Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3645/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində doğumunun qeydə alınması və iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində, 5 saylı doğum evində doğulmuşdur. Atası xx.xx.1965-ci il təvəllüdlü X5, anası isə xx.xx.1970-ci il təvəllüdlü X1r. İddiaçı doğulduqdan sonra onun valideyinləri qeydiyyat şöbəsinə müraciət etmədikləri üçün, onun doğum haqqında şəhadətnaməsi yoxdur. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilmiş, məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icraatın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının ata-anası onun doğum faktını etiraf edir.İddiaçının şəxsiyyət vəsiqəsi olmaması səbəbindən onun mülki qaydada məhkəməyə müraciət etməsi də mümkünsüzdür. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü bəndinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Məhkəmə araşdırılması zamanı 5 saylı şəhər kliniki xəstəxanasına sorğu ünvanlanaraq, 10 noyabr 1970-ci il təvəllüdlü X2 tərəfindən xx.xx.1995-ci il tarixində xəstəxanada qız uşagı doğulması barədə arayışının təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “X10” publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2024cü il tarixli, 18-1-2/2-1475/2024 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, X2 xx.xx.1995-ci il tarixində X8 qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 3.0.-cü maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2.-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsini) təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. Belə olduğu halda məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə ona aid sənədlərin verilməsi vəzifəsinin qoyulması mümkün deyil. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və yuxarıda istinad olunan 5 saylı şəhər kliniki xəstəxanasından məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərdən də hazırda iddianı qaldıran şəxsin İddiaçı olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, doğum faktının müəyyən olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3645/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3645/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver