Məhkəmə qərarları › İş №2-1(103)-3639/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3639/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3639/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “kompensasiya” tələbinə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-110/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətin qanunsuz hesab edilməsi, iddiaçıya 40225,5 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-561/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bakı şəhərində “Sovetski” adlanan ərazinin sökülməsi zamanı adıçəkilən əmlak da plan üzrə sökülməli oldu. Bununla əlaqədar olaraq, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə alqısatqı müqaviləsi imzalanaraq, iddiaçı ona məxsus əmlakı 134 085 manat qiymətə satmışdır. Ona məxsus əmlak rəsmi çıxarış üzrə ümumi sahəsi 45,5 kv.m göstərilsə də, əlavə tikililərlə birgə 89,39 kv.m təşkil edirdi. Ərazinin söküntüsü zamanı ödəniş əlavə tikililərlə birgə hesablanmışdır. Aldığı məbləğin hər kv.metrə görə 1500 manat olduğunu nəzərə alaraq, ümumi sahənin 89,39 kv.metr olduğunu müəyyən etmək olar. 1500 manatın 10 faizi 150 manat, 20 faizi isə 300 manat təşkil edir. Beləliklə hər kv.m üçün iddia tələbi toplam 450 manatdır. 89,39 kv.m 450 manat hesablayanda 40225,5 manat təşkil edir. Öncədən sökülmüş ev sahiblərinin bəzilərinə əlavə 500 manat ödənilsə də, ona heç bir əlavə vəsait verilməmişdir. İddiaçı rəsmi olaraq Cavabdeh1nə və Maliyyə Nazirliyinə müraciət etsə də, icra hakimiyyəti imtina məktubu göndərmiş, Maliyyə Nazirliyi isə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-110/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı (hakim E.Abdullayev) ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 2014-cü ildə bağlanmış müqavilə üzrə tərəf olan iddiaçı müqavilənin bağlanmasından təxminən 8 il keçdikdən sonra həmin müqavilə üzrə əlavə ödənişlərin ödənilməsini cavabdehdən tələb edir ki, bu tələb əsaslı hesab edilə bilməz. İddiaçı həmin müqavilə bağlanarkən onun hüquqlarının pozulduğunu hesab edirsə, bu zaman həmin müqavilənin ləğvi və ya etibarsızlığı tələbi ilə mülki qaydada iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Belə ki, həmin müqavilə bağlanarkən cavbdehin hər hansı qanunsuz hərəkətə yol verdiyi müəyyən edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus mülkiyyətin ölçüsü 89,39 kv.m olmuşdur. Hər kv.m üçün ona ödənilən məbləğ 1500 manat təşkil edir. 1500 manatın 10%-i 150 manat, 20%-i isə 300 manat təşkil edir. Beləliklə, hər kv.m üçün iddia tələbi toplam 450 manatdır. 89,39kv.m*450=40225,5 manatdır. Öncədən sökülmüş ev sahiblərinin bəzilərinə əlavə 500 manat ödənilsə də, ona heç bir əlavə vəsait verilmədi. Hesab edir ki, ona əlavə 40225,5 manat vəsait ödənilməli idi. Tələbində haqlıdır və qərarı ədalətsiz, qanunsuz hesab edir. Belə ki, qanunvericiliyin normalarına əsasən dövlət satınalmaları zamanı konkret hansı məbləğlərin ödənilməli olduğu görsənir. Əgər məhkəmə qanuna əsaslanan qərar çıxarmaq istəsəydi, mütləq həmin maddi-hüquq normalarına əsaslanmalıydı. Bu baş verməmiş və nəticədə qanunsuz qərar çıxarılmışdır. Habelə məhkəmə qərarında hansı əsasların tələbin rədd edilməsinə səbəb olduğu bildirilmir. Mübahisəli qərar çıxarılan zaman hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilən mövqe nəzərə alınmamış və bu da öz növbəsində qərarın qanuniliyini bir daha şübhə altına alır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar olduğundan ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. - 246.2-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. - 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. - 246.5.-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. - 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: - 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. - 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). - 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; - 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. - 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. - 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. - 66.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. - 66.4-cü maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. - 80-ci maddəsinə əsasən, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: - 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Bakı şəhərində “Sovetski” adlanan ərazinin sökülməsi zamanı adıçəkilən əmlak “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq plan üzrə sökülmüş və bununla əlaqədar olaraq, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı ona məxsus əmlakı 134.085 manat qiymətə satmışdır. İddiaçı verilmiş məbləğlə razılaşmamış və cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh1 arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Odur ki, iddiaçı hazırkı tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçının tələbi və apellyasiya şikayətinin əsas dəlili “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 66.4.6-cı maddəsinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-ci bəndinə əsasən, ona alınmanın təsirinə məruz qalmış şəxs kimi çətinliklə bağlı ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i və həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq iş üzrə ətraflı araşdırma aparılmadığından məhkəmə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət çəkir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən 1/3 hissədə iddiaçının paylı mülkiyyətində olmuşdur. - Tərəflər arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini 134085 manat qiymətinə cavabdehə satmışdır. - Cavabdehin iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyriyaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olubolmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh1 arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrıayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir. - Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci it tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 4 ünvanında yerləşən əmlakların sökülməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr, habelə köçmə ilə əlaqədar digər xərclər daxildir. - ünvan 4 ünvanı üzrə İddiaçı hesablanmış kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəlinin və Sxemin surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərəkən əsaslandığı hal ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmuş və bu müqavilə mübahisələndirilməmişdir. Halbuki iddiaçının tələbi müqavilə şərtlərindən asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş əlavə haqların ödənilməsi ilə bağlıdır. Kollegiya qeyd edilən əsaslandırma və gəlinən nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, apellyasiya instansiya məhkəməsində əvvəlki icraatda iddianın mümkünlüyü məsələsinə baxılarkən işin obyektiv araşdırılması məqsədilə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı əlavə 10 %, 20 % ödənişlərin daxil olunub-olunmaması ilə bağlı məlumatın, həmçinin, ümumiyyətlə, iddiaçıya ödənilən kompensasiya məbləği hesablanması ilə bağlı qiymətləndirmə cədvəlinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq ünvan 4 ünvanı üzrə İddiaçı hesablanmış kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəli və Sxemin surətləri məhkəməyə təqdim edilmişdir. Sorğuya cavab məktubunda, eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında ünvan 4 ünvanında yerləşən əmlakların sökülməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin tərkibinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr, habelə köçmə ilə əlaqədar digər xərclərin daxil olmasına istinad etsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda sorğuya cavab məktubuna əlavə edilmiş kompensasiya məbləğinə dair Qiymətləndirmə Cədvəli və Sxemin surətlərindən də iddiaçıya qeyd edilən əlavələrin ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Qiymətləndirmə cədvəlində əsas və köməkçi sahələr üçün 1 kvm 1500 manatdan, talvar və pilləkən hissəsi üçün isə müvafiq olaraq 150 və 400 manatdan hesablanma aparıldığı müəyyən edilir. Eyni zamanda hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana müvafiq sorğu verilərək aparılmış inzibati icraat materialları tələb edilmişdir. Məhkəməyə təqdim edilən inzibati icraat materiallarından, o cümlədən daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan müəyyən edilir ki, iddiaçıya alınmanın təsirinə məruz qalmış şəxs kimi çətinliklə bağlı ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i və həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməmişdir, hesablamalar aparılarkən çətinliklə bağlı ödəniş və satınalma qiymətinə əlavə haqq nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Əliyeva və başqaları Azərbaycana qarşı” işi üzrə 21 sentyabr 2021-ci il tarixli qərarını diqqətə çəkir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olmuş 2-1(102)-747/2016, 2-1(102)-10/2016, 2-1(102)-847/2016, 2-1(102)-777/2016, 2-1(102)-745/2016, 2-1(102)- 1605/2016 və 2-1(102)-1082/2017 nömrəli işlərə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 13-1(102)-1/2024 nömrəli 09 oktyabr 2024-cü il tarixli Qərarında qeyd etmişdir ki: “...Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi:

62. Baxılan mübahisələrə münasibətdə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alan Ali Məhkəmənin Plenumu hesab edir ki, Avropa Məhkəməsi tərəfindən 10 faiz və 20 faiz əlavə kompensasiyalarla əlaqədar iddiaçıların tələbi üzrə qərar qəbul edildiyindən və həmin kompensasiyaların ödənilməsi üçün müvafiq tədbirlər görüldüyündən qeyd edilən işlərə yenidən baxılması üçün əsaslar müəyyən edilməsə də, hüquqi müəyyənlik prinsipinin və məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması üçün, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinə etimadın qorunması məqsədilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021 -ci il 21 sentyabr tarixli qərarındakı müddəaların nəzərə alınması zəruridir.

63. Belə ki, İnsan Hüquqları uzrə Avropa Məhkəməsi mövcud qərarında 20 faiz əlavə kompensasiyanın ödənilməli olması, habelə 10 faiz çətinliyə görə əlavəyə aid hissədə şikayətin qeyri-məqbul hesab edilməsi üzrə əsaslandırmasında pozulmuş insan hüquq və azadlıqlarının təmini istiqamətində müstəsna hüquqi mövqe nümayiş etdirmişdir.

64. Odur ki, analoji tələblərə dair işlərə baxarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Əliyeva və başqaları Azərbaycana qarşı” işi üzrə 2021-ci il 21 sentyabr tarixli yekun qərarındakı müddəalar Ali Məhkəmə tərəfindən nəzərə alınmalıdır.” Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarından, işin araşdırılmış hallarından, həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13- 1(102)-1/2024 nömrəli 09 oktyabr 2024-cü il tarixli Qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, iddiaçının tələbi daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın verilməsi hissəsində əsaslıdır. Apellyasiya şikayətinin alınmanın təsirinə məruz qalmış şəxs kimi çətinliklə bağlı ona ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i miqdarında məbləğin verilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Qanunvericiliyin normasından da aydın olur ki, iddiaçı çətinliklə bağlı ona ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i miqdarında məbləğin verilməsi barədə tələbi əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi bir təqvim ili müddətində orqana təqdim etdiyi halda əsaslı sayıla bilərdi. Yəni iddiaçı ilə cavabdeh orqan razılaşaraq aralarında alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan bir il müddətində cavabdeh orqana çətinliklə bağlı ödənişin verilməsi üçün müraciət edə bilərdi. Alqı-satqı müqaviləsinin 03 oktyabr 2014-cü il tarixində bağlanmasını nəzərə aldıqda iddiaçının yetəri qədər müddət ötürdüyü açıq-aydın görünür. Ona görə də iddiaçının çətinliklə bağlı ona ödənilmiş kompensasiyanın ümumi məbləğinin 10 %-i miqdarında məbləğin cavabdeh inzibati orqandan tələb edilməsi müddət ötürüldüyü üçün əsaslı sayıla bilməz. Bu baxımdan iddiaçının tələbi bu yöndə təmin edilməməlidir. İddiaçının iddia tələbinin və eyni zamanda apellyasiya şikayətinin ona məxsus daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın verilməsi dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edildi ki, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 96 ünvanında yerləşən əmlakların sökülməsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilən kompensasiya məbləğinin 2007-ci il Prezident Fərmanına əsasən 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqq hesablanmamışdır. Prezidentin 2007-ci il Fərmanına əsasən qeyd edilən məbləğ özgəninkiləşdirilən əmlakın bazar qiyməti əsasında müəyyən edilmiş ümumi kompensasiyanın faizi kimi hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 03 oktyabr 2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə ödənilən 134 085 manat məbləğinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqq 26 817 manat təşkil edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsinə ödənilmiş 134085 manat məbləğində kompensasiyanın 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 26817 (iyirmi altı min səkkiz yüz on yeddi) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-110/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsinə görə ödənilmiş 134085 manat məbləğində kompensasiyanın 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 26817 (iyirmi altı min səkkiz yüz on yeddi) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar