Məhkəmə qərarları › İş №2-1(103)-3631/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3631/2025

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3631/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müracət edərək fərdi sahibkar olaraq barəsində qanunsuz əsaslarla tərtib edilən ##.##.2022-ci il tarixli **************** nömrəli və ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarların tamamilə ləğv edilməsi və onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi-vəkili sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh vergi orqanının ## ###### 2022-ci il tarixli, 2239022508843000 və ## #### 2023-cü il tarixli, **************** nömrəli qərarların tamamilə ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2022-ci il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Riskli vergi ödəyicilərinin siyahısından çıxarılma barədə qərarı vergi orqanının müxtəlif qrumlarında və apellyasiya şurasında mübahisələndirmiş, heç bir müsbət hüquqi nəticə əldə etməmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə ## #### 2023cü il tarixli, **************** nömrəli qərar ilə onun barəsində 17.347,43 manat vergi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının ## ######## 2023-cü il tarixli ** nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin ## #### 2023-cü il tarixli, **************** nömrəli və inzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətlərin təmin edilməməsi haqqında ## #### 2023-cü il tarixli **************** nömrəli Qərarları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən ## ####### 2023-cü il tarixli xəbərdarlıq məktubunda vergilər üzrə borcunun faizlər hesablanmaqla və əlavə olunmaqla 21780,26 manat olması müəyyən edilmişdir. İddiaçı fərdi sahibkar kimi süd məhsulları olan pendir məhsullarının istehsalı ilə məşğuldur. Heç bir əsas olmadan barəsində əsassız hesablanmış 21780,26 manat məbləğində verginin ödənilməsi onu bir sahibkar kimi çətin və ağır duruma salmaqla iflas olmaq həddinə çatdırıb. Sonrakı fəaliyyəti, yəni sahibkarlıq fəaliyyəti çox çıxılmaz və qarşısıalınmaz duruma düşüb. İddiaçı hesab edir ki, onun barəsində qəbul edilmiş qərarlar əsassız olduğundan, ləğv olunmalıdır.

4. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə ##.##.2023-cü il tarixli Əmri ilə ##.##.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır.

5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. İddiaçının apellyasiya şikayəti aşağıdakı qaydada əsaslandırılmışdır: “Cavabdeh iddiaçı olaraq mənim ##.##.2023-cü il üzrə gəlir vergisi məbləğimi Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməliidi. Hazırki iş üzrə iddiaçı olaraq mənim xərclərimi müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarxili, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) b i r b a ş a müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mənə münasibətdə mənim barəmdə vergilərin hesablanması ilə bağlı cavabdeh vergi orqanı Nazirlər Kabinetinin ** saylı Qərarının tətbiq olunmamasını onların hüququnun olmasını yazılı etirazda qeyd etmişlər və həmçinin bu qərarın tətbiqinin vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. İş üzrə təyin olunmuş ekspertiza tədqiqatı zamanı vergi ödəyicisinə vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə əlavə tərəfindən ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə əlavə olaraq hesablanmış gəlir vergisinin (2022-ci il üzrə) düzgünlüyü müəyyən olunmamış, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə aparılmış əməliyyatlara görə gəlirinə 20% şərti rentabellik səviyyəsi tətbiq edilməklə gəlir vergisinin məbləği 4.174,91 (125.247,20/6 x 20%) manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə də, iddiaçı olaraq mənim 2022-ci il üzrə gəlir vergimin düzgün müəyyən olunmadığı aşkar olunmuşdur. Cavabdeh həmçinin tərəfindən ekspert rəyinin əsaslılığını şübhə altına hər hansı sübut təqdim edilməmişdir. Düzgün olaraq məhkəmə tərəfindən həmin rəy mötəbər sübut kimi qiymətləndirilmişdir. Bundan əlavə mən iddiaçı olaraq 4.174,91 (125.247,20/6 x 20%) manat məbləğində müəyyən olunan məbləği artıq ödəmişəm. Butün yuxarıda qeyd olunanlardan məlum olur ki, cavabdeh vergi orqanı tərəfindən mənim riskli vergi ödəyicisi hesab edilməyim barədə qərarı qanunsuz və qərəzlidir. Belə ki, iddiaçı olaraq məhkəməyə təqdim etdiyimiz iddia ərizəsində, bütün məhkəmə iclaslarında o, cümlədən vergi orqanında aparılan araşdırılmalarda həmişə bildirmişəm ki, mən fərdi sahibkar olaraq pendir məhsullarının istehsalı ilə məşğul olmamışam, yalnız pendir məhsullarını istehsalçılardan onların fəaliyyət göstərdiyi yerlərdən haqq müqabilində almaqla, daşınmasını özüm təşkil etməklə, satış müəssisələrinə üstünə əlavə haqq qoymaqla satışa təqdim etmişəm. Bütün sadalananlardan məlum olur ki, riskli vergi ödəyicisi hesab edilməyim barədə vergi orqanın qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın yeni redaksiyada verilmiş (3-cü hissəsi ləğv edilmişdir) qaydası ilə düzgün hüquqi qiymət verilsə idi, mənim istehsalçı olmamağım səbəbindən riskli vergi ödəyicisi hesab edilməməliydim. Məhkəmə iclasında fərdi sahibkar (VÖEN-2002480632) işəgötürən İddiaçı ilə X1 arasında ##.##.2023-cü il tarixdə bağlanan əmək müqaviləsinə əsasən əsas iş yeri olmaqla mühasib vəzifəsində çalışan şahid X1 dindirilməsi və onun vergi orqanının fərdi sahibkar (VÖEN-2002480632) İddiaçı barəsində tərtib etdiyi qərarların qanunsuz və əsassız olmasna münasibət bildirməsi və əsassız riskli vergi ödəyicisi hesab edilməsinin əsaslandırılması məhkəmə qərarında öz əksini tapmamışdır. Bundan əlavə məhkəməyə təqdim etdiyimiz MBA Consalting MMC konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən tərtib olunan pendir çeşidləri üzrə məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyinə münasibət bildirilməmişdir. Bu rəydə pendir məhsullarının maya dəyəri vəsatışının bazar dəyəri müəyyən olunmuşdur.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Məhkəmənin mövqeyinə münasibətdə qeyd etmək istəyirik ki, vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini tətbiq etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2021-ci il tarixli 406-VIQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdimetdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrumolacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. Həmçinin kameral hesablama aparılarkən iddiaçının təqdim etdiyi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə müəyyən xərclər nəzərə alınmış və həmin xərclər gəlirdən çıxılaraq vergitutmaya cəlb edilmişdir. Nazirlər Kabinetinin ** saylı Qərarının imperativliyinə münasibətdə isə bildiririk ki, inzibati orqan tərəfindən bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidən yayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir. Bundan əlavə, əgər birinci instansiya məhkəməsi şərti rentabellik normasının imperativliyini normanın ifadə edilmə forması ilə əlaqələndirirsə, bu halda bildiririk ki, qeyd edilən maddi hüquq normasının imperativ xarakterli norma qəbul edilməsi üçün “hesablanır” deyil, “hesablanmalıdır” ifadəsinin işlədilməsi normayaratma prinsipləri baxımından daha məqsədəuyğun olardı.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

11. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Əhmədov tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərardan görünür ki, iddiaçı İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

14. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 17.347,73 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Tərəfinizdən təqdim edilmiş bəyannamənin 1200.1ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 125247,20 manat məbləğ, bəyannamənin “Aktivlər öhdəliklər və kapitallar barədə” * nömrəli Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 173477,22 manat məbləğlə müqayisədə 48230,02 manat az göstərilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## #### 2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş ##.##.2023-cü il tarixli, ##.##.2023- cü il tarixli və ##.##.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş və ##.##.2023-cü il tarixli **************** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli, ** nömrəli qərarından görünür ki, ərizəçi İddiaçı Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## #### 2023-cü il tarixli **************** nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ## #### 2023-cü il tarixli **************** saylı qərarlarından şikayəti təmin edilməmişdir.

17. “X3” MMC-nin ##.##.2023-cü il tarixli, ** nömrəli arayışından görünür ki, ##.##.1981-ci il təvəllüdlü İddiaçı ##.##.2019-cu ildən həmin tibb müəssisəsində şüa diaqnostika şöbəsində şüa diaqnostika həkimi vəzifəsində işləyir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixli məktubla təqdim olunmuş */**** №-li ekspert rəyindən görünür ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə əlavə olaraq hesablanmış gəlir vergisinin (2022-ci il üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə aparılmış əməliyyatlara görə gəlirinə 20% şərti rentabellik səviyyəsi tətbiq edilməklə gəlir vergisinin məbləği 4.174,91 (125.247,20 / 6 x 20%) manat məbləğində müəyyən olunur.

19. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən İddiaçı aid gəlir vergisinin bəyannaməsi təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Hazırkı halda iddiaçı ümumiyyətlə riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarını doğru hesab etmir və onun hüquqi marağı həmin qərarın ləğv edilməsi yolu ilə riskli vergi ödəyicisi siyahısından çıxarılmasına, başqa sözlə, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılmasına yönəldiyindən məsələyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına (AR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndləri yeni redaksiyada verilmiş, 3-cü hissəsi ləğv edilmişdir) uyğun hüquqi qiymət verilməlidir. Həmin Meyarlardan: -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

24. Cavabdeh vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə ## ###### 2022-ci il tarixli, **************** nömrəli qərarı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixdə cəmi 50,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Pendir, Dağıstan pendiri, Ordubad pendiri və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyraları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

25. Məhkəmə ilk növbədə iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərara münasibət bildirir və bununla bağlı riskli vergi ödəyicisi konsepsiyasının mahiyyətini açıqlamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

26. Yuxarıda qeyd olunan normaların təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir.

27. Məhkəmə qeyd edir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Meyarların 3.1.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə riskli əməliyyat hesab olunur. Həmin Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur.

28. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur.

29. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

30. Eyni zamanda qeyd olunmalıdır ki, bu mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında oxşar mövqeyidən çıxış edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi kimi tanınması birbaşa onun kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi əməliyyatların qanunvericiliklə müəyyən edilmiş normalara və vergi nəzarəti prinsiplərinə uyğunluq baxımından ziddiyyət təşkil etməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının apardığı əməliyyatların riskli olmasının əsasında duran hallar onun qaimə fakturalar üzrə təqdim edilmiş "Pendir, Dağıstan pendiri, Ordubad pendiri və s." malların 50,2 min manat satışı həyata keçirilsə də, elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı, eləcə də məhkəmə icraatı çərçivəsində iddiaçı tərəfindən satışda göstərilən, lakin alışında və ya idxalında yer almayan malların hüquqi mənşəyini təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal isə, Vergi Məcəlləsi və ona əsaslanan normativ aktlarla müəyyən edilmiş vergi risklərinin qiymətləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Meyarların 3.1.2-ci bəndinə uyğun olaraq, iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunmasına hüquqi zəmin yaratmışdır.

32. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir, vergi ödəyicilərinin apardığı əməliyyatların riskli olub-olmaması məsələsini yalnız müvafiq formal quruluşuna deyil, həmçinin onun faktiki məzmununa və yerinə yetirilmə şəraitinə əsaslanaraq qiymətləndirir. Bu halda, vergi ödəyiciləri arasında bağlanmış müqavilənin real məqsədi, təfsir edilən razılaşmaların hüquqi uyğunluğu və əməliyyatların düzgünlüyü məsələləri, vergi ödəyicilərinin hüquqi münasibətlərinin qanuni şərtlərlə uyğun olub-olmaması baxımından vacib təsirə malikdir.

33. İddiaçı tərəfindən irəli sürülən dəlil ondan ibarətdir ki, o, müvafiq məhsulları (pendir) müxtəlif rayonlarda fəaliyyət göstərən ailə-kəndli təsərrüfatlarından birbaşa əldə etmiş, lakin bu şəxslər tərəfindən nə elektron qaimə-faktura, nə də şəxsiyyət vəsiqəsi təqdim olunmadığından, əldə olunan mallara dair hər hansı sənəd təqdim etmək imkanı olmamışdır. İddiaçı bu əsasla, malların alış prosesinə dair təqdimedici sənədlərin olmamasının obyektiv səbəblərlə izah olunduğunu bildirir. Həmçinin iddiaçı arqument kimi göstərmişdir ki, mallar onun öz təşəbbüsü ilə, dayısına məxsus “Ford” markalı, soyutma funksiyasına malik yük avtomobili ilə rayonlardan şəxsən özü tərəfindən daşınıb.

34. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi məlumat və izahatlar arasında mövcud olan ziddiyyətlər, istinad edilən sübutların öz hüquqi əsasını tapmaması, iddiaçının riskli əməliyyatlar apardığına dair əsaslar yaradır.

35. Belə ki, iddiaçı ilkin mərhələdə (yuxarı instansiyaya verilən şikayətdə) malların onun tərəfindən rayonlardan alındığını və daşındığını bildirsə də, məhkəmə zamanı verdiyi izahda, malların birbaşa onun dayısı tərəfindən əldə edildiyini bildirmişdir. Həmin ifadələr arasında yaranmış uyğunsuzluq və ziddiyyət, iddiaçının ifadələrin bir-birini təkzib etdiyini göstərir.

36. Birinci instansiya məhkəməsi işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının dayısı kimi təqdim olunan X6 məhkəmə iclasına şahid qismində dəvət etmiş və onun izahatlarını dəyərləndirmişdir. Şahid ifadəsində qeyd etmişdir ki, onun “Ford” markalı yük nəqliyyat vasitəsi hal-hazırda uzun müddətdir (2 ildən artıqdır) təmir vəziyyətindədir və istifadəyə yararsızdır. Eyni zamanda, o, nəqliyyat vasitəsinin tutumu, texniki göstəriciləri barədə dəqiq məlumat verə bilməmiş, bu nəqliyyat vasitəsinin pendir məhsullarının daşınması məqsədilə istifadəyə verildiyini də sübuta yetirə bilməmişdir. Şahid, həmçinin 4 ildən artıqdır ki, süd məhsullarının (xüsusilə pendirin) alqı-satqısı və daşınması ilə məşğul olmadığını da açıq şəkildə ifadə etmişdir. Bununla yanaşı, iş materiallarında yer alan və iddiaçının təqdim etdiyi təchizat müqavilələrindən (xüsusilə ##.##.2022-ci il tarixli müqavilə) görünür ki, iddiaçı və alıcı tərəf arasında hüquqi münasibətlər məhz son 2 il ərzində rəsmiləşdirilmişdir. Bu isə şahidin ifadələri ilə ziddiyyət təşkil edir və onun təqdim etdiyi məlumatların məhkəmə üçün inandırıcı olmadığını göstərmişdir.

37. Bununla yanaşı, iddiaçı ilə “X4” MMC arasında bağlanmış ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli müqavilələr əsasında əməliyyatların həyata keçirildiyi iddia edilsə də, iddiaçı tərəfindən istər inzibati icraat dövründə cavabdeh vergi orqanına, istərsə də məhkəmə araşdırması dövründə məhkəməyə həmin malların fiziki daşınmasını hansı nəqliyyat vasitəsi ilə təmin etdiyini, bu nəqliyyat vasitəsinə dair texniki sənədləri, elektron qaimə-faktura, daşıma müqaviləsi və ya digər istinad edilə biləcək sübutları təqdim etməmişdir. Eyni zamanda nəqliyyat vasitəsinin yük tutumu və uyğunluq səviyyəsi barədə də hər hansı əsaslandırma olmamışdır.

38. Digər mühüm məqam ondan ibarətdir ki, iddiaçı əsas iş yeri olaraq “xxxx” publik hüquqi şəxsdə, əlavə olaraq isə “X3” MMC-də şüa diaqnostikası üzrə həkim vəzifəsində çalışır. Onun əmək fəaliyyəti ilə müntəzəm şəkildə məşğul olması, habelə tibbi sahədə işləməsi, onun iş qrafikinin intensivliyi nəzərə alınmaqla, onun mütəmadi olaraq müxtəlif bölgələrə səfərlər etməsi də bir qədər məhkəmə üçün şübhəli olmuşdur.

39. Birinci instansiya məhkəməsi, həmçinin vergi qanunvericiliyində təsbit olunmuş meyarlara əsaslanaraq qeyd edir ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanlarında qeydiyyatdan keçmiş təsərrüfat subyekti, o cümlədən anbar və ya digər müvafiq obyektə malik olmaması, vergi ödəyicisinin “riskli vergi ödəyicisi” kimi qiymətləndirilməsinə əsas yaradır. Meyarların 2.1.3-cü bəndinə əsasən, belə obyektlərin mövcud olmaması və ya mövcud olan obyektlərin sahəsinin idxal edilən və ya əldə olunan məhsulun həcminə adekvat olmaması hallarında, müvafiq istisnalar tətbiq edilmədikdə vergi ödəyicisi riskli hesab olunur. İş üzrə təqdim olunan sənədlərdən aydın olur ki, iddiaçının nə qeydiyyatda olan anbarı, nə də malların saxlanılması və dövriyyəyə buraxılması üçün istifadə etdiyi digər təsərrüfat obyekti mövcuddur. Eyni zamanda istisna hal kimi nəzərdə tutulan, yəni digər sifarişçilərə məxsus malların daşınması və bu barədə vergi orqanlarına aidiyyəti məlumatların təqdim olunması faktı da, nəqliyyat vasitəsinə dair sənədlərin olmaması əsası ilə sübuta yetirilməmişdir. Bu baxımdan, iddiaçı istisna halın tələblərinə cavab vermir.

40. Həmçinin qeyd olunmalıdır ki, elektron qaimə-fakturalarda göstərilən məhsul həcmi də kifayət qədər böyükdür və bu malların heç bir təsərrüfat subyektinə (anbara və ya istehsalat obyektinə) daxil edilmədən saxlanması, idarə olunması və satış üçün təqdim olunması fiziki baxımdan ağlabatan görünmür.

41. Nəticə etibarilə, yuxarıda sadalanan hallar və hüquqi əsaslar nəzərə alınmaqla, iddiaçının “riskli vergi ödəyicisi” hesab olunması ilə bağlı ## ###### 2022-ci il tarixli, **************** nömrəli qərarın ləğv olunması üçün hər hansı əsas yoxdur. İddiaçı Meyarların (qərar qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən) həm 2.1.3-cü, həmçinin də 3.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmasına əsas verir.

42. Məhkəmə kollegiyası iddia tələbin ikinci hissəsi ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarını ləğv etməklə düzgün nəticəyə gəlmişdir.

43. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.6. (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiya) vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). -14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında # ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 0# ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

44. Normaların tələbindən göründüyü kimi, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunurdu ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-nin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

45. Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 96.1 və 102.1.30-cu maddələri).

46. Vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qaydanı təsbit etmişdir.

47. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

48. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisinin vəzifəsi isə, gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır.

49. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

50. Qeyd olunmalıdır ki, VM-nin 67.1-ci maddəsinin normasında təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.

51. Göstərilənlərə uyğun olaraq cavabdeh iddiaçının ##.##.2023-cü il üzrə gəlir vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməli idi. Beləliklə, hazırki iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarxili, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.

52. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin olunmuş ekspertiza tədqiqatı zamanı vergi ödəyicisinə vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə əlavə olaraq hesablanmış gəlir vergisinin (2022-ci il üzrə) düzgünlüyü müəyyən olunmamış, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə aparılmış əməliyyatlara görə gəlirinə 20% şərti rentabellik səviyyəsi tətbiq edilməklə gəlir vergisinin məbləği 4.174,91 (125.247,20/6 x 20%) manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə də, iddiaçının 2022-ci il üzrə gəlir vergisinin düzgün müəyyən olunmadığı aşkar olunmuşdur. Cavabdeh tərəfindən ekspert rəyinin əsaslılığını şübhə altına hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirmişdir.

53. Qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

54. Bu mənada, cavabdeh, inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz.

55. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir.

56. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri)

57. Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

61. Beləliklə, məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar