Məhkəmə qərarları › İş №2-1(103)-3643/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3643/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3643/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2691/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli, **********481900 nömrəli elektron ərizəsi üzrə ƏDV məbləğinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli digər qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi aşağıdakı məzmunda dəqiqləşdirilmişdir: “Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli **********289200 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edilərək əlavə dəyər vergisinin yekun məbləği 5051,70 manat barədə məlumatın müvəkkil banka göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” Məhkəmənin qərardadı ilə "xxxx" MTK (bundan sonra – üçüncü şəxs) adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayon Qarasüleymanlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə ipoteka krediti vasitəsilə ev almaq məqsədilə üçüncü şəxsə müraciət etmişdir. Üçüncü şəxslə bağlanan xx.xx.2022-ci il tarixli, 0350 saylı Payçı müqaviləsinə əsasən üçüncü şəxs Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 241 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 saylı, 2 otaqlı mənzili tikib, payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 110389 manat təşkil edir. İddiaçı müqavilənin ilkin ödənişi kimi 20 faiz, yəni 22389 manat məbləğində avans ödəniş etmişdir. Mənzilin qalıq ödənişi 88000 manat təşkil etmişdir. "xxxx" ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, AVP045 saylı kredit müqaviləsinə əsasən bankdan 88000 manat kredit alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ƏDV-nin qaytarılması üçün elektron qaydada cavabdehə müraciət göndərmişdir. xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə cavabdeh tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar göndərilmişdir. Həmin qərara əsasən alıcı tərəfindən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilmədiyi üçün ƏDV-nin qaytarılmasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş uyğunsuzluğu müəyyən etmək üçün iddiaçı üçüncü şəxsin satış ofisinə müraciət etmişdir. Orada ona bildiriblər ki, əlavə dəyər vergisi ödənilmiş, sadəcə olaraq göstərilən Fərmanda qeyd edildiyi kimi ayrıca ƏDV-nin depozit hesabına deyil, yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) eyni hesaba ödənilib. Yaranmış bu problemlərdən sonra artıq cari satışlarda ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəyirlər. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehə şəxsən müraciət edərək yaranmış məsələni aydınlaşdırmağı xahiş etmişdir. Cavabdehin əməkdaşı heç bir qanunsuzluğun olmadığını, qərardan şikayət edə biləcəyini bildirmişdir. Göründüyü kimi, yaranmış vəziyyət üçüncü şəxslə cavabdeh arasında yaranmış problemdir. Üçüncü şəxsin səhvi ucbatından, iddiaçıya ƏDV məbləğinin ödənilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazın dəlilləri: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********088400 nömrəli qərar qəbul edilmişdir. Əlavə dəyər vergisinin qaytarılmasından imtina barədə qərar iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçının müraciətinin araşdırılmasının nəticəsi üzrə qəbul edilən qərar qanuni və əsaslı olmuşdur. Odur ki, iddia ərizəsində göstərilənlər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2691/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli, **********289200 saylı qərarının ləğv edilməsi, İddiaçı ödənilməli əlavə dəyər vergisinin yekun məbləği olan 5051 (beş min əlli bir) manat 70 (yetmiş) qəpik vəsait barədə məlumatın müvəkkil banka göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2691/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0350 nömrəli payçı müqaviləsindən görünür ki, üçüncü şəxs pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili tikib, payçının (iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin üçüncü şəxsə ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 110389 manat təşkil edir. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 20%-ni təşkil etməklə, iddiaçı müqavilə imzalandıqda dərhal 22389 manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. İddiaçı müqavilənin ümumi dəyərinin qalıq 88000 manat məbləğində pul vəsaitini aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. -"xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 04 iyul 2022-ci il tarixli, AVP-045 nömrəli kredit müqaviləsinə əsasən bank iddiaçıya 120 ay müddətində (xx.xx.2032-ci il tarixədək) 88000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% (on ) faiz ödəmək şərtilə kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı Saziş çərçivəsində Bakı şəhəri, A.M.Şərifzadə küçəsi 241 inşa olunan, bina 9, mərtəbə 8, ümumi sahəsi 76.13 kv.m olan 2 otaqlı 4 nömrəli mənzilin alınması qeyd olunmuşdur. -İlkin ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən aldığı mənzilə görə 22389 manat məbləğində pul vəsaiti üçüncü şəxsin "xxxx" ASC-də bank hesabına ödənilmişdir. -Üçüncü şəxsin "xxxx" ASC-yə ünvanlanmış 01 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 iyul 2022-ci il tarixli, 0350 saylı payçı müqaviləsinə əsasən 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 4 saylı, 2 otaqlı, 76.13 kv.metr olan mənzilinin pay dəyərinin bir hissəsi, 22389 manat məbləğində ilkin ödəniş şəklində iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin qalıq ödənişi 88 000 manat təşkil edir. - Cavabdeh tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, **********289200 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ilə üçüncü şəxs arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmış və iddiaçı həmin mənzilin dəyərini əlavə dəyər vergisi (bundan sonra - ƏDV) ilə birlikdə üçüncü şəxsin hesabına keçirmişdir. Bundan sonra, iddiaçı ödənilmiş ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina barədə qərar qəbul etmişdir. İmtinaya əsas kimi isə cavabdeh iddiaçı tərəfindən ƏDV-nin üçüncü şəxsin ƏDV hesabına keçirilmədiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən alınan mənzilin dəyəri ilə yanaşı ƏDV-nin də üçüncü şəxsin hesabına ödənilməsi işin mübahisəsiz halıdır. Üçüncü şəxsin nümayəndəsi də məhkəmə iclasında həmin halı təsdiq etmişdir. Eyni zamanda, həmin hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Üçüncü şəxs bina tikintisi ilə məşğul olan hüquqi şəxsdir və məlum məsələdir ki, hesablaşmalar zamanı vəsaitin hansı hesaba ödənilməsi iddiaçının iradəsindən asılı olmamışdır. Həmçinin, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında 2022-ci il üçün vergi orqanına təqdim edilmiş bəyannamələrdə həmin vəsaitin də bəyan edildiyi və ƏDV-nin ödənildiyi qeyd etmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdehin 10 mart 2023-cü il tarixli qərarı ilə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, “...alıcı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 452 nömrəli müqavilə və bank ödəniş sənədləri əlavə edilmişdir. Qaydanın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz məbləği nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir). Lakin alıcı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin mənzillərlə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal iddiaçının təqsiri ucbatından olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas deyildir. Hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan mənzilərin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV vergisi ödəmiş və hesabat təqdim etmişdir. Belə olan halda, ƏDV məbləğinin cavabdehdən (dövlət büdcəsindən) deyil, MTK-dan tələb edilməsi, MTK-nın əsassız olaraq artıq ƏDV vergisi ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 № li Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»ndan: Bənd 2. ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən. Göründüyü kimi, ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günün müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Qanunvericilik normalarından görünür ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmuşdur. MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etmişdir. İş materiallarında cavabdeh tərəfindən MTK-nın satdığı mənzillərə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə alqı-satqı müqaviləsinin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənilmiş, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyyəyə cəlb olunan məbləğdən ƏDV vergisi ödəmiş və hesabat təqdim etmişdir. Həmçinin, iddiaçı tərəfindən vəsaitin səhv hesaba ödənilməsi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Qanunvericiliyin müddəalarına formal olaraq əsaslanmaqla iddiaçıya imtina verilməsi onun hüquqlarının əsassız pozulmasına gətirib çıxarır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli, **********289200 saylı qərarının ləğv edilməsi, İddiaçı ödənilməli əlavə dəyər vergisinin yekun məbləği olan 5051 (beş min əlli bir) manat 70 (yetmiş) qəpik vəsait barədə məlumatın müvəkkil banka göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın veriyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2691/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar