Məhkəmə qərarları › İş №2-1(103)-3635/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3635/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3635/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı İcra şöbəsinin əməkdaşlarının icradan kənar qanunsuz olaraq sökdükləri ona məxsus olan ünvan 1 ünvanında yerləşən çəpərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... O, X1 qarşı “sökülmüş tikilinin bərpa edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh X2 tərəfindən onun istifadəsində olan ünvan 2 ünvanında tikilmiş və cavabdehin əsassız iddiası əsasında sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5627/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsinə görə onun istifadəsində olan həmin çəpərin sökülməsi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, həmin qətnaməni icra edən icra məmurları qətnamədə göstərilən icra hərəkətlərinin icradankənar icra edilməsi nəticəsində onun istifadəsində olan hasar qeyri-qanuni olaraq sökülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1287/2022 saylı qətnaməsi ilə artıq Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin bu qanunsuz əməlləri öz sübutunu tapmış və o, bu qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu faktın özü də bir daha da təsdiq edir ki, bu qanunsuz əməllər icra məmurları tərəfindən həyata keçirilmişdir. O, bunu nəzərə alaraq cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı apellyasiya məhkəməsinin həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1591/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhəkəməsinin həmin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2998/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş, baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən işə yenidən baxılaraq məhkəmənin 2-1(112)- 612/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddiasının mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində İcra şöbəsinə qarşı “sökülmüş çəpərin bərpa edilməsinə dair öhdəliyin qoyulması barədə” tələbi nəzərdə tutulmadığı üçün həmin iddia təmin olunduğu təqdirdə belə məhkəmə qərarının icrasının mümkün olmadığını göstərmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, nə “İcra haqqında” qanunda, nə də digər qanunvericilik normalarında konkret olaraq icra məmuru tərəfindən vurulmuş zərərin hansı formada ödənilməsi barədə konkret bir göstəriş yoxdur. Sadəcə qanunverici orqan icra məmuru tərəfindən icra hərəkətləri zamanı vurulmuş zərərin ödənməsinin məcburi olduğu barədə norma vardır. Yəni, qanunverici orqan hər bir vətəndaş kimi mənə də icra məmurunun qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş maddi ziyanın və ya məhrum olduğu əmlakın bərpası barədə tələb etmək hüququ vermişdir. Qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək cavabdehin qanunsuz əməlləri nəticəsində sökülmüş çəpərimin bərpasını tələb edir. Məhkəmə tərəfindən isə onun iddiasının hüquqi əsası və vurulmuş maddi ziyanın nədə özünü göstərməsi tam araşdırılmamış və yalnız qanunvericilikdə göstərilmiş normanın hərfi mənasına istinad edilərək belə qənaətə gəlinmişdir. Əgər qanunverici orqan cavabdeh tərəfindən vətəndaşa vurulmuş maddi ziyanın ödənilməsini göstərmişdirsə və bu qanunvericilik normasında öz əksini tapmışdırsa, onda birmənalı şəkildə iddia təmin edilməlidir. Hamıya məlum haldır ki, şəxsə vurulmuş maddi ziyan bir neçə formada özünü göstərə bilər ki, hal- hazırki işdə mənə vurulmuş cavabdeh tərəfindən ziyan faktiki istifadəmdə olan çəpərin bərpa edilməsidir. Təbii ki, bu baxımdan da həmin tələbini vurulmuş maddi ziyanın ümumi məbləği deyil, faktiki olaraq sökülmüş çəpərimin naturada bərpası ilə tələb etmişdir. Lakin qanunvericilikdə belə bir tələbin mümkün olmamasına dair hər hansı bir qeyd olmadığı halda, məhkəmə əsassız olaraq mənim iddiasının mümkünsüzlüyü qənaətinə gəlmişdir. Bu isə məhkəmə tərəfindən həm AR İPM-nin35-ci maddəsinin tələblərinin, həm də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarının tələblərinin pozulması deməkdir. Belə ki, həmin bu qanunvericilik normalarında iddianın mümkünlüyü əsasları göstərilmişdir ki, mənim məhkəməyə təqdim etdiyi iddia ərizəsində də həmin mümkünlük prinsiplərinə əməl olunmuşdur. İşin faktiki hallarından da görünür ki, cavabdehin ona vurduğu maddi ziyan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (103)- 5627/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır.Yəni, artıq həmin bu qətnamə ilə cavabdehlərin mənə qarşı etdikləri qanunsuz hərəkətlər öz təsdiqini tapmışdır. Təbii ki, cavabdehin icradan kənar qanunsuz əməlləri nəticəsində mənim istifadəmdə və mülkiyyətimdə olan çəpər söküldüyü üçün mənim də onlara qarşı həmin çəpərin bərpa edilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququm yaranmışdır. Yəni onun subyektiv hüququnun olması danılmaz bir faktdır. Həmçinin, iddiada qaldırdığı tələbə gəldikdə iddia tələbidə göstərdiyi tələbin mahiyyəti ilə cavabdehin ona vurduğu ziyan uyğunluq təşkil edir. Lakin Bakı şəhəri ərazisində hər hansı bir tikinti işlərinin aparılması müəyyən razılıq və sənədləşmə əsasında aparılır. Ona görə də onun tələbi ilə hər hansı bir başqa bir maddi ziyanın vurulması tələbi arasında xeyli fərq vardır. Bu baxımdan da əgər o, cavabdehdən ona vurulmuş maddi ziyanın pul şəklində tələbini qoysaydı belə, faktiki olaraq yenə də ona dəymiş ziyanın, yəni sökülmüş çəpərin bərpasına gətirib çıxara bilməzdi. Bu da nəticə etibarı ilə ona vurulmuş maddi ziyanın, yəni sökülmüş çəpərimin bərpasına gətirib çıxarmazdı. Nəticə etibarı ilə yenə də onun pozulmuş hüquqlarım bərpa edilməzdi. Bu isə inzibati məhkəmə icraatının ümumi prinsiplərindən biri olan iddiaçının pozulmuş hüquqlarının bərpası prinsipinə zidd olardı. Ona görə də hesab edir ki, onun iddiasının spesifik xarakter daşıdığını nəzərə alaraq məhkəmə tərəfindən də işin halları buna uyğun olaraq araşdırılaraq müvafiq qərar qəbul edilməli idi. Hesab edir ki, məhkəmənin mövqeyi tamamilə əsassız və qanunsuzdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçınn apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı konkret halda cavabdehə qarşı öhdəliyin icrası haqqında iddiasında tələb edir ki, cavabdeh icra orqanı tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi düzgün icra olunmadığına və icra hədlərindən kənara çıxaraq ona məxsus hasarın qanunsuz olaraq söküldüyünü mübahisələndirərək, həmin hasarın bərpa edilməsi vəzifəsinin cavabdeh həvalə edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadından isə göründüyü kimi, iddia mümkün sayılmamışdır.Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: “...İddiaçının hüquqi marağının icra məmurunun qanunsuz hərəkəti nəticəsində dəymiş zərərin ödənilməsi olduğu nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilmiş və iddia tələbinin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi kimi dəqiqləşdirərək (ziyanın məbləği göstərilməklə) həmin tələblə inzibati orqana müraciət edilməsi izah edilmiş, lakin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı faktiki olaraq icra məmurundan kompensasiya istəmir, hasarı öz gücü və vəsaiti hesabına bərpa etmək iqtidarındadır, amma üçüncü şəxs buna maneçilik törətdiyindən hazırkı iddianı qaldıraraq icra məmuru ona yaradılan maneələrə imkan verməsin. Odur ki, iddiaçının marağı ona məxsus ünvan 3 ünvanında hasarın çəkilməsizamanı üçüncü şəxs tərəfindən maneələrin yol verilməməsi məqsədi ilə icra məmuru tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı olduğu təqdirdə, müvafiq fiziki şəxsə qarşı hasarın çəkilməsinə manaçilik yaradan hərəkətlərinin qadağan edilməsi tələbi ilə mülki məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır...” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi əsassızdır. Belə ki, işə əlavə olunmuş qanuni qüvvəsini almış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli 2(103)-8117/2018 saylı, habelə, 2(103)- 1787/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri, icra işinin materiallarına, sair məhkəmə aktlarına əsasən müəyyən olunur ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş iddiaçı otağın, mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunduğu halda, icra sənədində göstərilən həmin hissə sökülməmiş, mərz kimi olan hasar qanunsuz olaraq sökülmüşdür. Konkret halda d, iddiaçı A.Ələkbərpov haqlı olaraq, öhdəliyin icrası haqqında iddia vasitəsilə həmin hasarın bərpa edilməsini cavabdeh icra orqanından tələb edir. Belə ki, İPM-in 34.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddənin qeyd olunan məzmunundan göründüyü kmi, öhdəliyin icrası haqqında iddia vasitəsilə inzibati orqana qarşı iddiaçı öz seçimi üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) iki tələbdən birini irəli sürü bilər:

1. İnzibati orqandan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər;

2. inzibati orqantərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı, konkret halda, öz seçimini edərək cavabdeh inzibati orqana qarşı iddia ərizəsində məhkəmə qətnaməsinin düzgün icra edilməməsi nəticəsində, icranın hədləri aşılaraq qanunsuz olaraq sökülmüş hasarın bərpa edilməsi tələbini irəli sürmüşdür. Başqa sözlə, sökülmüş əmlakının geri qaytarılmasını cavabdehdən tələb edir. Ən azından, İPM-in 2.2.7-ci maddəsi də nəzəədə tutur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya tələbini dəyişdirərək cavabdeh qarşı kompensasiya tələbini irəli sürməsini təklif etməsi və sonuncu tərəfindən bu təklif qəbul edilmədiyində isə iddianın mümkün sayılmaması prsessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə əvvəlki 2-1(103)-2998/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərardadında da, məhz, məsələ ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: “...“İcra haqqında” Qanunun 26-cı maddəsidə də məhz, nəzərədə tutur ki, icra məmuru icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etməlidir. Belə olan halda, cavabdeh icra orqanı tərəfindən icranın predmeti çərçivəsindən kənara çıxmaqla, icraatın iştirakçılarının və ya kənar şəxslərin hüquq və azadlıqları pozulduqda, o cümlədən onlara ziyan vurulduğu halda, sonuncuların icra orqanına qarşı yönəlmiş əmlak və ya ziyan tələbinə iddia tələblərinə inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər...” Konkret calda da məhz, icra orqanı “İcra haqqında” Qanunun 26-cı maddəsi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməməsi onunla nəticələnmişdir ki, iddiaçının məhkəmənin icra sənədində sökülməsi nəzərədə tutulmayan daşınmaz əmlakını(hasarı) sökülmüşdür ki, hazırkı iddia tələbində də o, İPM-in 34.1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan qaydada həmin hasarı yerinə bərpa edilməsini , yəni, sökülmüş əmlakını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən isə işə yenidən baxılarkən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, iddianı iddia tələbini kopensasiya tələbinə dəyişdirməsinə çalışmaqla onun İPM-in 34.1-ci maddəsinin tələblərinə uyğun hərəkətlər etməmiş, son nəticədə mümkün sayılmamsı barədə səhv qərardad qəbul etmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinin pozulması ilə irəli sürdüyü iddia tələbi çərçivəsində iddianın mümkün sayılmaması barədə qanunsuz və əsassız qərardad çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş materialları, iddiaçının ona məxsus çəpərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş materialları, iddiaçının “ona məxsus çəpərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar