Məhkəmə qərarları › İş №2-1(103)-3636/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3636/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3636/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin qərarının ləğv edilməsi, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2006-cı ildən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası ona AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra o, 2006-ci ilin sentyabr ayından əmək fəaliyyəti ilə məşğul olmuş və DSMF-ə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirmişdir. 2022-ci ilin fevral ayına **********417 saylı şəxsi sığorta hesabına 51 min 293,76 manat vəsait yığılmışdır. İddiaçı cavabdehə birinci dəfə 2022-ci ilin fevral ayında, ikinci dəfə isə mart ayında ərizə ilə müraciət edərək, «Əmək pensiyaları haqqinda» Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətinə 2 avqust 2022-ci il tarixli məktubla cavab verilərək, «Əmək pensiyaları haqqinda» Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinin yenidən hesablandığı qeyd edilsə də, pensiyasında heç bir artım olmadığını qeyd edən iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçının, iddianın dəyişdirilərək ilkin iddiaya əlavə olaraq «cavabdehin 4 may 2022ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi” tələbinin qəbul olunması barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 4 may 2022-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının fərdi hesabının sığorta hissəsi toplanmış pensiya kapitalının 1 yanvar 2019-cu il tarixədək olan hissəsi həcmində artırılaraq (qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla) yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 10 mart 2006-cı il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, «X1» Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 53.865,74 manat pensiya sığorta kapitalının qeydə alındığını, iddiaçının Mərkəzi Filiala müraciət etdiy tarixdə 53.865,74 manat pensiya sığorta kapitalının «X1» Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 120 (53.865,74 : 120 (65 il – 61 il = 48 ay + (144 ay – 72 ay) = 448,88 manat) aya bölünərək iddiaçının əmək pensiyasının sığorta hissəsinin (214,98 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsinin 663,86 (214,98 + 448,88) manat müəyyən edildiyinin, eyni zamanda, sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (760,29 manat) həmin artımlar qədər (448,88 manat) azaldıldığını qeyd edən şikayətçi, nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsinin 663,86 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin isə 311,41 (760,29 – 448,88) manat təşkil etdiyini, bununl da iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunduğunu, hazırda onun istifadə olunmamış pensiya kapitalının qalmadığını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı təxris olunduqdan və hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra digər sahələrdə əmək fəaliyyətini davam etdirmiş və fərdi hesabında pensiya kapitalı yığılmışdır. İddiaçının fərdi hesabında yığılmış kapital nəzərə alınmaqla pensiyası yenidən hesablansa da, iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müxtəlif tarixlərdə müraciət ünvanlayaraq pensiyanın yenədən hesablanılmasını xahiş ettmiş, cavabdeh əmək pensiyasının sığorta hissəsini yenidən hesablamış, lakin bu zaman qulluq illərinə əlavənin məbləğini artım qədər azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. İddiaçının cavabdehə ünvanladığı əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubar ünvanlayaraq, müraciətinin təmin olunmasından imtina edilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasında cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında” 4 mart 2022ci il tarixli **********2 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı həcmində artırılmaqla, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən 4 may 2022-ci il tarixli **********2 nömrəli qərarın (əmək pensiyasının yenidən hesablanması barədə qərar) qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə “İnzibati İcraat Haqqında ”qanunvericiliyin tələbləru nəzərə alınmamış, iddiaçının qərarların qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının məbləğinin artırılmamaqla hesablanması barədə qərar qəbul edilmiş, həmçinin, qəbul edilmiş qərarın təsviri əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Yalnız iddiaçıya ümvanlanmış məktubda bununla bağlı məlumat verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin hallarından göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 4 mart 2022-ci il tarixli **********2 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı həcmində artırılmaqla, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin iddia tələbinin birinci hissəsinə, yəni əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsinə dair gəliyi nəticəni əsaslandırdığı işin halları ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, adıçəkilən 4 may 2022-ci il tarixli **********2 nömrəli qərarın (əmək pensiyasının yenidən hesablanması barədə qərar) qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmış, sonda əmək pensiyasının məbləğinin artırılmamaqla hesablanması barədə qərar qəbul edilmişdir. Həmçinin,qəbul edilmiş qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə qərarda heç bir qeyd aparılmamış, yalnız iddiaçıya ünvanlanmış məktubda bununla bağlı məlumat verilmişdir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq Qanunun yuxarıda göstərilən maddəsində qeyd edilmişdir. İşin araşdırılan hallarından da görünür ki, aparılan inzibati icraat barədə inzibati orqanın maraqlı şəxsə məlumat verməsinə mane ola biləcək, Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh tərəf belə bir halın olmasına dair hər hansı sübutu birinci instansiya məhkəməsinə təqdim etmədiyi kimi, apellyasiya instansiyasına da təqdim etməmişdir. Müvafiq Qanunun 24-cü maddəsinə görə isə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Lakin iş materiallarında olan Qərarın məzmunundan görünür ki, inzibati orqan müvfiq icraat nəticəsində qəbul etdiyi yeni inzibati aktı qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmamış, şəxsin inzibati orqanın hansı hallar əsasında inzibati aktı qəbul etməsini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görməsinə imkanı yaratmamış, bununla da şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ təmin olunmamışdır. «X1» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 29.1-ci maddəsinin 12 iyul 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2023-cü tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Eyni zamanda Kollegiya qeyd edir ki, “X1 Qanunun” 29.2-ci maddəsi (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, qeyd edilməlidir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Əmək pensiyları haqqında ” Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin araşdırılan hallarından da görünür ki, İddiaçı əmək pensiyası 10 mart 2006-cı il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən əvvəlki dövrdə təyin edilmişdir. Belə olan halda «X1» Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olan redaksiyada – “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” tələblərini onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına münasibətdə tətbiq etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlər, belə nətucəyə gəlməyə əsas verir ki, «X1» Qanunun 37.3.1 və 45-ci maddələri 1 yanvar 2019-cu il tarixədək iddiaçının pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınaraq, onun əmək pensiyasının artırılmaqla yenidən hesablanmasına imkan verdiyindən, cavabdehin 4 may 2022-ci il tarixli **********2 nömrəli qərarının maddi hüquq normaları pozulmaqla qəbul olunduğu isbat olunur. 1 yanvar 2019-cu il trixdən 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan qanunvericilik normaları isə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmanı, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmalı olduğuna görə birinci instansiya məhkəməsinin iddia tələbini qalan hissədə təmin etməməklə də düzgün nəticəyə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar