Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-364/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4433/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmri ilə yuxarıda sözügedən əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilmişdir. 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrə əlavə edilmiş 3.2-ci yarımbənddə göstərilmişdir ki, X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. Həmin əmrə dəyişiklik kimi əlavə edilmiş 4.2-ci yarımbənddə isə göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlannda tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»nın 4- cü hissəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat X4 təqdim edilsin. Yuxarıda istinad edilən 26 sentyabr 2022-ci il tarixli əmrin 5.2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin. Göründüyü kimi, 26 sentyabr 2022-ci il tarixli əmrlə Nazirliyin 17 dekabr 2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi adı altinda əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq onunla (iddiaçı ilə) bağlanmış əmək müqaviləsinə əvvəlki tarixdən, yəni 17 dekabr 2019-cu ildən xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz və əsassızdır. Odur ki, sözügedən əmrin ləğv edilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri ilə dəyişiklik adı altında ona 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə olunan 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmr X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi barədə olmuşdur. Barəsində qəbul olunmuş əmrin surəti iddiaçıya onun müvafiq müraciəti əsasında cavabdehin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı 12 iyul 2012-ci il tarixdən X3 Xidmətinin müvafiq strukturunda baş məsləhətçi baş əmək müfəttişi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli ********** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qərarı ilə iddia təmin olunaraq 13 iyun 2019-cu il tarixli əmr ləğv edilmişdir. Həmin qərar apellyasiya instansiyası məhkəməsinin 25 fevral tarixli qərarı ilə, sonuncu qərar isə Ali Məhkəmənin 4 iyul 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmə qərarının icrası qaydasında 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmrilə iddiaçının barəsində olan 13 iyun 2019-cu il tarixli ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bununla əlaqədar 20 sentyabr 2022-ci il tarixli “məhkəmə qərannın icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir. Yuxarıda sözügedən məhkəmə aktları əsasında iddiaçının işdən azad edilməsi barədə 13 iyun 2019-cu il tarixli əmrin ləğvi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən 12 sentyabr 2022-ci il tarixli əmrlə təmin edildikdən sonra, əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda, cavabdeh yuxarıda göstərilən 12 sentyabr 2022-ci il tarixli əmrin verildiyi gündən 14 gün sonra, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi qismində həmin əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilməklə onunla bağlanmış əmək müqaviləsinə əvvəlki (17 dekabr 2019-cu il) tarixdən xitam verilməsini həyata keçirmişdir. İddiaçı hesab edir ki, 26 sentyabr 2022-ci il tarixli əmrlə 17 dekabr 2019-cu il tarixdən xitam verilməsi qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. 12 sentyabr 2022-ci il tarixli əmr Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri ilə də ziddiyyət təşkil edir. 26 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçının 17 dekabr 2019-cu il tarixdən işdən azad edilməsi, eyni zamanda yuxarıda sözügedən məhkəmə aktlarının icrasından yayınmaq məqsədini də daşıyır. Bu baxımdan, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan onun qanunsuz işdən çıxarılması barədə 13 iyun 2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv edildməsilə əlaqədar, məhkəmə qərarının icrası qaydasında əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini təmin etməli olduğu halda bunu etməmiş, eləcə də məhkəmə aktının icrası öhdəliyindən yayınmaq üçün 26 sentyabr 2022-ci il tarixli əmri verməklə, məhkəmə qərarının icrasını faktiki olaraq təmin etməmiş, bununla da işə bərpa olunmaq və məcburi işburaxmaya görə əmək haqqımı almaq hüququndan onu (iddiaçını) məhrum etmişdir. Bu səbəbdən də cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz olmaqla bərabər, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ aktlarında təsbit olunan və qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. Cavabdeh orqan onunla bağlanmış əmək müqaviləsini 26 sentyabr 2022-ci il tarixli əmrlə 17 dekabr 2019-cu il tarixdən pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təsbit olunan inzibati xəta hadisəsini də törətmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 68, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinə, əsaslanaraq, məhkəmədən cavabdehin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən tələb əsassız hesab olunur və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 13 iyun 2019-cu il tarixdə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2- 1(112)- 161/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)- 1240/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli 2-1(102)-953/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-197/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Nazirliyin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022- ci il tarixli 2-1(102)-1134/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Nazirliyin 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X2 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi ilə bağlı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişiklik edilməklə, məhkəmə qərarı tam şəkildə icra edilmişdir. Bununla bağlı Nazirlik tərəfindən 20 sentyabr 2022-ci il tarixli **********5 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir. Sözügedən məhkəmə prosesi davam etdiyi dövrdə 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə X3 Xidmətinin Bakı şəhəri üzrə regional mərkəzləri ləğv edilmişdir. Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri ilə Bakı şəhəri regional idarənin əməkdaşlarının bir qismi yeni yaradılmış Bakı şəhər İdarəsinə keçirilmiş, bəzi əməkdaşların dövlət orqanının ləğvi ilə əlaqədar olaraq tutduqları vəzifələrdən azad edilmişlər. Qeyd edilən şəbəbdən məhkəmə qərarının hüquqi nəticələrini təmin etmək məqsədi ilə ilk növbədə İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilmə idi. Bununla bağlı 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş, İddiaçı əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq orqanın ləğvi ilə xitam verilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əməkhaqqının 1,7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir. Növbəti mərhələdə iddiaçı Nazirliyə dəvət edilmiş, ona analoji iş təklifi verilmiş, Nazirliyin 3 may 2023-cü il tarixli 3-17/3-4-679/2023 nömrəli əmri ilə o, X3 Xidmətinin AbşeronXızı regional şöbəsində baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Nazirliyin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmrində hər hansı qanun pozuntusuna yol verilməmiş, həmçinin həmin əmrin yaratdığı hüquqi nəticə ilə iddiaçı hazırda analoji vəzifədə qulluq keçir. Qeyd edilən əmrə oxşar Nazirliyin digər əmri məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli 2-1(103)-613/2021 iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli 2-1(102)-1927/2021 nömrəli iş üzrə qərarları ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4433/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4433/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir, Nazirliyin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri ilə onun bağlanmış əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə istinadən (vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı 13 iyun 2019-cu il tarixli əmri qismən mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 197/2022 saylı iş üzrə 25 fevral 2022-ci il tarixli qərarı ilə həmin əmr ona aid hissədə ləğv edilmişdir. Sözügedən məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1134/2022 saylı 4 iyul 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və İPM-in 98.1-ci maddəsinə əsasən həmin tarixdə qüvvəyə minmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmri ilə Nazirliyin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1.3-cü yarımbəndi (İddiaçı aid hissədə) ləğv edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmri ilə Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı məzmunda 3.2, 4.2 və 5.2-ci bəndlər əlavə olunmuşdur: “3.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunıa bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.2. Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanı ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməklə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqla dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası»nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətinə ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının X4 təqdim edilsin. 5.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” İddiaçı hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrini mübahisələndirir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Dövlət qulluğu haqqında» Qanunun 3-cü maddəsində Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət qulluğunun əsas vəzifəsi kimi təsbit olunmuşdur. Həmin Qanunun 4.1-ci maddəsinə görə dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: (4.1.1) qanunçuluq; (4.1.10) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (33.1.2) dövlət orqanı ləğv edildikdə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 25.1-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında» Nazirliyin 17 dekabr 2019-cu il tarixli əmrinin icrası barədədir. Qeyd edilməlidir ki, 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulu üzrə aparılmış inzibati icraat materiallarından müəyyən edilir ki: 1) Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulu üzrə inzibati icraatı marağına toxunulan şəxs kimi hazırkı iddiaçını məlumatlandırmamış və onu icraata cəlb etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 26 dekabr 2022-ci il tarixli əmr yalnız İddiaçı barəsindədir, eləcə də bir neçə il əvvəl verilmişdir və iddiaçı tərəfndən məhkəmə qaydasında mübahisələndirilmiş 13 iyun 2019-cu il tarixli əmrə əlavədir. Bununla da, cavabdeh inzibati orqan «İnzibati icraat haqqında» Qanunun 21.1, 21.2, 25.1-ci maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, həmin Qanunun 21.3cü maddəsində göstərilənlər hazırkı işin halları ilə uzlaşmır. 2) Cavabdeh inzibati orqanin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrinin qəbulu məhkəmə qaydasında mübahisələndirilmiş və iddiaçıya aid hissədə ləğv olunmuş 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratmışdır. Belə ki, inzibati orqan 26 sentyabr 2022-ci il tarixli əmrlə özünün 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə İddiaçı münasibətdə əlverişsiz vəziyyət yaradan müvafiq əlavəni etməklə, onu bir müddət əvvəl məhkəmə aktı ilə işə bərpa olunması nəticəsində “məcburi işburaxmaya görə” almalı olduğu pul vəsaitindən (əmək haqqı) də məhrum etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanununun 67.3-cü maddəsində Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması ilə həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması təsbit olunmuşdur (qanunla başqa hal nəzərdə tutulmamışdır). Qeyd olunmalıdır ki, İddiaçı Nazirliyin 3 may 2023-cü il tarixli 3-17/3-4- 679/2023 nömrəli aktı ilə X2 Abşeron-Xızı regional şəbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi vəzifəsinə təyin olunsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli ərizəsində “işə bərpa olunması”nı xahiş etmişdir. Beləliklə, **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulunda cavabdeh həmçinin «İnzibati icraat haqqında» Qanunun 10, 17-ci maddələrinin, eləcə də «Dövlət qulluğu haqqında» Qanunun 3, 4.1.1-ci maddələrinin tələblərinə riayət olunmasını təmin etməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz əlverişsiz inzibati aktdır və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə əsaəsn ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4433/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4433/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-364/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-364/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver