Məhkəmə qərarları › İş №2-1(103)-3635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3635/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3635/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı «imtinanın əsassız sayılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə qarşı «imtinanın əsassız sayılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 5A/3 saylı ev iddiaçının sahibliyindədir. Həmin evin ilkin sahibi X13 olmuşdur. O, 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 27 fevral 2022-ci il tarixdə onunla iddiaçının arasında həmin evin alqsatqısına dair şifahi razılaşma olmuşdur. Əldə edilmiş razılaşma əsasında X13 həmin evi müvafiq məbləğə iddaçıya satmağı, iddiaçı isə həmin məbləği ona ödəməklə evi sahibliyinə qəbul etməyi öhdəsinə götürmüşdür. Adıçəkilən şəxs 27 fevral 2022-ci il tarixdə evin alqı-satqısı ilə əlaqədar qarşılıqlı hüquq münasibətinin yaranmasının təsdiqi kimi Bakı şəhəri 15 saylı Notariat Ofisində alqı-satqının predmeti olan evə dair hüquqi hərəkətlərin edilməsi barədə iddiaçının adına etibarnamə vermişdir. Alqı-satqı məbləğinin qəbul edilməsi barədə sadə yazılı müqavilə tərtib edilmişdir. Həmin prosesdə vasitəçi müqaviləni təsdiq etmişdir. Həmin sadə yazılı müqavilə əsasında X18 evi 20 gün ərzində boşaldıb iddiaçıya təhvil verməklə və həmin müddətdə ailəsi ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X18 aralarında əldə edilmiş razılaşmanın şərtini pozaraq ailəsi ilə birlikdə hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Ev sahibliyinə keçdikdən sonra iddiaçı ailəsi ilə birlikdə həmin ünvana qeydiyyata alınmışdır. O, bələdiyyədə, RİH Qaraçuxur qəsəbə İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyində faktiki sakin kimi, enerji, qaz və su təchizatı orqanları ilə müvafiq müqavilələr bağlamaqla qarşılıqlı hüquq münasibətlərinə daxil olmuşdur. İddiaçı X8 ailəsi ilə birlikdə qeydiyyatdan çıxması ilə bağlı müraciət etmiş, lakin tələbi icra olunmamışdır. İddiaçı bundan sonra X4, onun ailə üzvləri X9, X12, X5, X3 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə yazılı surətdə müraciət etmişdir. Cavabdeh orqan 28 mart 2023-cü il tarixli məktubunda məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasında «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə istinad etmişdir. Cavabdehin imtinası ilə əlaqədar bildirilir ki, imtina əsassız hesab edilməlklə qeyd edilən şəxslərin fərdi evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin istinad etdiyi qanunun müddəasında göstərilmişdir ki, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən qeydiyyatdan çıxarılır. Adıçəkilən şəxslərin həmin ünvanda yaşamaması, başqa ünvana daimi yaşamaq üçün köçməsi barədə sübutlar təqdim edilsə də, cavabdeh bu sübutlara əhəmiyyət verməmişdir. Fakt ondan ibarətdir ki, adıçəkilən şəxslər yaşayış yerini dəyişmişdir, hazırda yaşadıqları ünvan məlum deyil. Şəxs tərəfindən “yaşayış yerini dəyişmə” əsas fakt kimi faktiki olaraq bu işdə mövcuddur. Yaşayış yerini dəyişmə dedikdə, şəxsin könüllü olaraq başqa ünvana köçməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin şəxslər iddiaçıya məxsus evdə yaşamadıqları üçün həmin ünvan onların yaşayış yeri hesab edilə bilməz. Onların qeydiyyatı formal xarakter daşıyır. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə, İPM-in 2, 33, 45 – 47-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin imtinasının əsassız (qanunsuz) sayılması, X4, X12, X5, X3 ve azyaşlı X9 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi 5A/3 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilib iddiasına mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daimi əsaslarla yaşadığı ünvanda yerləşən daşınmaz əmlak onun sahibliyindədir. Sahibliyinə götürdüyü sözügedən fərdi evi qanuni əsaslarla əldə etmiş, yəni əvvəlki sahiblə qarşılıqlı razılaşma və ödəniş vasitəsi ilə əldə etmişdir. Həmin əmlak üzrə istifadə və sahiblik hüquqlarını tam mənada həyata keçirir. Sahibliyin hüquqi müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli dövlət orqanlarına müraciət etməklə həyata keçirilir. Faktiki sahibliyində olan əmlak, yəni fərdi evin yerləşdiyi ünvan üzrə həmin evin əvvəlki sakinlərin qeydiyyatda qalmaları onun sahiblik hüququndan irəli gələn maraqları pozur, bu pozuntu özlərinin formal qeydiyyatda olmalarını nəzərə alaraq hazırda onun faktiki istifadəsində olan həmin əmlaka qanunsuz müdaxilə etmə ehtimalında görür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, 01 noyabr 2023-cü il tarixdə məktubla məhkəmə kollegiyasına müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8406/2023 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 5A/3 saylı evdən X4, onun ailə üzvləri X9, X12, X5, X3 qeydiyyatdan çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, iddiaçı və onun qeydiyyatdan çıxarılmasını iddia etdiyi şəxslər müvafiq evə münasibətdə eyni statusla çıxış edirlər. Bütün qeyd olunanların məcmusunda iddiaçı sözügedən ünvandan digər şəxlərin həmin ünvana hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik deyil. Halbukı, məhkəmə kollegiyasının sorğusuna əsasən 6 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən məhkəmə kollegiyasına ünvanlanan 30 oktyabr 2023cü il tarixli məktuba əlavə edilmiş ərizədən görünür ki, X13 və X14 qeydiyyatda olduqları ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı, X10, X11, X2 və X6 qeydiyyata alınmasına razı olmaları, heç bir etirazları olmamasını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar və 6 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən məhkəmə kollegiyasına ünvanlanan 30 oktyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş ərizə nəzərə alındıqda müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı ilə X13 arasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuşdur. Həmçinin, X13 ilə X14 tərəfindən iddiaçının və onun ailə üzvlərinin qeyd olunan evə qeydiyyata alınmasına razılıq ərizələri vermişlər. Belə olan halda həmin şəxslər ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə eyni statusda deyillər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmçinin, İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8406/2023 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar