Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3637/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : . İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 1964-ci li tarixdə tikilmiş 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, çıxışı X10 küçəsinə baxan 53 saylı evdə yerləşən, ümumi sahəsi 29,30 kv.m olan 17 nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair öhdəliyinin Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53-də yerləşən, ümumi sahəsi 29,30 kv.m olan, 17 nömrəli mənzil İddiaçı tam paylı xüsusi mülkiyyətindədir. Həmin mənzil üzrə iddiaçıya Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə **********24-05101-093050 daşınmaz əmlakın reyestr nömrəsi altında ÇİXARİŞ verilmişdir. Həmin mənzil üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsiin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixdə, 04/2210 inventor nömrəsi olan **********24-05101- 093050 reyestr nömrəsi altında Texniki Pasport verilmişdir. Həmin mənzil 1964-ci li tarixdə tikilmiş 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, çıxışı X10 (keçmiş İnqilab) küçəsinə çıxmaqla yerləşir. Çıxarışda həmin mənzil yaşayış kimi göstərilsə də, faktiki olaraq bu mənzil 1997-ci ildən qeyriyaşayış sahəsi kimi istifadə olunur və faktiki olaraq mağaza kimi fəaliyyət göstərir. Belə ki, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün həmin mənzilin sabiq sahibi olan H.H. Müstafayev Bakı şəhəri, Cavabdehə müraciət edərək mülkiyyətçisi olduğu mənzilinin giriş qapısının İnqilab küçəsi tərəfinə açılmasını xahiş etmişdir (İndiki X11 küçəsi). H.H. Mustafayevin ərizəsi təmin edilərək, bu barədə Bakı şəhəri Cavabdehin sabiq Başçısı M.K. Rəcəbovun imzası ilə təsdiq olunmuş 166 saylı 07 mart 1997-ci il tarixli məktubla bildirilmişdir ki, “İnqlab küçəsi, 53 nömrəli evin 17-ci şəxsi mənzilinizdə, küçə tərəfindən olan mövcud pəncərə yerindən giriş qapısı açılmasına icaza verilir”. Bundan sonra, həmin mənzilin giriş qapısı küçə tərəfə açılaraq mənzil H.H. Mustafayev tərəfindən sahibkar olan ********** kodu altında X5 qeyriyaşayış sahəsi kimi, yəni mağaza kimi istifadə etməsi üçün razılıq vermişdir. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17-də yerləşən **********-15001 kodu olan Mağazada təsərrüfat subyekti olduğu üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin göstərişi ilə xx.xx.2008-cu ildə ********** nömrə altında nəzarət kassa aparatı quraşdırılmışdır. Həmin ünvanda mağazanın mövcud olmasına dair dəlalət edən mağazanın sahibi olan Elşan Kərimov tərəfindən qeyd olunan VÖEN üzrə 2010-2023ci il tarixədək vergi ödəyicisi kimi vergi ödənişlər barədə olan qəbzlərdir. Bundan başqa iddiaçı Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialında sahibkar kimi qeydiyyatdadır və həmin mağaza iddiaçının mülkiyətində olduğu üçün orada ticərətlə məşğuldur. Həmin ünvanda yerləşən mənzilin qeyri-yaşayaş sahəsinə keçirilməsində məqsəd onun 2008-ci ildən faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyətdə olmasını qanuniləşdirməkdir. İddiaçı həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Bakı şəhəri Cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və iddiaçının ərizəsi İcra Hakimiyyətinə xx.xx.2023-ci il tarixdə daxil olmuşdur. Lakin Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə 13-85-162 saylı ərizəyə baxılmasına dair məktub göndərilmişdir. İddiaçının ərizəsinin Cavabdehə xx.xx.2023-ci il tarixdə daxil olmasına baxmayaraq, (35 gün keçmiş) rəsmi olaraq cavab verilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Belə ki, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Cavabdehin razılığı olmadan, iddiaçı tərəfindən yaşayış evinin hüdudlarından kənara çıxmaqla torpaq sahəsi zəbt edilərək mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, can və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 3.0.10-cu maddəsinə əsasən, tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular hesab olunur. Həmin Məcəllənin 3.0.11-ci maddəsinə əsasən, bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti hesab olunur. Həmin Məcəllənin 3.0.17-ci maddəsinə əsasən, tikinti-quraşdırma işləri - tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası hesab olunur. Həmin Məcəllənin 3.0.19-cu maddəsinə əsasən, tikinti obyektinin əsaslı təmiri -obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi hesab olunur. Həmin Məcəllənin 3.0.20-ci maddəsinə əsasən, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi hesab olunur. Həmin Məcəllənin 3.0.22-ci maddəsinə əsasən, buraxılış-sazlama işləri -obyektlərdə quraşdırılmış texnoloji avadanlıqların və ya mühəndis-kommunikasiya təminatı xətlərinin istismara hazır vəziyyətə gətirilməsi hesab olunur. Həmin Məcəllənin 3.0.32-ci maddəsinə əsasən, inşaat konstruksiyası - bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən hissələrdir. Həmin Məcəllənin 3.0.37-ci maddəsinə əsasən, mühəndis-kommunikasiya təminatı sistemi - obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları hesab olunur. Həmin Məcəllənin 3.0.39-cu maddəsinə əsasən, yükdaşıyan konstruksiyalar -tikinti obyektlərinin etibarlılığını (dayanıqlığını və möhkəmliyini) təmin edən konstruksiya sistemidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1 -ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra -razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə xx.xx.2010-cu il tarixli, 272 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4-cü bəndinə əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nm səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. AR Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini aydın göstərmişdir. Belə ki, AR Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 26.1 -ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Bildirilir ki, sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Göründüyü kimi, sərəncamın verilməsi tələbinin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehin imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 53 saylı evin 17 nömrəli mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsinə ilə bağlı iddiaçı X1 xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazıl etiraza uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən İnqlab küçəsi 53 №li evin 17 №li mənzilində yaşayan H.H.Mustafayevə ünvanlanan xx.xx.1997-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nərimanov Rayonu İcra Hakimiyyəti H.H.Mustafeyvə məxsus İnqlab küçəsi, 53 №-li evin 17 №-li şəxsi mənzilində küçə tərəfindən olan pəncərə yerindən giriş qapısı açılmasına icazə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17 ünvanında yerləşən mənzilə dair X1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməyə əsasən X3 (VÖEN: **********) Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialında fərdi sahibkar kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş **********1 nömrəli Nəzarət kassa aparatının Qeydiyyat Vərəqəsinə əsasən X7 (VÖEN: **********) AZ1110, ünvan 2 ünvanda yerləşən **********-15001 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyi təsdiq edilmişdir. NKA-nın markası: Merkuri-150F-01 Zavod nömrəsi 00090250 Sayğacın göstəricisi 11499.40 Qeydiyyata alınma tarixi xx.xx.2009 Qeydiyyat vəsiqəsinin verilmə tarixi xx.xx.2009 Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinİn: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir Hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17 ünvanında yerləşən mənzilə dair iddiaçı X1 adına Texniki Pasport tərtib olunmuş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17 ünvanında yerləşən daşınmaz əmlak mənzil (yaşayış sahəsi) kimi X1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 53, mənzil 17 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil. Belə ki, “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilməlidir ki, ümumi mənada mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X13 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İnqlab küçəsi 53 №li evin 17 №li mənzilində yaşayan H.H.Mustafayevə (mübahisələndirilən daşınmaz əmlakın keçmiş mülkiyyətçisinə) ünvanlanan xx.xx.1997-ci il tarixli məktuba əsasən Nərimanov Rayonu İcra Hakimiyyəti H.H.Mustafayevə məxsus İnqlab küçəsi, 53 №-li evin 17 №-li şəxsi mənzilində küçə tərəfindən olan pəncərə yerindən giriş qapısı açılmasına icazə vermişdir. Cavabdeh tərəfindən verilmiş icazə əsasında daşınmaz əmlak həmin tarixdən etibarən faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur və hazırda isə iddiaçı X1 mülkiyyətindədir. Belə ki, Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş **********1 nömrəli Nəzarət kassa aparatının Qeydiyyat Vərəqəsinə əsasən AZ1110, ünvan 2 ünvanda yerləşən **********-15001 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyi təsdiq edilmişdir (NKA-nın markası: Merkuri-150F-01 Zavod nömrəsi ********) və Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməyə əsasən iddiaçı X3 (VÖEN: **********) Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialında fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də görünür ki, mübahisələndirilən daşınmaz əmlak haızrda mağaza təsərrüfat subyekti kimi fəaliyyət göstərir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. Həmçinin cavabdeh tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır. Odur ki, hər hansı inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) inzibati icraat zamanı ümumiyyətlə araşdırma predmeti olmayan məsələlərin araşdırılması (halbuki daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariyagigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı) və bu istiqamətdə müvafiq rəylərin alınması yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yaşayışsahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən mübahisələndirilən daşınmaz əmlakın Cavabdehin 07 mart 1997-ci il tarixli, 166 saylı məktubu əsasında uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi və etimadın qorunması və bərabərlik prinsipi nəzərə alınmaqla (belə ki, iddiaçı bildirir ki, həmin sıradakı mənzillər qeyriyaşayış sahəsi kimi istifadə edilir) daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün aidiyyəti qurumlardan (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) müvafiq rəylər alınmalıdır. Azərbaycan Respublikası İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: ...73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3637/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3637/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver