Məhkəmə qərarları › İş №2-1(103)-3630/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3630/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3630/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməmiş hissəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək əsassız olaraq dayandırılmış ödənilməyən pensiyanın hesablanaraq ödənilməsində yol verilən nöqsanların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək ödənilməyən pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı DİO-da xx.xx.1992-ci ildən xx.xx.2011-ci ilədək xidmətini davam etdirmişdir. DİO-da xidmətdən ailə vəziyyətində baş vermiş ağır itki ilə əlaqədar olaraq, oğlu vəfat etdiyinə və ailəsi ilə birlikdə ağır stress yaşadığına görə öz ərizəsi əsasında xaric olunmuşdur. Həmin dövrdə iddiaçı pensiya hüququ əldə etmişdir. Xidmət illərinə və tutduğu vəzifəyə uyğun olaraq ona müvafiq pensiya təyin edilmişdir. Ailəsində vəziyyət stabilləşəndən sonra iddiaçının xahişinə əsasən, təkrarən DİO-da xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək xidmətini davam etdirmişdir. Beləliklə, tərxis olunduğu günədək iddiaçının xidmət illəri təqvim üzrə 28 il, 6 ay, 18 gün, imtiyazlı xidmət müddəti isə 34 il, 2 ay, 25 gün təşkil etdiyindən güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. İddiaçının pensiyası hesablanarkən qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur: Həmin dövrdə qüvvədə olan qanuvericiliyin tələblərinə görə iddiaçının pensiyası hesablanarkən xidmət illərinə görə faiz dərəcəsi 92 olmalı idi. Lakin, iddiaçıya aydın olmayan səbəblərdən onun pensiyası cəmi 74 faiz hesablanmışdır. Pensiya hesablanarkən həmçinin iddiaçının pensiyasına Daşkəsən rayonuna şamil olunan dağ yüksəkliyinə görə 20 faizlik əlavə də hesablanmamışdır. O da qeyd olunmalıdır ki, Daşkəsən rayonu ərazisindəki hər bir xidmət günü pensiya hesabatında gün yarım kimi hesablanmışdır. Hal-hazırda iddiaçının pensiyası 897 manatdır. Hesab olunur ki, iddiaçının pensiyası yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılaraq hesablanması ədalətli və qanuna uyğun olar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçının pensiyasının düzgün hesablanmaması müvafiq normativ hüquqi aktların kobud surətdə pozulması ilə əlaqədar yol verilən vəzifəli şəxslərin qanunsuz hərəkətləridir və bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 28 noyabr 2011-ci il tarixli 594 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi "Bakı şəhəri Binəqədı RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, rütbəsi "mayor", ehtiyata buraxılma səbəbi “öz arzusuna görə", ehtiyata buraxıldığı tarix “10 noyabr 2011-ci il", xidmət müddəti 28 il 9 ay 19 gün (təqvimi xidmət illəri 21 il 5 ay 6 gün, güzəştli xidmət illəri 4 il 10 ay 13 gün, ali təhsil müddəti 2 il 6 ay), vəzifə maaşı 195,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə-81,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-29,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 499,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 16 dekabr 2011-ci il tarixdə iddiaçıya təminat xəcliyinin (499,50 manat) 74 faizi-442,15 manat məbləğində əmək pensiyası təyin edilmişdir, iddiaçının daxili işlər orqanlarında yenidən xidmətə cəlb olunması ilə əlaqədar pensiya ödənişinin dayandırılması ilə bağlı Daxili İşlər Nazirliyinin 25 aprel 2015-ci il tarixli 027-1568-1215 nömrəli məktubuna əsasən iddiaçının əmək pensiyası 30 aprel 2015-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 30 noyabr 2019-cu il tarixdə yenidən tərxis olunmağıyla əlaqədar sözügedən orqan tərəfindən idarəyə təqdim edilmiş 13 yanvar 2020ci il tarixli 2196 nömrəli yeni məlumat vərəqəsində vəzifəsi “Daşkəsən Rayon Polis Şöbəsinin İstintaq qrupu Baş müstəntiq”, rütbəsi “mayor", ehtiyata buraxılma səbəbi “öz arzusu ilə", xidmət müddəti 34 il 2 ay 25 gün (təqvimi xidmət illəri 28 il 6 ay 18 gün, güzəştli xidmət illəri 5 il 8 ay 7 gün), vəzifə maaşı 415.00 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə-56,50 manat, yüksəkliyə görə xidmət illərinə görə əlavə, vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə-124,30 manat, xüsusi işə görə vəzifə maaşının 150,00 faizi miqdarında əlavə 622,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1432,30 manat göstərilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11- 20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin "qeyd" hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, xidmətə yenidən cəlb edildiyi üçün iddiaçıya keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyasının Qanunun 37.7-ci maddəsinə uyğun olaraq hesablanmışdır. Bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun sözügedən müddəalarına uyğun olaraq iddiaçının əmək pensiyası 2020-ci ilin fevral ayında tam məbləğdə (639,90 manat) bərpa olunmaqla keçmiş üç il müddət üçün hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1327/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasının verilməmiş, yəni xx.xx.2015-ci il tarixdən 2016-cı ilin ödənilməyən dövrünə (2016-cı ilin dekabr ayınadək) kimi olan hissənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi öz qərarında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Bu mənada, indiki halda iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi. Qeyd etməyi zəruri hesab edirlər ki, Daxili İşlər Nazirliyinin 25 aprel 2015-ci il tarixli 027-1568-1215 nömrəli məktubuna əsasən iddiaçının əmək pensiyası 30 aprel 2015-ci il tarixdən dayandırılmışdır. Bildirirlər ki, iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyasının bərpa edilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Yəni hazırki mübahisə pozulmuş hüquqların bərpası kimi deyil, hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçının tələb etdiyi kimi bütün dövrlər üzrə ödənişin aparılması hüquqi əsasdan məhrumdur, çünki belə bir yanaşma qanunvericilikdəki müddət məhdudiyyətini faktiki olaraq ləğv edir. Həmçinin, hüquq yaransa belə, onun vaxtında realizə olunmaması nəticəsində hüquqi nəticə doğurmayan vəziyyət yaranır. Qanunvericilikdə hüququn bərpası müddətlə məhdudlaşdırılmışdır və bu qayda hüquqi sabitlik və sosial ədalətin təmin olunması məqsədi daşıyır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, onun AR Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunması ilə əlaqədar təyin olunmuş pensiya ödənişi xx.xx.2015-ci ildən dayandırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə daxili işlər orqanlarından ehtiyata buraxılmış və cavabdehə ərizə ilə müraciət edərək təyin edilmiş pensiyasının xx.xx.2015-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi bərpa edilmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilərək keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda iddiaçı ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı məktuba əsasən müəyyən olunur ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrin surətindən görünür ki, polis mayoru İddiaçı, Daşkəsən rayon polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi, “istefada olan polis mayoru” sayılmaqla xx.xx.2019-cu il tarixdən xidmətdən xaric edilmişdir. AR DİN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-64442A-3220 nömrəli məktubdan görünür ki, 2019-cu ildə xidmətdən xaric olunarkən daxili işlər orqanlarındakı iddiaçının bütün xidmət müddəti (xx.xx.1992-ci ildən xx.xx.2011-ci ilədək və xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək) nəzərə alınaraq barəsində məlumat vərəqəsi tərtib olunmuş və xx.xx.2020-ci il tarixdə pensiya təyini ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Hesablamalara əsasən onun təqvimi xidmət müddəti - 28 il, 06 ay, 18 gün, imtiyazlı xidmət müddəti - 34 il, 02 ay, 25 gün təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı xx.xx.2017-ci ilədək hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan və pensiya təyinatından sonra eyni vəzifədə işləməyə davam etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Qeyd hissəsinin tələbinə uyğun olaraq ona qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsinin davam etdirilməli olduğuna istinad edərək iddia tələbini qismən təmin etmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyasının bərpa edilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Yəni hazırki mübahisə pozulmuş hüquqların bərpası kimi deyil, hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi isə iş üzrə ətraflı araşdırma aparmış inzibati orqanın imtinasının qanunsuz olduğu nəticəsinə gəlmiş, İddiaçı təyin edilmiş (sonradan bərpa edilmiş) əmək pensiyasının verilməmiş, yəni xx.xx.2015-ci il tarixdən 2016-cı ilin ödənilməyən dövrünə (2016-cı ilin dekabr ayınadək) kimi olan hissənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: "Əmək pensiyaları haqqında” Qanundan: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.4. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) Bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20- ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd (xx.xx.2017-ci il tarixdə əlavə olunub): 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 37.3.5. (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur) Bu qanunun 20.1.11-ci—20.1.13- cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2017-ci ilədək hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan və pensiya təyinatından sonra eyni vəzifədə işləməyə davam etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Qeyd hissəsinin tələbinə uyğun olaraq ona qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsi davam etdirilməli idi. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırki mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi. Məhkəmə kollegiyası yaranmış mübahisə üzrə “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, “Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ili ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanmasını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibat orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1.1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqini istisna edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “...hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (xx.xx.2017- ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir.” Yuxarıda qeyd edilənləörə əsasən məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bir daha diqqətə çatdırır ki, inzibati işin faktiki hallarından da görünür ki, hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Beləliklə, cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan iddiaçının əmək pensiyasının təyinatını iddiaçının yenidən xidmətə cəlb edilmə əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyasının həmin dövrdə də ödənilməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1327/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar