Məhkəmə qərarları › İş №2-1(103)-3645/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3645/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3645/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “torpaq sahəsinə dair istifadə (icarə) hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda yerləşən torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinə müraciət edərək, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 6400,0 kv.m torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün uzun müddətli verilməklə həmin torpaq sahəsində müvafiq tikililərin aparılmasına icazə verilməsi üçün müraciət etmişdir. Bakı şəhər Xəzər rayon Icra Hakimiyyətinin Başçısının ## ###### 2012-ci il tarixli *** saylı qərarı ilə ona, qeyd olunan Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda yerləşən 6400 kv.m torpaq sahəsinin istifadəsinə verilməklə abadlaşdırılmasına və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra, o, öz vəsaiti hesabına həmin torpaq sahəsini abadlaşdırmış və həmin torpaq sahəsində tikinti işləri aparmış, icarə müqaviləsinə əsasən istifadəsinə verilən həmin torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. O, Bakı şəhər Xəzər rayon Icra Hakimiyyətinə istifadəsinə verilmiş, 10 ildən artıq istifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciət etdikdə ona bildirmişlər ki, qeyd olunan daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etsin. Bundan sonra o, bütün lazımı sənədləri təqdim etməklə Bakı şəhər Xəzər rayon Icra Hakimiyyətinin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamı ilə ona ayrılmış və sonradan onun vəsaiti hesabına abadlaşdırılmış uzun illərdir ki, istifadəsində olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi üçün cavbdeh DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdeh DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsi mübahisəli torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə müraciətlərinə münasibət bildirməmişdir. Baxmayaraq ki, onun müraciətlərindən sonra cavabdeh dəfələrlə mübahisəli torpaq sahəsində olmuş, mühəndis ölçü işləri aparmış, torpaq sahəsinin kordinatlarını müəyyənləşdirmişdir. Bu səbəbdən də, məcbur olub hazırda məhkəməyə müraciət edir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinin ##.##.2012-ci il tarixli, *** saylı sərəncamı ilə icarəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda yerləşən 6,383 kv.m ölçüdə torpaq sahəsinə istifadə (icarə) hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, torpaq sahəsinə dair yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə ölçüsü 6400.0 kv.m., faktiki isə 6383.0 kv.m təşkil edir. Iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin maddənin 4-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Həmin maddənin 4-1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Həmin maddənin 7-ci bəndinə əsasən torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı ##.##.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Inzibati işin faktiki hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2012-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı ərizə ilə RIH-nə müraciət edərək, Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 6400,0m2 torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilməsini, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsini xahiş etmiş, bununla əlaqədar olaraq, «Yerli Icra Hakimiyyəti haqqında» əsasnamənin 28 və 32-ci, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinin azad sahibkarlığın inkişafına köməklik göstərmək və İddiaçı müraciətini nəzərə alaraq vətəndaş İddiaçı Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 6400.0m2 torpaq sahəsini və onun ətrafını abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. Həmçinin Xəzər rayon Icra Hakimiyyəti başçısı ilə İddiaçı arasında bağlanan ##.##.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, Xəzər rayon Icra Hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli ** saylı sərəncamı əsasında Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış 6400,0m2 boş sahəni təmiz sahəyə çevrilərək, orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə vermişdir. 6400,0m2 üçün illik icarə haqqı 40 (qırx) manat «ƏDV»siz təşkil etmişdir. Müqavilə ##.##.2012-ci il tarixdən ##.##.2111-ci il tarixinə qədər müddətə bağlanılmışdır. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamış, məhkəmə icraatının gedişində məhkəməyə təqdim edilmiş etirazda imtinanın əsasları kimi torpaq sahəsinə dair yerləşmə cizgisində istinad, istinad məsafəsinin qeyd edilməməsi səbəbindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmaması, bundan başqa, torpaq sahəsinin sənəd üzrə ölçüsünun 6400.0 kv.m, faktiki isə 6383.0 kv.m. təşkil etməsinə istinad edilmişdir. Cavabdehin hazırki apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisində istinad nöqtələri, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək əvvəla qeyd edir ki, iddiaçının qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədi mövcuddur. Belə ki, yerli icra hakimiyyəti orqanının torpaq sahəsinin icarəyə verilməsinə dair inzibati aktı ləğv edilməmiş, etibarsız hesab edilməmiş, dəyişdirilməmiş, geri çağrılmamışdır. Bununla bağlı cavabdeh də mübahisə açmır. Lakin cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının torpaq sahəsinə dair yerləşmə cizgisində istinad nöqtələri, istinad məsafəsinin qeyd edilməməsi səbəbindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edilən dəlili əsaslı hesab edir. Doğrudur, formalaşmış məhkəmə praktikasına əsasən iddiaçıların hüquqmüəyyənedici sənədinə əlavə edilmiş yerləşmə cizgisində hər hansı uyğunsuzluqların olması onların məsuliyyət sferasına aid edilməmiş və bu zaman məhkəmə qərarlarında diqqətə çatdırılmışdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət etməklə həyata keçirməsi tapşırılmışdır: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Lakin hazırki inzibati iş üzrə mübahisəli məqam ondan ibarətdir ki, iddiaçı ümumiyyətlə 2012-ci ildən sahibkarlıq məqsədilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin yerini dəqiq göstərə bilmir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, inzibati iş materiallarından da göründüyü kimi iddiaçı nə birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı, nə də ki, apellyasiya instansiya məhkəməsində araşdırma zamanı şəxsən iştirak etmiş və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmişdir. Məhkəmə iclaslarında yalnız vəkili ilə təmsil olunmuş, vəkili isə iddiaçı ilə şəxsən deyil, onun etibarnamə əsasında səlahiyyət ötürdüyü digər bir şəxslə müqavilə bağladığını və bu əsasla iddiaçının səlahiyyətərini nümayəndə qismində təmsil edə bilmədiyini təqdim edə bildirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, IPM-in 12.1 və 12.2-ci maddələri ilə müəyyən edilmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, IPM-nin 12.3-cu maddəsində o da qeyd edilmişdir ki, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Göründüyü kimi, inzibati prosesdə məhkəmə işin hallarının hərtərəfli araşdırılması vəzifəsinə malik olsa da, iddia qaldırmış iddiaçı öz tələbinin əsasları barədə sübutları təqdim etməyə borcludur. Bir daha kollegiya vurğulayır ki, hazırki tip işlər üzrə hüquqmüəyyənedici sənədinin özünün mövcudluğu kifayət hesab edilmir, şəxslər onlara ayrılmış torpaq sahəsinin yerini dəqiq bilməli, buna dair plan ölçü sənədini təqdim etməlidirlər. Bir halda ki, inzibati aktın məzmunundan da göründüyü kimi torpaq sahəsi 2012-ci ildən şəxsin sahibkarlıqla məşğul olması məqsədilə onun icarəsinə ayrılmış və buna dair də inzibati orqanla müqavilə bağlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd edilən dəlilinin yoxlanılması məqsədilə tərəflərin iştirakı ilə yerli baxış təşkil olunmuş, məhkəmə tərkibi tərəfindən mübahisəli iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Özünü “gözətçi” kimi təqdim edən və iddiaçını şəxsən tanımadığını bildirmiş şəxs, məhkəmə tərəfindən baxış zamanı iddia olunan torpaq sahəsi kimi hasar daxilində yerləşən torpaq sahəsini göstərmiş, yerli baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 0.3074 ha olduğu, hər tərəfinin mişar daşı ilə əhatələndiyi, 3 tərəfi qonşu, 1 tərəfi isə yoldur, torpaq sahəsində tikili mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 0.3074 ha-dır, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir, 3 tərəfi qonşu, 1 tərəfi isə yoldur, torpaq sahəsində tikili mövcud deyil. Iddiaçının göstərdiyi hasardaxili torpaq sahəsinin koordinat cədvəli işə əlavə edilmişdir. Göründüyü kimi, işin hallarından belə anlaşılır ki, iddiaçı inzibati icraat zamanı fərqli sahə göstərmiş və bu əsasla cavabdeh ilkin müayinə aktında faktiki sahənin 6383 kv.m. olduğunu qeyd etmiş, apellyasiya araşdırması zamanı isə göstərilən ərazi fərqli olmuş və hasar daxilində yerləşən sahənin ölçüsünün 3074 kv.m. olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyasında gəlinən qənaət ondan ibarətdir ki, iddiaçı hüquqmüəyyənedici sənədə malik olsa da, iddia etdiyi torpaq sahəsinin yerini bilmir və məhkəmə araşdırmaları zamanı da 2012-ci ilin inzibati aktı ilə istifadəsinə ayrılmış və barəsində torpaq sahəsinin icarə müqaviləsi bağlanmış torpaq sahəsinin yerləşmə mövqeyini dəqiq olaraq göstərə bilməmişdir. Bu hal isə mübahisəli torpaq sahəsi ilə bağlı qanunvericiliklə tələb olunan formada plan ölçü sənədinin mövcud olmaması qənaətinə gəlməyə imkan verir. Kollegiya bir daha vurğulayır ki, qanunverici tərəfindən qeyd edilən şərtin mövcudluğu ondan irəli gəlir ki, dövlət qeydiyyatı abstrakt və qeyri-müəyyən obyekt barəsində deyil, hüquqi və faktiki cəhətdən müəyyən edilmiş konkret daşınmaz əmlak barəsində aparılır. Iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi sərəncam torpaq sahəsinin icrarəyə verilməsini nəzərdə tutsa da, torpaq sahəsinin dəqiq sərhədlərini və yerləşmə yerini müəyyən etmir. Işə əlavə edilmiş sxematik cizgi isə torpaq sahəsinin identifikasiyası üçün yararlı hesab edilə bilməz. Halbuki məhkəmə kollegiyası qeyd edir ki, hüququn dövlət qeydiyyatına alınması üçün aşağıdakı hallar mübahisəsiz müəyyən edilməlidir: torpaq sahəsinin konkret yerləşmə yeri; sərhədləri; ölçüsü; koordinatları. Hazırkı iş üzrə isə həmin hallar sübuta yetirilməmişdir. Yerində baxış zamanı da göstərilən torpaq sahəsinin ölçüsü belə iddia edilən 6400 kv.m sahəyə uyğun gəlməmiş, təxminən 3000 kv.m olduğu müəyyən edilmişdir. Bundan əlavə, həmin torpaq sahəsinin məhz sərəncamla ayrılmış ərazi olması da müəyyən edilməmişdir. Belə olan halda qeyd edilir ki, dövlət qeydiyyatı orqanının üzərinə qeyri-müəyyən obyekt barəsində hüququn qeydə alınması öhdəliyi qoyula bilməz. Çünki belə halda qeydiyyata alınacaq obyektin hüquqi identikliyi və sərhədləri müəyyən edilməmiş qalır ki, bu da gələcəkdə digər şəxslərin hüquqlarının pozulmasına, torpaq mübahisələrinin yaranmasına və dövlət torpaq uçotunun pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqelərinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüquqi müəyyənlik prinsipinə əsaslanmalıdır. Hüquqi müəyyənlik isə hüquq obyektinin fərdiləşdirilməsini tələb edir. Iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi, torpaq sahəsinin yerini şəxsən göstərməməsi və əlavə sübutlar təqdim etməməsi də iddia tələbinin əsaslılığını təsdiq edən halların müəyyən edilməsini mümkünsüz etmişdir. Beləliklə, iş üzrə apellyasiya baxışı zamanı araşdırmaların nəticəsində müəyyən edildi ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi sərəncam mövcud olsa da, ona əlavə edilmiş torpaq sahəsinə dair yerləşmə cizgisində istinad nöqtələri, istinad məsafəsi qeyd edilməmiş, iddia olunan torpaq sahəsinin həmin yerləşmə sxemində qeyd edilən torpaq sahəsi olmasını təsdiq edən sübut təqdim edilmədiyindən cavabdeh inzibati orqanın imtinası haqlı olmuşdur. Belə olan halda apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (IPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh qarşı “torpaq sahəsinə dair istifadə (icarə) hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar