiya”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X10 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin təsdiq edilməsi və kompensasiya” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) adından ixrac olunan xx.xx.2024cü il tarixli, 048 nömrəli invoysa əsasən dəyəri 19000 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Dövlət Gömrük Komitəsi X8 İdarəsinin GM**********19 nömrəli ekspert rəyində **********2725 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış ekspertizanın nəticəsi kimi qeyd edilmişdir ki, İddiaçı ünvanından xx.xx.2024-cü il tarixl, 048 nömrəli invoys üzrə ixrac olunan qiymətli metalların çıxarılması üçün istifadə olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar), ixrac nəzarətinin və “Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 565-İİQ saylı Qanununun, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 564-İİQ saylı, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısının təsdiq edilməsi haqqında” Qanununun təsir dairələrinə aid edilmir. Məlumat üçün qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nın A1180 və B1110 bəndlərinə əsasən NK-nın xx.xx.2008-ci il tarixli, 167 saylı “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarın təsir dairəsinə aiddir.

2. İddiaçı tərəfindən 048 saylı, xx.xx.2024-cü il tarixli invoys əsasında ixrac olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar) təhlükəli tullantılara (tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar) aidiyyətinin müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə mütəxəssis rəyinin alınması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun mütəxəssislərinə həvalə edilmişdir.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təhlükəli tullantıların idxalı, ixracı və tranzit daşınması “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası” (Azərbaycan Respublikası 16 fevral 2001-ci il tarixli 80-İİQ nömrəli Qanunla Konvensiyaya qoşulmuşdur) təhlükəli və digər tullantıların idxalı, ixracı və tranzit daşınması fəaliyyətlərini tənzimləyir və üzv ölkələrin tullantıların ekoloji cəhətdən yaralı sayılan idarəetmə sisteminin təmin edilməsi üzrə məsuliyyəti nəzərdə tutur. Bazel Konvensiyasının 8-ci əlavəsinin təsnifat sisteminə əsasən elektron tullantılar (elektron platalar) tərkibində akkumulyatorlar və digər batareyalar, civəli açarlar, katodlu şüşə borular, polixlorludifenil (PXD) kondensatorlar, qurğuşun və digər elementlər və çirkləndirici maddələr olduğu halda “A” siyahısında (“A” siyahısı Konvensiyanın 1 -ci maddəsinə əsasən təhlükəli xüsusiyyətə malik tullantıların siyahısıdır) 1180 koduna, tərkibində qeyd olunan elementlər olmadığı halda isə təsnifat sisteminin “B” siyahısında (“B” siyahısı tərkibində onları təhlükəli edən maddələr olmayan, Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və İİİ əlavəsinin əhatə dairəsinə düşməyən təhlükəsiz tullantılara şamil edilir) 1110 koduna uyğundur. Qeyd olunanlarla yanaşı, istifadə edilmiş elektron plataların üzərindəki batareyalar, PXD kondensatorlar və çirkləndirici elementlər olduğu halda həmin platalar “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən toksiki və korroziv təsirlərə malik (Bazel Konvensiyasının 3-cü əlavəsinə əsasən kod nömrəsi H6.1 və H8), çirkləndirici elementlərdən təmizlənmiş platalar isə laborator analizlərin nəticələri əsasında heç bir təhlükəli maddə aşkar edilmədiyi halda ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən təhlükəsiz, yaxud ətraf mühit üçün potensial təsirə malik ekotoksiki (Bazel Konvensiyasının 3-cü əlavəsinə əsasən kod nömrəsi H12) tullantılar hesab edilə bilər.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, analiz üçün təqdim olunmuş elektrotexnika və elektron məmulatların tullantısı (platalar) üzərindəki bütün hissələr analiz olunmuşdur (22 ədəd). Bu hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixli **********7338 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən vurulmuş ziyana görə 100.000 (bir yüz min) manat mənəvi və ixracına maneə törədilmiş malın invoys dəyəri olan 26.240 manat (iyirmi altı min iki yüz qırx) maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən vurulmuş ziyana görə 200.000 (iki yüz min) manat mənəvi və ixracına maneə törədilmiş malın invoys dəyəri olan 19.000 ABŞ dolları (32300 (otuz iki min üç yüz) manat) maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təhlükəsiz tullantıların məhv edilməsi üçün zibilxanaların istifadə edilməsi, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə məşğul olur. Bundan irəli gələrək İddiaçı ilə X7 East DMMC şirkəti arasında elektronik tullantıların alqısatqısına dair 10 iyul 2023-cü il tarixli müqavilə bağlanmış və alıcıya çatdırılması üçün yük tırına yüklənərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə gömrük bəyənnaməsi üzrə bəyan edilərək malların ixrac gömrük proseduru həyata keçirilmişdir. Cavabdeh tərəfindən malların təhlükəli tullantıların siyahısına aid edilib-edilməməsinin müəyyən olunması üçün X6 İdarəsinə müraciət edilmişdir. Həmin ekspertiza İdarəsinin GM**********65 nömrəli, xx.xx.2023-cü il tarixli Ekspert Rəyinin nəticə hissəsinə əsasən ekspertizanın aparılması və araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ünvanından 045 saylı, xx.xx.2023-cü il tarixli invoys üzrə ixrac olunan yük elektron və elektrik avadanlıqlarının istifadəyə yararsız tullantıları (platalar) olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir və ixrac nəzarətinin, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının təsir dairəsinə aid deyil, lakin Birləşmiş Millətlər Təşkilatının tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasının A 1180 və B 1110 bəndlərinə əsasən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 167 saylı təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydasının təsdiq edilməsi haqqında Qərarın təsir dairəsinə aiddir. İddiaçı tərəfindən ixrac edilən elektron və elektrik avadanlıqlarının istifadəyə yararsız tullantıları (platalar) təhlükəli tullantılar hesab edilmədiyindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin həmin malların ixrac gömrük prosedurunu həyata keçirməməsi qanunsuzdur.

9. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, **********2725 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malların ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmiş və iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, analiz üçün təqdim olunmuş elektrotexnika və elektron məmulatların tullantısı (platalar) üzərindəki bütün hissələr analiz olunmuşdur (22 ədəd). Bu hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilməmişdir.

12. Göründüyü kimi, cavabdehin mübahisə predmeti malların təhlükəli tullara aid edilməsi mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur.

13. Həmçinin, iddiaçı tərəf iddia etdiyi ziyanın dəyməsi faktını və onun məbləğini təsdiq edən, biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər öz təsdiqini tapmamış, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın bu hissədə əsaslı olması qənaətinə gəlmək mümkün deyildir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin təmin edildiyi hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, təhlükəli tullantılar tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılardır. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisə predmeti malların təhlükəli tullara aid edilməsi mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, mütəxəssis rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmənin mütəxəssis rəyinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğu barədə qənaəti düzgün deyildir. Belə ki, Geologiya və Geofizika İnstitundan məhkəməyə daxil olmuş məktubda institutun fəaliyyət istiqamətlərinə geokimyəvi və mineraloji analizlər aparılması daxil olduğu bildirilmişdir. Təhlükəli tullantıların - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar olduğu Qanunla təsbit olunduğu halda qeyd edilən rəydə hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilmədiyi göstərilmiş, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr hissəsinə toxunulmamışdır. Halbuki, rəydə arsen, kadmium, stibium, kükürd, tellur və s. bu kimi komponentlərin adları qeyd olunmuşdur ki, bunların da korroziya təsirinə malik, toksiki və ekotoksiki maddələr olduğu sübuta ehtiyacı olmayan faktdır. Ümumiyyətlə, tullantıların təhlükəli tullantılara aid edilib edilməməsinə rəy verilməsi Geologiya və Geofizika İnstitutunun səlahiyyətlərinə aid deyildir. Qeyd edilən İnstitut bu rəyi verməklə səlahiyyət həddini aşmışdır. Gömrük Məcəlləsinin 322.1.4-cü ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5-ci malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6-cı ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7-ci radiasiya təhlükəsi olan malların müəyyən edilməsi Qanunverici tərəfindən gömrük ekspertizasının aparılmasının məqsədi olaraq müəyyən edilmiş və bu səlahiyyət gömrük orqanına verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Gömrük Məcəlləsi:

104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X9 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır.

20. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: ... təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar; ... Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması ... Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir. Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”:

1.1 Bu Qayda təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalını, ixracını və tranzit daşınmasını tənzimləyir. 1.3. Təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir. 2.1. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən, yəni iddia tələbinin təmin olunduğu hissədə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

32. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılardır. Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalara əsasən, təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.

34. BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (Azərbaycan Respublikası 16 fevral 2001-ci il tarixli 80-İİQ nömrəli Qanunla Konvensiyaya qoşulmuşdur) təhlükəli və digər tullantıların idxalı, ixracı və tranzit daşınması fəaliyyətlərini tənzimləyir və üzv ölkələrin tullantıların ekoloji cəhətdən yaralı sayılan idarəetmə sisteminin təmin edilməsi üzrə məsuliyyəti nəzərdə tutur. Bazel Konvensiyasının 8-ci əlavəsinin təsnifat sisteminə əsasən elektron tullantılar (elektron platalar) tərkibində akkumulyatorlar və digər batareyalar, civəli açarlar, katodlu şüşə borular, polixlorludifenil (PXD) kondensatorlar, qurğuşun və digər elementlər və çirkləndirici maddələr olduğu halda “A” siyahısında (“A” siyahısı Konvensiyanın 1-ci maddəsinə əsasən təhlükəli xüsusiyyətə malik tullantıların siyahısıdır) 1180 koduna, tərkibində qeyd olunan elementlər olmadığı halda isə təsnifat sisteminin “B” siyahısında (“B” siyahısı tərkibində onları təhlükəli edən maddələr olmayan, Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və İİİ əlavəsinin əhatə dairəsinə düşməyən təhlükəsiz tullantılara şamil edilir) 1110 koduna uyğundur.

35. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin adından ixrac olunan xx.xx.2024-cü il tarixli, 048 nömrəli invoysa əsasən dəyəri 19000 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********2725 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Bakı Baş Gömrük İdarəsinə bəyan edilən malların BMTnin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasının A1180 və B1110 bəndlərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsir dairəsinə aid olması əsas göstərilərək, ixrac gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina olunmuşdur.

36. Hazırkı iş üzrə bəyan edilən malların adıçəkilən Qaydaların təsir dairəsinə aid olmasının müəyyən edilməsi üçün onların təhlükəli tullantılar olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır.

37. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə bəyan edilən malların adıçəkilən Qaydaların təsir dairəsinə aid olmasının müəyyən edilməsi məqsədilə ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

38. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/1654/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir.

39. İmtina məktubunda qeyd edilmişdir ki, ekspertiza qarşısında qoyulmuş sualın cavablandırılması hüquqi xarakter daşıdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

40. Həmçinin, Bakı İnzibati Məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 3-16-16/2-318/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertizanın keçirilməsindən imtina etmişdir. İmtinada qeyd edilmişdir ki, elektrotexniki və elektron məmulatların (plataların) təhlükəli tullantılara aid olubolmamasının müəyyən edilməsi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizalar aparılmır.

41. İddiaçı tərəfindən 048 saylı, xx.xx.2024-cü il tarixli invoys əsasında ixrac olunan elektrotexniki və elektron məmulatların tullantıları (platalar) təhlükəli tullantılara (tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar) aidiyyətinin müəyyən edilməsi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə mütəxəssis rəyinin alınması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun mütəxəssislərinə həvalə edilmişdir. Tədqiqat üçün nümunələr cavabdehin nümayəndərlərinin iştirakı ilə götürülmüş və mütəxəssis rəyinin verilməsi üçün təqdim edilmişdir.

42. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitunun xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, analiz üçün təqdim olunmuş elektrotexnika və elektron məmulatların tullantısı (platalar) üzərindəki bütün hissələr analiz olunmuşdur (22 ədəd). Bu hissələrin heç birində partlayıcı, yanma qabiliyyətinə malik olan, əhali sağlamlığı və ətraf mühit üçün təhlükə daşıyan komponentlər aşkar edilməmişdir.

43. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, tullantıların təhlükəli tullantılara aid edilib-edilməməsinə rəy verilməsi Geologiya və Geofizika İnstitutunun səlahiyyətlərinə aid deyildir. Qeyd edilən İnstitut bu rəyi verməklə səlahiyyət həddini aşmışdır.

44. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və X1 cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində Geologiya və Geofizika İnstitutu və AMEA-nın institutlarının elmi-tədqiqat işləri üçün lazım olan tam kimyəvi və mineraloji analizlərin yerinə yetirilməsi ilə yanaşı, digər təşkilatların ödənişli sifarişləri də aparılır.

45. Həmçinin, iddiaçı eyni malları əvvəlki müxtəlif vaxtlarda eyni qaydada bəyan edərək (**********6555 nömrəli, xx.xx.2022-ci il tarixli; **********5358 nömrəli, xx.xx.2022-ci il tarixli; **********9491 nömrəli, xx.xx.2021-ci il tarixli; **********8475 nömrəli, xx.xx.2020-ci il tarixli; **********3010 nömrəli, xx.xx.2020-ci il tarixli; **********2293 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri) ixrac etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən hər hansı rəyin verilməsi tələb edilməmişdir. Yuxarıda qeyd edilən bəyannamələr üzrə rəyin tələb edilməsi, eyni zamanda bəyan edilən malların təhlükəli tullantılara aid olmasına ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

46. Göründüyü kimi, cavabdeh inzibati orqan öz səlahiyyətlərini eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul etməklə icra etmişdir ki, göstərilənlər isə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir.

47. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, İddiaçı tərəfindən ixrac edilən elektron və elektrik avadanlıqlarının istifadəyə yararsız tullantıları (platalar) təhlükəli tullantılar hesab edilmədiyindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin həmin malların ixrac gömrük prosedurunu həyata keçirməməsi qanunsuzdur.

48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar