Məhkəmə qərarları › İş №2-1(103)-3642/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3642/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3642/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 14 aprel 2023-cü il tarilxi 3-17-4/3-3-2258/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir (ESDAS **********9). Yenidən əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 506 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Soltərəfli ekssudativ plevritlə fəsadlaşmışhər iki ağciyərin infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində. BK (-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi 'Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərarətdən, guru öskürəkdən, təngnəfəslikdən, qanhayxırmaları şikayətlənmişdir. Müayinə zamanı saturasiyası 97 %, nəbzi 101 vurğu müəyyən edilmiş, auskultasiyada sol ağciyərin orta və aşağı paylarında tənəffüs keciriciliyi zəifləmişdir. Hal-hazırda medikamentoz preparatlardan "İzoniazid" gəbul etdiyini bidirmisdir” kimi qeyd olunmuş, əlavə müalicəyə ehtiyacı olması barədə qərarı qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, halsızlıq, yüksək hərarətdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ağciyərindən əməliyyat keçirdiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsində assimetriya izlənilmiş, auskultasiyada sol ağciyərin aşağı paylarında ötürücülük zəifləmiş, sərt quru xırıltılar eşidilmiş, saturasiyası (Sp02) fiziki gərginlikdən dərhal sonra 91-92%, sakit vəziyyətdə Sp02 97-98%-ə qədər yüksəlmiş, nəbzi 124 vurğu, boyu 169 sm, çəkisi 75 kq, BKİ=26.7 müəyyənləşdirilmişdir. Təqdim olunmuş rentgen şəklində sol ağciyərin aşağı və orta paylarında böyük sklerotik sahə izlənilmişdir. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 2 nömrəli Vərəm Əleyhinə dispanserin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Ağciyərlərin fibroz-kavernoz vərəmi. TDM (-) mənfi. Qanhayxırma. Tənəffüs çatmamazlıqı İİ dərəcə” kimi müəyyənləşdirilmişdir. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz “Sağ ağciyərin sirrotik vərəmi sağa səpələnmə ilə. Qarısıq tipli kəskin ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsində” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. X1 İnstitutunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarısıq tipli kəskin ventilyasiva pozğunluğu qeyd olunur. FVC 29%, FEV1 26%” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.

3. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfinədn müraciətinin təmin edilməsindən imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2ci dərəcə müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən təyin olunmasının qanunsuz hesab edilməsi, əlilliyin tarixinin dəyişdirilərək ona 2-ci dərəcə müddətsiz əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik dərəcəsnə görə pensiya alır. Həmin xəstəlik sağalmaz xəstəlikdir. Belə ki, ona tənəffüs orqanlarının vərəmi, bakterioloji və histoloji təsdiq edilməmiş, sol ağ ciyərinin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə, TDM (- ).Xroniki respirator, çatmamazlıq, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, Xroniki tənəffüz çatmamazlığı 3-cü dərəcə diaqnoz qoyulmuşdur. Bir sözlə onun sol ağ ciyəri yoxdur. Yəni bu da, onu göstərir ki, onun xəstəliyi sağalmaz xəstəlikdir. Ağ ciyəri yenidən əmələ gələsi və yaxud yerinə başqası qoyulası deyildir. Ancaq ona təyin olunmuş 2-ci dərəcəli əlillik 2021-ci ilin iyul ayından əsassız olaraq kəsilmişdir. Bununla bağlı bir çox qurumlara müraciət etmiş və nəticədə ona yenidən əlillik xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur. İnzibati orqana müraciət etsə də, tarix dəyişdirilməmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən 1 il 9 ay keçdikdən sonra əlillik qiymətləndirilməsi nəticəsində yenidən əlillik müəyyən edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda əlillik təyinatı müddətinin xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdən təyin edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hətta göndərişlərin məzmunun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən (hazırki iş üzrə mübahisələndirilməmişdir) əlilliyin təyinatı tarixinin dəyişdirilməsinə dair iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır .

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .

d) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

16. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

22. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Sonradan xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə ilə. TDM(-). Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİİ dərəcə.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi => ll-lll dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ikinci dərəcəli əlillik təyin edilmişdir.

23. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci dərəcə müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən təyin olunmasının qanunsuz hesab edilməsi, əlilliyin tarixinin dəyişdirilərək ona 2-ci dərəcə müddətsiz əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə Kollegiyası cavabdehin iddiaya etirazının dəlilləri ilə razılaşaraq bildirir ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və ikinci dərəcəli əlillik təyin edilmişdir.Lakin xx.xx.2021-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-xəstənin 1 gün də olsa müalicəsi yoxdur.İxtisaslaşmış müalicəyə ehtiyacı var” barədə, xx.xx.2022-ci il tarixli göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” əsası ilə imtina qərarları verilmiş, həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

26. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya əlillik təyin edilməsindən xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə imtina edilmiş, həmin imtina iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi).

27. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

28. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına»və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

29. Beləliklə, iddiaçıya əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə ziddir.

30. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır.Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün səlahiyyəti ilə əvəz edə bilməz.

31. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir.Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

33. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tətbiq edilən hüquq normalarından da göründüyü kimi, iddiaçı həmin imtina qərarlarını mübahisələndirdiyi halda onun əyani müayinəyə cəlb olunması ilə inzibati icraat aparıla bilər.

34. Beləliklə, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına əsaslanaraq məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələbi və iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar