Məhkəmə qərarları › İş №2-1(103)-3640/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3640/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3640/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3862/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı" adının və buna dair müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmət keçmək üçün SHXÇDX Nərimanov rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarında iştirak etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi üçün müraciət etmiş və cavabında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa, ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı, həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində ünvana təqdim ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə hərbi hissə komandirinə müraciət olunmuş və qeyd edilən məlumatların tələb olunan ünvana göndərildiyi bildirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclaslarında baxılmış və barələrində müsbət qərar qəbul edilmədiyi, həmçinin 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə iddiaçının sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) 2-1(112)-3862/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı ilə iddia təmin olunmuş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdehin iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda iddiaçının Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux və Tovuz rayonları ərazisində tapşırıqları icra etdiyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, barəsində təqdim olunmuş arayışməlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və ləğv olunmalıdır. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Qeyd olunanlardan görünür ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növü üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Apellyasiya baxışı zaman məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclaslarında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan SHXÇDX Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissənin xx.xx.2024-cü il tarixli 94 nömrəli arayışında qeyd olunur ki, əsgər İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0110 və xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrləri ilə Maddi texniki təminat bölüyünün tərkibində döyüş fəaliyyətlərinə cəlb edilmişdir. Döyüş əməliyyatları zamanı arxa cəbhə təminatında bilavasitə iştrak etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin «N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında» 687 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə tərkibində KM - Gəncə, 1-ci divizion - Zəlimxan, 2-ci divizion - Təzəkənd, 3-cü divizion könüllü, 4-cü divizion - Səməd Vurğun, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası Əlimərdanlı və 41-ci batareyası Pirili olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və Gəncə beynəlxalq hava limanını, Dəllər aerodromunu, Şəmkir və Yenikənd su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, ölkə dərinliklərinə irəliləməsinə yol vərməməsi, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İcevan Qazax-Şəmkir, Berd - Tovuz-Şəmkir, Vardenis - Gədəbəy-Şəmkir, Vardenis - Daşkəsən- Gəncə istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, madditexniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlərin tam həyata keçirilməsi, maddi-texniki təminat bölüyü - Göygöl-Gəncə-Şəmkir-Qapanlı-Miskinli- Köbər-Səməd Vurğun-Ağstafa- Zəlimxan marşrutu ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin etsin, AKM-dən verilən tapşırıqlara əsasən bölmələrin maddi vəsaitlər ilə təmin olunmasına hazır olması əmr edilmişdir. Cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün şəxsi heyəti: əsgər İddiaçı. Döyüş fəaliyyətinə hazırlığı – Daimi. İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayışməlumatdan görünür ki, əsgər nəqliyyat taqımının sürücüsü İddiaçı N nömrəli hərbi hissənin tərkibində 27.09-xx.xx.2020-ci illərdə Hərbi Hava Qüvvələri komandanın xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri ilə Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında döyüş əməliyyatlarına cəlb edilmiş, bilavasitə iştirak edən quru qoşunlarını havadan dəstəkləyən, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrin atəş altından çıxarılması üçün kömək edilməsi, ehtiyat mövqeyə çıxarılması və həmin bölmələrin təminatında iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 10-cu və 11-ci abzalarına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissənin xx.xx.2024-cü il tarixli 94 nömrəli arayışından və N nömrəli hərbi hissə komandirinin «N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında» 687 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən isə görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri ilə Maddi texniki təminat bölüyünün tərkibində döyüş fəaliyyətlərinə cəlb edilmişdir. Eyni zamanda, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, əsgər nəqliyyat taqımının sürücüsü İddiaçı N nömrəli hərbi hissənin tərkibində 27.09-xx.xx.2020-ci illərdə Hərbi Hava Qüvvələri komandanın və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri ilə Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz rayonlarında döyüş əməliyyatlarına cəlb edilmiş, bilavasitə iştirak edən quru qoşunlarını havadan dəstəkləyən, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən bölmələrin atəş altından çıxarılması üçün kömək edilməsi, ehtiyat mövqeyə çıxarılması və həmin bölmələrin təminatında iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3862/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar