Məhkəmə qərarları › İş №2-1(103)-364/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-364/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-364/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2022 saylı 16 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Buraxılış Attestasiyasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək Bakı Dəniz Məktəbində təhsil almışdır. İddiaçıya məxsus İT-İ seriaylı ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci il Lənkəran rayonu İlic adına sovxozda 6 saylı briqayada fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cu ildə 1-ci dərəcəli motorist istisası üzrə Bakı Dəniz Gəmiçilik məktəbinə qəbul edilmiş, xx.xx.1984-cü ildə məktəbi bitirdikdən sonra X16 daimi işə göndərilmiş, xx.xx.1984-cü ildə Dəniz Gəmiçilik məktəbini bitirdikdən sonra Nəqliyyat Donanmasına motorist vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Nəqliyyat dodanmasında motorist-elektrik, xx.xx.1995-ci ildə Nəqliyyat dodanması gəmilərində matros, xx.xx.1996-cı ildə Nəqliyyat donanması gəmilərində motorist, xx.xx.2001-ci ildə Azərbaycan Dövlət X21ndə motorçu vəzifəsinə keçirilmiş və hal-hazıradək işləyir. X11 Filialı tərəfindən verilmiş A/111 saylı 28 fevral 2020-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Caniyev X4 rayon İliç adına sovxozun 06 may 1977-ci il tarixli 101 №-li əmrilə, sovxoza mövsümü fəhlə qəbul edilmişdir. Lənkəran rayon İliç adına sovxozun 16 aprel 1981-ci il tarixli 87 №-li əmrilə, hərbi xidmətə çağırıldığı üçün xx.xx.1981-ci il tarixdən sovxoz fəhləliyindən azad edilmişdir. 1977, 1979 - 1981-ci illərdə əmək haqqı almışdır. “Azərbaycan X21” QSC-nin 01/17-121 saylı 18 iyun 2020- ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (1983-1984cü illər) xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 151/y nömrəli əmr) hal-hazıra kimi X12 gəmilərində matros, motorçu, elektrik vəzifələrində işləmişdir. Onun 1984-2006-ci illər üzrə orta aylıq əmək haqqı barədə məlumat qeyd edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44600,00 manat hesablandığı halda, fərdi hesabını sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40395,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildə Dəniz Gəmiçiliyi məktəbini bitirmiş, xx.xx.1984-cü il tarixdə X21 idarəsində nəqliyyat gəmilərində əvvəlcə motorist, sonra isə motorist-elektrik vəzifələrinə təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154N:li Qərarı ilə işlədiyi qurumun adı X10, X18 adlandırılmış və Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli və 10 yanvar 2014- cü il tarixli sərəncamlarına əsasən çalışdığı qurum Azərbaycan Xəzər Dəniz X13 Cəmiyyəti adlandırılmışdır. Sözügedən qurumda iş fəaliyyətini bu günə qədər davam etdirir. X13 Cəmiyyəti adlandırılmışdır və sözügedən qurumda iş fəaliyyətini bu günə qədər davam etdirir. Beləliklə, iddiaçı Azərbaycan Dövlət X12 üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən hal- hazıradək matorçu, matros və elektrik vəzifələrində işləmişdir. İşlədiyi qurumdan verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, onun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 05 ay 19 gün, ümumi iş stajı isə 39 il 04 ay 29 gün təşkil edir. Göstəriən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq bəndlərinə uyğun olması göstərilmişdir (hal hazırda stajı 35 il 10 təşkil edir). Lakin cavavabdeh orqan tərəfindən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim edilən “Azərbaycan X21” QSC-nin ona dair 18 iyun 2020-ci il tarixli 01/17-121 nömrəli arxiv arayışında və X1 dair 28 fevral 2020-ci il tarixli A/111 nömrəli arxiv arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (21 il 2 ay 25 gün (xx.xx.1977- xx.xx.1977-ci il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984- xx.xx.1991-ci il, xx.xx.1996xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005- xx.xx.2005-ci il və xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2022 saylı 16 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim edilən “Azərbaycan X21” QSC-nin ona dair 18 iyun 2020-ci il tarixli 01/17-121 nömrəli arxiv arayışında və X1 dair 28 fevral 2020-ci il tarixli A/111 nömrəli arxiv arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (21 il 2 ay 25 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1991-ci il, xx.xx.1996-xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Digər dövrlərdə isə iddiaçının əmək haqqı alması barədə məlumatlar Mərkəzi Filiala təqdim edilməmişdir. Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində xx.xx.1989cu il tarixdən xx.xx.1996-cı il tarixədək əmək haqqı aldığı göstərilmişdir. Məhkəmə tərəfindən iddia əsassız olaraq təmin olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi staja və 12 il 6 aydan artıq güzəştli staja malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 250 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (buraxılış attestasiyası), əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və təhsil haqqında sənədin surətlərindən görünür ki, o, müvafiq olaraq xx.xx.1981-ci tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək Bakı Dəniz Məktəbində təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajının iş materiallarında olan təhsil barədə sənədə, hərbi biletə və əmək kitabçasına əsasən xx.xx.1981-xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 2 il 2 ay 8 gün, xx.xx.1983-xx.xx.1984-cü ilədək təhsil dövrü 1 il 10 ay 14 gün, sovxozda işlədiyi dövrlər- 1977-ci ildə 8 ay, 1979-cu ildə 9 ay, 1980-ci ildə 12 ay, 1981-ci ildə 4 ay olmaqla, cəmi 33 ay, yəni 2 il 3 ay, xx.xx.1984-xx.xx.1991-ci ilədək (1988-ci il istisna olmaqla) 6 il 4 ay, xx.xx.1993-xx.xx.1995-ci ilədək 3 il, xx.xx.1996-xx.xx.2002-ci ilədək (2000-2001-ci illər istisna olmaqla) 4 il 4 ay, xx.xx.2000-xx.xx.2001-ci ilədək 2 il, xx.xx.2003-xx.xx.2005-ci ilədək (2003-cü ildə 1 ay istisna olmaqla) 2 il 2 ay, xx.xx.2005xx.xx.2005-ci ilədək 3 ay, xx.xx.2005-xx.xx.2006-cı ilədək 3 ay olmaqla, ümumilikdə 25 il 01 ay 22 gün təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşdə olan “Azərbaycan X21” QSC X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir: “İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X12 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən hal-hazıradək motorçu, matros, elektrik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 33 il 05 ay 19 gün, ümumi iş stajı 39 il 04 ay 29 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X12 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X19 venidən təşkili yolu ilə "Azərbaycan X21" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətinə keçmişdir.” Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş “Azərbaycan X21” QSC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 01/17-85 saylıi xx.xx.2022-ci il tarixli arayış göndərilmişdir. “Azərbaycan X21” QSC-nin 01/17-85 saylıxx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, X6 Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (1983-1984-cü illər) xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 151/y nömrəli əmr) hal hazıra kimi X12 gəmilərində matros, motorçu, elektrik vəzifələrində işləmişdir. İddiaçının 1993-1995, 2000-2001-ci illər üzrə orta aylıq əmək haqqı barədə məlumatı arayışda göstərilmişdir. Həmçinin, arayışda X3 1992-ci il üzrə əmək haqqı sənədinin aşkarlanmaması qeyd edilmişdir. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahı”ları təsdiq edilmişdir. 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması” yarımbölməsində “Üzən heyət: Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod: ********) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərə alınmışdır. İddiaçının güzəştli iş stajı dövrü xx.xx.1984-cü il tarixdən hal-hazıradək (o cümlədən xx.xx.2006-cı il tarixədək) işlədiyi motorçu, matros, elektrik vəzifələri zərərli peşələr olmaqla, ümumilikdə 12 il 6 aydan çox təşkil edir və həmin dövrlərin güzəştli iş stajına daxil edilməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Bununla yanaşı, hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubundan, iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2022 saylı 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar