Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3642/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) “Azneft" İsehsalat Birliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “qərarın etibarsız hesab edilməsi qərarın etibarsız hesabedilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7096/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) "Azneft" İsehsalat Birliyi (“İB”) cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Əzizbəyov Rayonu Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (“XDS İK”) xx.xx.1990-cu il tarixli, 3 nömrəli "fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə" qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının nümayəndələri tərəfindən “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-yə neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, Xəzər rayonu Buzovna-Maştağa yolunun solunda 39T421887;4485315 koordinatlarda yerləşən bir hissəsində, vət. X2 tərəfindən özbaşına tikinti işləri aparıldığı müəyyən edilmişdir. tikintinin dayandırılmasını tələb edərkən həmin vətəndaş tərəfindən keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990cı il tarixli 3 saylı qərarına əsasən Manafov vət. Manaf Qüdrət oğluna fərdi ev tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılması haqqında sənədlər və etibarnamənin surətini NQÇİ-nin nümayəndələrinə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh qanunsuz olaraq “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsini fərdi ev tikmək üçün ayrılmaqla, iddiaçının hüquqlarını pozmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaratmışdır. Cavabdeh iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Quruda Neft və X1 xx.xx.1999-cu il tarixli, JC-011/1865 saylı və xx.xx.1999-cu il tarixli, JC-011/252 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il, 208 və 673 nömrəli Sərəncamları ilə H Z.Tağıyev adına NQÇİ-yə məxsus Buzovna-Maştağa yatağından ümumilikdə 212 hektar torpaq sahələri geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi və Rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəlləsinin (İPM) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İşin hallarında göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 31 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Əzizbəyov XDS İK-nin qərarından xəbərdar, məlumatlı olmaması inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, uzun illər ərzində qeyd olunan ərazidə yaşayış massivi salınmış və hal-hazırda vətəndaşların istifadəsindədir. Bununla əlaqədar olaraq hazırki iş üzrə cavabdeh inzibati orqan kimi Xəzər Rayon İcra Hakimiyyəti cəlb oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7096/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndələri tikintinin dayandırılmasını tələb edərkən, vətəndaş S.Kişiyeva Əzizbəyov XDS İK-nin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılası barədə 3 saylı xx.xx.1990-cı il tarixli qərarını təqdim etmişdir. Həmin qərarın lazımi qaydada təsdiq olunmuş surəti iddiaçıya təqdim edilməmişdir. Qərar qəbul olunduğu vaxt qüvvədə olan Torpaq Məcəlləsinin 6-cı, 134-cü, 137-ci maddələrinin tələblərinə görə sənaye, nəqliyyat, digər qeyr-kənd təsərrüfatı müəssisələri idarələrivə təşkilatları istifadə etmədikləritorpaqları rayon və yaşəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin,idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Mübahisəli qərarla ayrılmış torpaq sahəsi xx.xx.1976-cı ildən ARDNŞ-in daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon XDS İK-nə aid olmamışdır. İnzibati icraat haqqında Qanunun 65-ci maddəsinin müddəalarından cavabdehin mübahisələndirilən qərarının üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi etibarsız hesab edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Tağıyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sözügedən norma, mənası baxımından belə təfsirə malikdir ki, istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, iddia müddətləri çərçivəsində subyektiv hüququ olan şəxs tərəfindən, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqların pozulması formal oraraq (müvafiq sübutları əlavə edilməklə) əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə hazırkı iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyinə görə (o cümlədən iddia müddəti buraxıdığından) birinci instansyia məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində məhkəmənin həmin qərarı ilə razılaşmayraq mübahisələndirir ki, cavabdehin qərarı ona təqdim edilməmiş, həmin qərarla ayrılmış torpaq sahəsində özbaşına tikinti işləri aparılarkən, məlumat əldə edilmiş və bundan sonra da məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi ona görə ki, nümayəndələri tərəfindən mübahisəli torpaq sahəsində aparılan özbaşına tikinti işlərinin nə vaxt dayandırılmasının tələb olunması və qərar barədə nə vaxt nümayəndələrinə məlumat verilməsi sübutlarla əsaslandırılmır. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin xx.xx.1976-cı ildə neft-qaz hasilatı məqsədilə Azneft İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verildiyini bildirən iddiaçıya, elə həmin vaxtdan da, sənayəe məqsədləri üçün aayrılan həmin torpaq sahəsinin sərhədləri bəlli olmuş, deməli, cavabdehin sözügedən qərarı ilə də «vət. X3 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmasını bilməli idi. Ən azından həmin ərazidə, yaşayış massivi belə salınmasından, o cümlədəni həmin massivdə cavabdehin mübahisələndirilən qərarı ilə sözügedən vətəndaşa ayrılan torpaq sahəsinin yerləşməsindən, ötən bu 30 il ərzində məlumatlı olmalı idi. Yəni, xx.xx.1976-cı ildən neftqaz hasilatı məqsədilə Azneft İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş həmin torpaq sahəsinin konkret sərhəd və hüdudları iddiaçı üçün bəlli olduğu halda, bu hüdudlar çərçivəsində torpaqla bağlı baş verən bütün qanunsuz hərəkətlər və sərəncamlardan xəbəri olmalı idi və həmin vaxt qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyə uyğun olaraq, ona məxsus torpaq sahəsinə münasibətdə bütun bu qanunsuz müdaxilələrin qarşısının almalı idi. Həmin vaxt qüvvədə olmuş (xx.xx.1964-cü ildə qəbul olunmuş, xx.xx.1965-cci ildən qüvvəyə minmişvə xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş ) Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi isə nəzərdə tuturdu ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təhkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İşin konkret hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən həmin iddia müddəti ötürülmüşdür. Həmin Məcəllənin 77-ci maddəsi ilə isə edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq edilir. Digər tərəfdən, iddiaçının özünün də istinad etdiyi, hazırda qüvvədə olan «İnzibati icraat haqqında» Qanunun tələblərinə gəldikdə, həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Konkret halda, iddiaçı cavabdehin xx.xx.1990-cu il tarixli qərarının qanunsuz olduğunu mübahisələndirməkdə məqsədi, əslində, həmin qərarın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddiası faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, konkret halda, İPM-in 36.1-cı maddəsinə müvafiq, həmin qərarın etibarsızlığının tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddiatələbinə münasibətdə subsidiar xarakter daşıyır. Belə olan təqdirdə, qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddət buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. (Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır). Beləliklə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7096/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7096/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3642/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3642/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver