Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-364/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, nümayəndəsi vəkil X2, cavabdeh və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (3-cü şəxs: AR ƏƏSMN yanında X6) qarşı bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktının tərtib olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2021 saylı 30.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2, 1.3, 1.5 bəndlərini rəhbər tutaraq 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində yıxılaraq xəsarət alması ilə (sağlamlığının pozulması) nəticələnmiş bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktın tərtib olunmasının və ona təqdim edilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “ ...20 ildir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətində baş məsləhətçi vəzifəsində nöqsansız çalışmış, 1-ci dərəcəli dövlət qulluqçusu olub. Lakin son zamanlar nazirliyin bir sıra vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. Onun işlədiyi sahə ağır, zərərli və gərgin iş sahəsidir. O, yeganə mütəxəssis olaraq həmin şöbədə qalmışdı. Həm xəstə, həm də ikinci qrup əlildir. 2020-ci ildə pandemiya dövründə aprel ayının 30-na kimi o işə getməmiş, aprel ayının 30-da ona töhmət verilməsi barədə əmrin surətini ona gizli olaraq göndərdilər. O, işlədiyi xidmətin rəhbərindən və daxili nəzarət şöbəsinin müdirindən səbəbini soruşduqda ona bildirdilər ki, töhmətin verilməsindən xəbərləri yoxdur. May ayının 5-də Nazirlyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri “Heybət müəllim”in yanına getdi. Lakin ona həftəsonu gəlməsini və köməklik göstərəcəyini bildirsə də Mayın 8-də onu qəbul etmədi, telefonla da, ona kömək edə bilməyəcəyini bildirdi. Bundan sonra o nazirin qəbuluna getdi ki, sözlərini şəxsən onun özünə desin. Nazirin köməkçisi onu qəbul etdi və nazirə məruzə edəcəyini bildirərək, bir az gözləməsini, Az müddət ərzində ona iki polis yaxınlaşdı (birinin adı Ramiz idi) və qollarından tutub silkələyərək onu bayıra çıxarmaq istədilər. Həmin polisləri nazirin İqbal adlı köməkçisi çağırmışdı. O bildirdi ki, onu məcburi olaraq aparmasınlar, o öz iş yerimdədir, əgər qəbul etmirlərsə, özü xoşluqla çıxıb getsin. Çantası və iş üzrə təsdiqləyici sənədlər olan qovluğu divardakı taxçaya qoymuşdu və çox stresli idi. Polisdən (Ramizdən) onları götürüb çıxmasına icazə istədi və polis onun tutduğu qolundan çantaya tərəf möhkəm itələdi, müvanizətini itirdi və yıxıldı, başında küt ağrını hiss edəndən sonra heç nədən xəbəri olmayıb, ona dost olan və o zaman orda olan bir xanım onu qollarından və ayaqlarından tutub iki polisin sürüdüyünü xəbər verdi. Amma qolu və ayaqlarının arxa tərəfləri çox əzilmişdi və deyəsən o arxası üstə yıxılmışdı, çünki başının arxa tərəfi çox ağrıyırdı. Onu necə sürüyüblərsə, necə aparıblarsa onun bunlardan xəbəri olmayıb. Həmin vaxt nazirliyə çağırılmış təcili tibbi yardım həkimlərinin köməyi ilə onu ayıldıblar. Həkimlər çağırışı qeyd etmək üçün şəxsiyyət vəsiqəsini istəyiblər, o da şəxsiyyət vəsiqəsini verdi, lakin kadrlar şöbəsinin müdiri “Nərmin xanım” buna mane oldu. Hətta o həkimdən xahiş edib ki, ona hansı iynələr vurumasını qeyd edib ona versinlər. Nərmin xanım isə buna etiraz edərək maneə oldu. Sonra DƏMX-nin Daxili Nəzarət şöbəsinin müdiri Elxan Səlimov və Kənan gələrək onu 15-ci mərtəbədən 9-cu mərtəbəyə endirdilər, bir müddət orada özünə gəlməyə çalışdı və bu zaman ora rəis müavini Orxan Hüseynzadə və hüquqşünas gəldi. Özünə gələndən sonra taksiyə mindirib evə göndərdilər. Mayın 8-də vurulmuş ağrıkəsici, yuxu iynələri belə ürəkbulanmasının, qulaqlarında səsin, gözlərinin torlamasının qarşısını almadı, 9-na keçən gecə onun vəziyyəti yenə qarışdığında nazirin xəbəri olmadığını düşünərək şəxsi emailinə məktub göndərdi. Səhər tezdən təcili tibbi yardım maşını ilə onu evdən xəstəxanaya apardılar. Həmin vaxt təcili tibbi yardım həkimləri polisə də məlumat veriblər. Sonra üç nəfər polis gəldi, 27-ci polis bölməsindən gəldiklərini dedilər. Birinin adı Fərid müəllim, digərinin adı Etibar müəllim idi, üçüncüsü isə hesab edir ki, bilərəkdən gizlədirlər. Ondan bir neçə şey soruşdular, onlara da hər şeyi ətraflı danışıb, verdyi izahata imza atmazdan əvvəl polislərdən rəhbərliyinin məsələdən xəbəri olub-olmadığını soruşdu və təsdiq cavabını alandan sonra onun sağlamlığı ilə maraqlanmadıqları qərarına gələrək polisə rəhbərlikdən şikayətinin olduğunu söylədi və xahiş edib ki, onun dediklərini qeyd etsin. Fərid müəllim də söz verdi ki, dediyi kimi yazacaq, ancaq onu aldatdı. Onun izahatı oxuya bilmədiyindən sonuna imza atmadan “əgər doğru demirlərsə, şikayət edəcəyini bildirib”, o bununla razılaşdı və ona izahatı imzasız şəkilini çəkməyə icazə verdi. Sonradan o polis bölməsinə zəng etdi və Fərid müəllimə dedi ki, Nazirlikdən maraqlanıb və ona deyiblər ki, burda belə bir şey olmayıb. Lakin ona bildiriblər ki, iş materialları və kamera görüntüləri var, istədiyi vaxt prokurorluğa müraciət edə bilər və onlar işi prokurorluğa göndərməyə hazırdırlar. Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsinə dair 07.12.2020-ci il tarixli Qərarının 2-ci səhifəsində - nazirin qəbul otağında yıxılaraq xəsarət almağı, təcili tibbi yardım əməkdaşları tərəfindən ona ilkin yardım göstərilməsini - Nazirliyin inzibati binasında xidmət aparmış polis serjantı X4 izahatı ilə təsdiqini tapmışdır. Prokurorluğun 3 ay kamera görüntüsü tələbindən nazirlik imtina etdi və əgər bu görüntülər olsaydı cinayət işi qaldırılacağına əmindir. Başda nazir olmaqla 8 Mayda olmuş hadisənin kamera görüntüsünü gizlətdilər, görüntü silinə bilməzdi. İnanır ki, ana yaddaşda indiyə kimi var. Qeyd edilənləri nəzərə alaraq, o, Nazirliyin X6 Xidmətinə “İstehsalatda baş vermiş Bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2, 1.3, 1.5 bəndlərini rəhbər tutaraq 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində yıxılaraq xəsatət alması ilə (sağlamlığımın pozulması) nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılması və İZ aktın verilməsini dəfələrlə müraciət etməsinə baxmayaraq, onun xəsarət almaqla nəticələnən hər hansı hadisənin baş verməsi təsdiqini tapmaması barədə cavab verilmişdir. Lakin Yasamal rayon prokurorluğunun 07 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı nazirliyə göndərdikdən sonra, onu nazirliyə çağırıb söhbət apardılar. Sonradan İZ aktının ona verilməsindən imtina etmişlər və məktubda qeyd ediblər ki, guya o öz-özünü yerə yıxıb. Əgər bu həqiqətdirsə, hansı səbəbdən kamera görüntülərini prokurorluğa təqdim etməyiblər. Sonuncu dəfə 17 mart 2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, 08 May 2020-ci il tarixdə Nazirlikdə qəbulda olduğu vaxt xəsarət almasə barədə İZ (istehsalat zədəsi) formalı aktın tərtib olunmasını və ona təqdim edilməsini xahiş edib. Lakin cavabdeh 05.05.2021-ci il tarixli məktubla müraciətinə cavab verərək bildirmişdir ki, qaldırdığı məsələ ilə bağlı mübahisəli hal yarandığından məhkəməyə müraciət etmək hüququ var. Halbuki, həmin cavab məktubu da sübut edir ki, o Nazirliyin 16-cı mərtəbəsində qəbulda olduğu vaxt yıxılıb və müvafiq tibbi yardım da ona göstərilib. Eyni zamanda, həmin xəsarətlə bağlı bir gün sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb və bu barədə polis orqanında da məlumatlar olmuşdur. Nazirlikdə ilk gündən həmin hadisəni gizlədirdilər, kamera görüntülərini göstərmədilər, yəni, İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan qaydaları pozmuşdular...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “İddiaçı ünvan 1 ünvanında yerləşən nazirlik yanında X6 Xidmətinin mərkəzi laboratoriyasının işçisi olmuşdur. O, töhmət alması ilə əlaqədar şəxsi mənafeləri üçün iş yerini özbaşına tərk edərək, icazə almadan, hər hansı bir əmək funksiyasının icrası ilə bağlı olmadan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova 85 ünvanında yerləşən nazirliyin inzibati binasına getmişdir. Göründüyü kimi İddiaçı iş yerində və ya işəgötürənin mənafeyi üçün və ya əmək funksiyasının, əmək vəzifələrinin icrası ilə əlaqədar hər hansı işi görərkən xəsarət almamışdır. Belə olan halda əgər xəsarət almışsa da, İddiaçı aldığı xəsarət istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin səhhətinin pozulması təhqiq edilməlidir. Eyni zamanda, iddiaçının göstərdiyi hallar ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılmış və 07.12.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı polis əməkdaşı tərəfindən xəsarət yetirilməsi öz təsdiqini tapmamış və müraciətində göstərdiyi faktlar rədd edilmişdir. İddiaçı istinad etdiyi prokurorluğun qərarının 2-ci səhifəsində xəsarət aldığını təsdiq edən hissədə də polis əməkdaşının izahatında iddiaçının özünü süni şəkildə yerə yıxması qeyd olunmuşdur. Qaydaların 1.4-cü bəndinə əsasən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfıksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Sadalanan halları nəzərə alındıqda, iddiaçının tələbi təsdiqini tapmamış yalan məlumatlara əsaslanmışdır. Digər bir mübahisəli məsələ isə iddiaçının məhkəmədən İZ formalı aktın verilməsi tələbi ilə çıxış etməsidir ki, bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən İZ formalı akt tərtib edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı təhqiqat komissiyası yaradılaraq baş vermiş hadisənin səbəbləri və digər hallar araşdırılır, təhqiqat komissiyası tərəfindən İZ formalı aktın düzgün tərtib olunmasına nəzarət edilir və tərtib olunmuş təhqiqat aktına əsasən İZ formalı akt verilir. X6 Xidməti tərəfindən araşdırma zamanı İddiaçı səhhətinin pozulması ilə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi öz təsdiqini tapmadığı üçün hadisənin təhqiqatı aparılmadığından, iddiaçının tələbinə əsasən birbaşa işəgötürən tərəfindən İZ formalı aktın verilməsi qeyri-mümkündür və qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə əsasən İZ formalı akt bədbəxt hadisə barədə təhqiqat yekunlaşdıqdan və bu barədə təhqiqat aktı mövcud olduqdan sonra tərtib edilir və müvafiq tərəflərə göndərilir. Belə ki, Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2021 saylı 30.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, onun qulluq etdiyi X6 Xidməti 2007-ci ildən 2020-ci ilin ortalarına kimi S.Əsgərova 85-də yerləşən nazirliyin binasının 9-10-cu mərtəbələrində yerləşmiş, o, həmin Xidmətin mərkəzi aparatında rəsmi iş yeri olan Mərkəzi laboratoriyanın işçisi olmuş, son illərə kimi həmin binanın 9-cu mərtəbəsində iş kabineti olub. Laboratoriyanı müvəqqəti olaraq avadanlıqlarını və işçilərini Nərimanov rayonuda yerləşən 2 N-li X5 yerləşdiyi binada sadəcə yer verdilər və onlarla heç hansı iş bağlılığı yox idi. Onların davamiyyət tabelyi, məktubları göndərdikləri digər sənədələr, vəsiqələr, ezamiyyətlər, şifahi yazılı tapşırıqlarını ancaq S.Əsgərova 85-də yerləşən iş yerindən alırdılar və ona görə də laboratoriya müdirinin icazəsi ilə o binaya getmək sərbəst idi və buna görə qapıdakı polislər onlardan içəri girmək üçün sənədə tələb etmirdilər və yerdəyişməyə baxmyaraq onların Mərkəzi Aparatın işçiləri olduğunu bilirdilər. May ayının 5-də Nazirlyin Daxili Nəzarətvə Audit şöbəsinin müdiri Heybət müəllimin yanına getdi. Lakin ona, həftəsonu (yəni mayın 8-də) gəlməyini, həmçinin 2 qrup əlilliyiyin geri qaytarılması və töhmətin üzərindən götürülməsində köməklik göstərilməsini bildirsə də Mayın 8-də qəbul etmədi. Bundan sonra nazirin qəbuluna getdi. Nazirin köməkçisi onu qəbul etdi və ona bidirdi ki, bir az dayanın, nazirə məruzə etsin və məsələni aydınlaşdırıb ona məlumat versin. Az müddət ərzində iki polis yaxınlaşdı (birinin adı Ramiz idi) onu qollarından tutub bayıra çıxarmaq istədilər. Polisləri onun müraciət etdiyi nazir köməkçisi deyil, “İqbal adlı” digər köməkçisi çağırmışdı. O isə bildirdi ki, öz iş yerimdədir, əgər qəbul etmirlərsə, öz xoşluğu ilə çıxıb gedər. Çantası və iş üzrə təsdiqləyici sənədlər papkasını divardakı taxçaya qoymuşdu. Polis Ramizdən onları götürüb çıxmasıma icazə istədikdə polis onun tutduğu qolundan çantaya tərəf onu möhkəm itələdi, o da müvazinətini itirib yıxıldı, başında küt ağrını hiss edəndən sonra heç nədən xəbəri olmayıb. Sonra onu 15-ci mərtəbədən 9-cu mərtəbəyə endirdilər, bir müddət orada özünə gəlməyə çalışdı və bu zaman oraya r.müavini Orxan Hüseynzadə və hüquqşünas gəldi. Özünə gələndən sonra taksiyə mindirib evə göndərdilər. Tərəfindən 1-ci və 2-ci müraciətlərimə verilmiş cavab məktublarında nazirliyin müvafiq şöbələrinin verdiyi məlumatlara istinad edilməklə 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət alması ilə nəticələnmiş bədbəxt hadisə təkzib edilmiş, lakin Xidmətə ünvanladığım 3-cü məktubuna əlavə edilmiş prokurorluğun məktubunda xəsarət alması, ona ilkin tibbi yardım göstərilməsi və evə yola salınması, yəni, hadisənin baş verdiyi təsdiqini tapdığından, Xidmətdə ciddi araşdırma apararaq hadisənin baş verdiyini 3-cü cavab məktubunda təsdiq etmişdir. Məhkəmə qərarında göstərmişdir ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir. Məhkəmə qərarının 15-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, əmək müqaviləsinə 25.11.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) işəgötürən qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilməklə əmək müqaviləsinə xitam verilmişdir. Bu yalandır. O, Əmək Müfəttişliyinə təhqiqat aparılaraq İZ aktının verilməsi ilə əlaqədar müraciət etdikdən sonra nazirlikdən ona müqavimətlər, yalançı yoxlamalar, şər-böhtan atmalar, onun əmək müqaviləsi nazirliyin 3 əmri ilə dəyişmələr, saxtakarlıq və falsifıkasiya ilə onu qeyri qanuni işdən çıxardılar. Eyni zamanda, qərarda məhkəmə müəyyən edir ki, mübahisə 08 may 2020-ci ildə dövlət qulluqçusu (baş məsləhətçi) olduğu dövrdə işəgötürəni (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ilə iddiaçı arasında yarandığından iddiaya cavab verməli şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir”. Belə olan halda necə ola bilər ki, o, iş vaxtı kənar bir yerdə olsun? Həmin bina nazirliyin binasıdır. Ona hər hansı tapşırıq verilib verilməmsindən asılı olmayaraq, o, işəgötürənə müraciət etmək üçün həmin binada olmuşdur. Küçədə və yaxud da digər bir yerdə yıxılmamış, işəgötürənə məxsus binada yıxılmışdır. Eyni zamanda, o, həmin vaxt işəgötürənlə ona görə görüşmək istəmişdir ki, işi ilə əlaqədar barəsində çıxarılmış əmrlə bağlı izahat versin. Bu da onun işi ilə bağlı olmuşdur. Ona görə ki, işində olan hər hansı bir məsələ ilə bağlı işəgötürənə müraciət etmək hüququ vardır.Məhkəmə özü yazdığını özü də inkar edir. Qərarda qeyd olunan X6 Xidmətinin 1-ci, 2-ci və 3-cü məktubunda 1-ci və 3-cü məktublar bir-biri ilə ziddiyyət təşkil edir. Bir məktubda yazır ki, ümumiyyətlə belə bir hadisə baş verməyib, digər məktubda yazır ki, guya o, özü yıxılmışdır. Necə ola bilər birinci məktubda Müfəttişlik inkar edir ki, belə bir hadisə olmayıb. Aydındır ki, hadisəni gizlətmək məqsədilə bu yazılmışdır. İkincisi, məhkəmə qərarda qeyd edir ki, onun özü yıxılmış və öz şəxsi mənafeyi üçün iş yerindən kənarda olmuşdur. Əgər bu belədirsə faktiki iş yerindən icazəsiz getmişdirsə niyə onun izahatımı almayıblar, töhmət verməyiblər, axı qanuna görə iş yerini icazəsiz tərk edən işçini və onun rəhbəri cəzalanmalı idilər. Bunu da belə əsaslandırır ki, cinayət işinə xitam verilmiş və onun polislər tərəfindən yıxılması sübut olunmur. Amma sonda məhkəmə qeyd edir ki, iddiaçıya xəsarət vurduğunu iddia etdiyi şəxsdən mülki qaydada vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnu istisna etmir. Buradan belə çıxır ki, ona xəsarət vurulması sübut olunur, işəgötürən nazirlikdir və bu hadisələr həmin nazirliyə məxsus binada olmuşdur. Lakin məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir...” Məhkəmə kollegiyası iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Ə.Rzayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikaytin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi Ə.Əsədullayev izahatında apellyasiya şikayətinə etirazını bildirərək, iddiaçının xəsarəti iş tapşırığını yerinə yetirərkən almadığı, özbaşına nazirliyə getdiyi, nazirliklə iş yerinin fərqli ünvanlarda yerləşdiyi və özünün dediyi kimi polisin toxunması nəticəsində yıxılaraq zədələndiyi təqdirdə polisə qarşı da tələblərini irəli sürməli olduğu halda, əsassız olaraq nazirlikdən İZ aktı tərtib olunmasını tələb etmişdir. Hesab edir ki, burada istehsalat qəzasından söhbət gedə bilməz. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 217-ci maddəsinin: 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 5-ci bəndinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinin 2-ci abzasına əsasən Əmək Məcəlləsinin 217-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.1-ci bəndinin 3-cü abzasından görünür ki, bu Qaydalar həm də dövlət qulluqçularına şamil edilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; - müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; - müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; - keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; - işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; - istehsal avadanlıqları və obyektlərində qəza zamanı; - növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; - işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; - işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; - əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; - əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. “Qaydalar”ın qeyd olunan müddəalarından göründüyü kimi - işçilərin səhhətinin pozulması, o cümlədən xəsarət almaları halı araşıdırılarkən, birinci növbədə, onların əmək vəzifələrini yerinə yetirərkən, həmçinin, müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən təhqiq edilməlidir . Başqa sözlə, işçinin zədələnməsi və ya sağlamlığının pozulması onun əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmalıdır ki, həmin hadisə istehsalatda bədbəxt hadisəsi kimi və bunun nəticəsində işçinin aldığı xəsarət istehsalat zədəsi kimi qiymətləndirilə bilsin. Ən azından, iddiaçının iddia ərizəsində göstərilən faktiki halların qiymətləndirilməsi baxımından, onun sağlamlığının pozulmasının istehsalat qəzası nəticəsində baş verməsi kimi nəzərə alınmasını istisna edir. Belə ki, iddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində özü də məhkəməyə bildirir ki, ona töhmət verilməsinin səbəbini aydınlaşdırmaq məqsədilə “...2020-ci ilin May ayının 5-də cavabdeh Nazirlyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri “Heybət müəllim”in yanına getmiş, lakin sonuncu ona həftəsonu gəlməsini deyərək köməklik göstərəcəyini bildirsə də həmin tarixdə onu qəbul etməmiş, telefonla da, ona kömək edə bilməyəcəyini bildirmiş, bundan sonra o, nazirin qəbuluna getmişdir ki, sözlərini şəxsən onun özünə desin...” Göründüyü kimi, Nazirlik yanında X6 Xidmətinin Mərkəzi laboratoriyasının baş məsləhətçisi vəzifəsini tutan iddiaçı, iddia ərizəsində özü də iş tapşırığı olmadan, tutduğu vəzifə funksiyasından irəli gəlməyən bir məsələ ilə əlaqədar, öz şəxsi maraqları üçün iş yerini tərk edərək nazirliyə getdiyini və orada, yəni iş yerindən kənarda üçüncü şəxslərin (polislərin) hüquqazidd hərəkətləri nəticəsində zədə aldığını etiraf edir. Digər tərəfdən, iddiaçının çalışdığı Nazirliyin X6 Xidmətinin Mərkəzi laboratoriyası “ünvan 2 ünvanında, nazirliyin inzibati binası isə “Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova 85” ünvanında yerləşməsi, hadisənin iş yerindən kənarda baş verməsini və iddiaçının səhhətinin pozulması onun hər hansı bir əmək funksiyasının icrası ilə bağlı olmadığını sübuta yetirir. Hətta, iddiaçının apellyasiya şikayətində şərh etdiyi kimi, iş kabinetinin həmin “S.Əsgərova 85-də” yerləşən inzibati binanın 9-cu mərtəbəsində yerləşsə belə, onun iş yerini tərk edərək, “töhmət” verilməsi məsələsinə aydınlıq gətirməsi üçün öz şəxsi maraqları naminə nazirin qəbuluna girmək üçün binanın başqa 15-16-cı mərtəbəsinə getməsi belə, onun iş tapşırığını yerinə yetirməsi anlamını vermir. Digər bir tərəfdən, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində israrla bildirir ki, Nazirlyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri “Heybət müəllim” ona köməklik göstərə bilməyəcəyini dedikdən sonra “...nazirin qəbuluna getmiş, nazirin köməkçisi onu qəbul etmiş, az müddət ərzində iki polis yaxınlaşaraq (birinin adı Ramiz idi) onu qollarından tutub bayıra çıxarmaq istədikdə o, polis Ramizdən çantasını götürüb çıxmasıma icazə istəmiş lakin sonuncu onun tutduğu qolundan çantaya tərəf onu möhkəm itələmiş, o da müvazinətini itirib yıxılmış, aldığı zədədən xəstəxanaya düşmüşdür. Bu faktın təsdiqi olaraq o, Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsinə dair 07.12.2020-ci il tarixli Qərarına istinadən qeyd edir ki, həmin qərarın 2-ci səhifəsində - nazirin qəbul otağında yıxılaraq xəsarət almağı, təcili tibbi yardım əməkdaşları tərəfindən ona ilkin yardım göstərilməsini - nazirliyin inzibati binasında xidmət aparmış polis serjantı X4 izahatı ilə təsdiqini tapmışdır...” Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar onu qeyd edir ki, onun öz şəxsi maraqları, o cümlədən, ona “töhmət” verilməsi məsələsini aydınlaşdırmaq üçün iş yerini tərk edərək nazirin qəbuluna getməsi və orada “polisin onu itələməsi nəticəsində yıxılaraq xəsarət alması” - bütün bunlar istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi üçün əsas vermir. Belə ki, qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: - təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü...” Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 1 iyul 1997-ci il tarixli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 4 iyul 1997-ci il tarixli 65/1 saylı qərarları ilə təsdiq edilmiş və 15 iyul 1997-ci il tarixində AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında” Əsasnamənin 1.5-ci bəndi də nəzərdə tutur ki, “təbii ölüm, özünə qəsd, intihar hadisələri, eləcə də,zərərçəkənlərin cinayət törədərkən aldıqları zədələnmələr haqqında İZ formalı akt tərtib edilmir və belə hadisələr istehsalatda baş vermiş hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Göründüyü kimi, cavabdeh qanunvericiliyin göstərişlərindən irəli gələn öhdəliyinə uyğun hərəkət etmiş, həmin göstərişlərdən kənar, hüquqazid hərəkətlərə yol verməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya İZ aktının verilməsindən imtina olunması qanunsuz hesab edilə və iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 34.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi bağlı öhdəliyin icrası haqqında inzibati orqana qarş o halda, iddia qaldırılır ki, bu öhdəlik inzibati orqanın qanunla üzərinə düşən öhdəliyindən irəli gəlsin. Konkret halda isə cavabdeh inzibati orqan tərəfindən qanunla üzərinə düşən öhdəliyinin pozulması sübuta yetirilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan, düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə işə baxarkən işin faktiki hallarını düzgün təhlil etmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini və tətbiq edilməli hüquq normasını tətbiq etmədiyini və düzgün təfsir etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2021 saylı 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2021 saylı 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-364/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-364/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver