Məhkəmə qərarları › İş №2-1(103)-3644/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3644/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3644/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsi, fərdi yaşayış evi və anbar üzərində hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi, dəymiş maddi və mənəvi ziyanın tutulması» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1430/2018 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsi, fərdi yaşayış evi və anbar üzərində hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi, dəymiş maddi və mənəvi ziyanın tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1430/2018 saylı iş üzrə 1 may 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-230/2019 saylı iş üzrə 7 mart 2019-cu il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1430/2018 saylı iş üzrə 1 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2155/2019 saylı iş üzrə 24 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-230/2019 saylı 7 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1430/2018 saylı iş üzrə 1 may 2018-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1430/2018 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1430/2018 saylı, 25 iyun 2023-cü il tarixli qərardadından narazı qalan ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və 4 saylı Abşeron Ərazi İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1430/2018 saylı, 01 may 2018-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin mümkün sayılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)1430/2018 saylı qərarının icrası prosesində aparılan araşdırma zamanı: 1. Sözügedən inzibati iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh qismində məhkəmə icraatına cəlb olunmadığı; 2. Mübahisə predmeti olan 0.10 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Sözügedən qərarın icrası zamanı ortaya çıxan maneələr səbəbindən 4 saylı Abşeron Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1430/2018 saylı, 01 may 2018-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1430/2018 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün hesab edilməmişdir. Əsas qismində isə 4 saylı Abşeron Ərazi İdarəsinin belə ərizə vermək hüququnun olmaması göstərilmişdir. Məhkəmənin göstərilən qərardadı 01 avqust 2023-cü il tarixində İdarəyə daxil olduğundan Azərbaycan Respublikası İPM-nin 85-ci maddəsinə əsasən şikayət vermək hüququ yaranmışdır. Qeyd olunur ki, göstərilən inzibati iş üzrə apellyasiya instansiyası icraatı zamanı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin Abşeron ravonu ərazisində yerləşməsinə əsaslanaraq, cavabdehin 4 saylı Abşeron arazi İdarəsi ilə əvəzlənməsi barədə şifahi vəsatət verilmiş, lakin Bakı Apellyasiva Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən vəsatət rədd edilmişdir. Mübahisəli torpaq sahəsinin daşınmaz əmlak və elektron baza məlumatları Abşeron ravonunun inzibati ərazisində yerləşdiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1430/2018 saylı qərarının icrası dolayı yolla da olsa 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoymuşdur və onun qanuni maraqlarına toxunmaqdadır. Buna baxmayaraq, 4 saylı Abşeron Ərazi İdarəsi 2-1(82)- 1430/2018 saylı inzibati iş üzrə nəinki tərəf, proses iştirakçısı qismində belə icraata cəlb olunmamışdır. Hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin göstərilən inzibati iş üzrə icraata cəlb olunmaması ondan asılı olmayan səbəblərdən qaynaqlandığı üçün yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün hesab edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı” ərizəsinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 3) müraciət edən şəxslərin dairəsi. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək hüququ olan şəxslərlə bağlıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Göründüyü kimi, prosessual qanunvericilik normaları qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə təzələnməsini mümkün sayır, lakin bunu yalnız ilkin məhkəmə icraatında proses iştirakçısı qismində çıxış etmiş şəxsin (və ya orqanın) ərizəsi ilə şərtləndirir. Hazırkı halda isə, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə məhkəmə icraatının iştirakçısı olmayan Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmişdir. Halbuki, adıçəkilən qurumun bu işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə vermək hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Kollegiya hesab edir ki, biricn instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “yeni açılmış hallarla bağlı” ərizə məhkəməyə buna hüququ olmayan şəxs (orqan) tərəfindən verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fərqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişdirmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas vermir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 100-107, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1430/2018 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar