Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3646/2025 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, X18 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3912/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuşdur. xx.xx.2020-ci il tarixdən könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etmişdir. Fizuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə (Mülki) Sürücü vəzifəsində iştirak etmişdir. N nömrəli hərbi hissəyə Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəlb olunmuş və N nömrəli hərbi hissənin komandirinin əmri ilə hərbi hissənin siyahısından çıxardılaraq ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə (hərbi biletin notarial qaydada təqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. sənədləri ərizəyə əlavə etməklə) ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-T-113xx-xx/2024 saylı məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, təqdim olunan sənədlərə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidməti və ezamiyyətdə olması nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Hesab edir ki, ona müharibə veteranı statusu verilməlidir. Belə ki, 2020-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəyə daxil olması barədə və xx.xx.2020-ci il tarixində isə azad olunması barədə qeyd ona məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin Vİİ qrafasında öz əksini tapmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş iddiaçının adına tərtib olunmuş arayış məlumatda onun Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində bu barədə məlumat aşkar olunmamışdır. Belə ki, şəxsin qeyd olunan rayonlarda döyüş əməliyyatlarında iştirak etməsi üçün onun həmin ərazidə döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə, ya bölmələrə ezam olunmalıdır. Şəxsi bir hərbi hissədən digər hərbi hissəyə və ya bölməyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Odur ki, iddiaçının Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hər hansı bir məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də, iddia əsaslı sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3912/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,
28. İddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə sürücü qismində təhkim edilməsi və döyüş əməliyyatları bölgəsinə (Füzuli, Xocavənd, Cəbrayıl) ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində sürücü fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. .......
30. Beləliklə, cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının barəsində təqdim olunan sənədlərə əsəsən Müdəfiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidməti və ezamiyyətdə olması nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Məhkəmə qeyd olunan qərarında cavabdehin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminat üzrə tapşırığı yerinə yetirilməsi üçün ezam olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyini dəyərləndirərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların ciddi pozuntulara yol verməklə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair məhkəmənin qərarı əsassızdır. Maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1) 2020-ci ilin sentyabr 27-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Qərarda dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İddiaçı 3 oktyabr 2020-ci il tarixdən könüllü olaraq İİ Qarabağ müharibəsində getdiyini, Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə mülki sürücü vəzifəsində iştirak etdiyini, N nömrəli hərbi hissəyə Səfərbərlik və hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən cəlb olunduğunu, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci iltarixli əmri ilə hərbi hissənin siyahısından çıxardılaraq ehtiyata buraxıldığını iddia edir. İddiaçı barəsində N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı 3 oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Xocavənd rayonlarında maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirdiyi qeyd edilmişdir. Belə ki, həmin ərazilərdə maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirdiyi üçün onun həmin ərazilər də döyüşən hər hansı bir hərbi hissəyə ezam olunması əmri ilə təsdiq olunmalıdır. Lakin iddiaçının məhkəmənin istinad etdiyi N nömrəli hərbi hissənin arayışından görünür ki, döyüş əmrində iddiaçının adı olmamışdır. Göründüyü kimi iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi və maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır. İddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmədiyinə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı könüllü olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında könüllü olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Tərəflərin iştirakı:
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilm əməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 9 və 10- cu abzaslarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qanunvericilik normalarından göründüyü kimi, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: 1) O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; 2) bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Cavab inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı barəsində təqdim olunan sənədlərə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidməti və ezamiyyətdə olmağı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakı sənədləri nəzərdən keçirir. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş 2268 nömrəli ezamiyyət vəsiqəsinə əsasən İddiaçı sürücü kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən SOCAR Nəqliyyat İdarəsi tərəfindən 14-2-18/2-131/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla SOCAR Nəqliyyat İdarəsinin rəhbərliyi İddiaçı aid müvafiq sənədlərin surətləri (ezamiyyə vərəqələri, iddiaçının adının da qeyd olunduğu siyahılar) məhkəməyə təqdim edilmişdir. SOCAR Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 423-e nömrəli xx.xx.2020-ci il tarixli ezamiyyət haqqında əmrindən görünür ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli SOCAR**********30290068X00004 nömrəli məktubuna əsasən hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər aşağıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHKna cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunması əmr edilmişdir: Siyahıda 91-ci sırada-işçinin adı İddiaçı; nəqliyyat vasitəsinin markası Mercedes Benz 3340, NV-in təyinatı Özüboşaldan; DNN ** JM ***; Tarix 02.xx.xx.2020; Rayon HK Nizami; struktur bölmə 3AXTS. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş 14-2-18-4/2-130/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən Mercedes Benz 3340 markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhkim edilərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin sərəncamına verilmişdir (əmr №423-e ezamiyyet əmri və 446-e ezamiyyətin qısaldılması əmri). N nömrəli hərbi hissənin komandiri Əli Səttarov və nizami hissə üzrə rəisi baş leytenant Emin Əliyev tərəfindən tərtib edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu barədə arayış-məlumata əsasən Hərbi hissə:
041. Soyadı, adı atasının adı İddiaçı. Rütbəsi: mülki. Vəzifəsi: sürücü Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******. Fərdi identifikasiya nömrəsi (FİN): xxxxxxx. Döyüş əməliyyatları aparılan zaman (03.10- xx.xx.2020-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə 041, rütbəsi: mülki, vəzifəsi: sürücü. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması: xx.xx.2020-xx.xx.2020. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirilməsi: xx.xx.2020. Həmin dövrdə şəxsin maddi texniki təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunması: xx.xx.2020. İştirak etdiyi ərazilər: Fizuli, Cəbrayıl, Xocavənd rayonları. Texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Xəsarət almamışdır. Ehtiyata və ya istefaya buraxılmayıb. Göndərildiyi SHXÇDX-in idarəsinin, şöbəsinin (bölməsinin) adı Bakı şəhər Nizami rayon İdarəsi. Döyüşlərdə iştirakına görə təltif olunmayıb. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə (mülki) sürücü vəzifəsində fəaliyyət göstərib. N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş “Vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” 2150 nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi kapitan X16, hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi vəzifəsini icra edən kapitan X14, hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi vəzifəsini icra edən kapitan X11, hərbi hissənin nizami hissə rəisi baş leytenant X21, qərargah taqımının, rabitə manqasınn manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X2 aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən də, İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 554 nömrəli arayışına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi fəaliyyət göstərməsinə baxmayaraq, hərbi hissəyə ezamiyyətə xx.xx.2020-ci il tarixdə gəlmiş, hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir. Lakin vətəndaş İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat idarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 2268 nömrəli ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdə gəlməsi və xx.xx.2020-ci il tarixdən hərbi hissədən getməsi barədə hərbi hissənin möhürü ilə təsdiq olunmamışdır. N nömrəli hərbi hissənin qərargah taqımının rabitə manqa komandiri Sahib Məmmədmirzəyev tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Veteran adının və vəsiqəsinin verilməsi üzrə komissiyasının sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahata əsasən, “Azərbaycan Respublikası Sokar Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin” mülki sürücüsü vətəndaş Tağıyev X10 markalı Ş 766 QQ nömrə nişanlı maşınla 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texiki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə silah-sursat daşımışdır. Lakin vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 54 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında xx.xx.2024-cü il tarixli akt №2150 d/0 2150 qeydiyyatda olan N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-xx.xx.2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən getmişdir. İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən (21-ci səhifəsindəki qeydlərdən) görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə (mülki) sürücü vəzifəsində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatları zamanı sürücü vəzifəsində fəaliyyət göstərmişdir. Göründüyü kimi, iddiaçı hazırda bu sənədlərə istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən və məhkəmə araşdırması zamanı səlahiyyətli nümayəndənin verdiyi izahatlardan aydın olur ki, iddiaçının döyüş gedən ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi və maddi-texniki təminat üzrə tapşırığı yerinə yetirməsi hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmadığından, iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmədiyindən Müdafiə Nazirliyinin üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Məhkəmə kollegiyası qeyd olunan dəlillərlə bağlı diqqətə çatdırır ki, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana və N nömrəli hərbi hissəyə sorğu ünvanlanaraq xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) N nömrəli hərbi hissəyə ezam olunması və hərbi hissədən ezamiyyətdən getmiş hesab edilməsi barədə əmrlərin mövcud olubolmaması, mövcud olduğu təqdirdə həmin əmrlərdən çıxarışların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş 3-25-196/2-48/26 nömrəli 14 yanvar 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında mülki sürücü kimi maddi texniki təminat bölüyü üzrə tapşırıqlar yerinə yetirməklə, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında iştirak etmişdir. Lakin döyüşdə iştirak etməsinə baxmayaraq hərbi hissənin əmrlər kitabına əmrə düşməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati məhkəmələr iş üzrə obyektiv həqiqətə nail olunması məqsədilə tərəflərin təqdim etdiyi sənəd, sübut, izahatlarla kifayətlənməyərək ətraflı araşdırma aparmaq səlahiyyətinə malikdir. Aydındır ki, inzibati orqan şəxsin barəsində hərbi hissə tərəfindən verilmiş əmrin olmamasına istinad edərək araşdırmanı yekunlaşdırmış və İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Məhkəmə kollegiyası iş üzrə obyektiv həqiqətə nail olmaq məqsədilə ətraflı araşdırma apararaq məhkəmə icraatı zamanı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “ Vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” aktı imzalayan şəxslərin - maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi kapitan X15 hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi vəzifəsini icra edən kapitan X9, hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi vəzifəsini icra edən kapitan X8, hərbi hissənin nizami hissə rəisi baş leytenant X17, qərargah taqımının, rabitə manqasının manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X1 şahid qismində məhkəmə iclasına dəvət etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının döyüşlərdə iştirakı faktını təsdiq edən şahid X16 ifadəsində bildirmişdir ki, o, hazırda N nömrəli hərbi hissə korpusunun avtomobil xidmət rəisinin köməkçisidir, lakin müharibə vaxtı N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin texniki təminat xidməti rəisi olmuşdur. İddiaçı müharibə zamanı, yəni müharibə bitənədək N nömrəli hərbi hissədə mülki sürücü kimi fəaliyyət göstərmişdir. Belə ki, N oktyabr 2020-ci ildə Bakıya getmiş və daha sonra yenidən hərbi hissəyə qayıdaraq müharibənin sonuna kimi sürücü kimi fəaliyyət göstərmişdir. O, sürücü kimi əmlak, sursat və s. daşımış, yəni silah-sursat daşıyan maşının sürücüsü olmuşdur. Bununla bağlı da şəxsə yol vərəqəsi vermiş və həmin yol vərəqəsini imzalayıb, möhürləmişdir. Onu da qeyd etmişdir ki, yol vərəqələri 1 il sonra məhv edilmiş, saxlanılmamışdır. Özü barəsində qeyd etmişdir ki, müharibədə iştirak etsə də, ona heç bir orden, medal verilməmişdir. Sadəcə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid X2 da iddiaçının döyüşlərdə iştirak etməsi faktını təsdiq edərək öz ifadəsində bildirmişdir ki, hazırda N nömrəli hərbi hissədə Qərargah rabitə manqa komandiri vəzifəsində çalışır. İddiaçı müharibə vaxtı bir dəfə görmüş, hərbi qənimətləri daşımağa görə hərbi hissəyə Socardan ezam olunmuşdur. O, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etmiş, onun yol vərəqəsi də olmuşdur və aktı tərtib edən zaman yol vərəqəsinə baxış keçirilərək akt tərtib edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının döyüşlərdə iştirakı faktını təsdiq edən digər şahid X11 ifadəsində bildirmişdir ki, o, hazırda N nömrəli hərbi hissədə avtomobil xidmət rəisi vəzifəsində çalışır. Vətən müharibəsi zamanı isə N nömrəli hərbi hissənin təminat bölük komandiri olmuşdur. O, iddiaçını müharibə vaxtı bir dəfə görmüş, sürücü kimi fəaliyyət göstərmişdir. Sürücü olaraq yüklərin daşınmasını həyata keçirmiş, lakin yüklərin təyinatı konkret müəyyən edilməmişdir, sadəcə döyüş əməliyyatlarının təminatı üçün yüklər daşınmışdır. Əmrlərin, yaxud ezam vərəqələrinin olmaması ilə bağlı bildirmişdir ki, bu, şəxslərin bilgisizliyi, yaxud yaranmış vəziyyət ilə əlaqədar ezam vərəqələrinin təqdim edilə bilməməsi ilə bağlı olmuşdur. Hərbi xidmətə cəlb edilmiş mülki şəxslərin ezam olunması 2020-ci ilin dekabr ayında, yaxud 2021-ci ilin yanvar ayında olmuşdur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş iddiaçının döyüşlərdə iştirakı faktını təsdiq edən digər şahid X12 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsində İddiaçı ilə birgə işləyir. İddiaçı Q.Qarayev sahəsi, o isə Suraxanı ərazisi üzrə çalışır. 28 sentyabr 2020-ci il tarixdə Nasosnu ərazisinə, ordan da 29 sentyabr 2020-ci il tarixindən Füzuli istiqamətinə getmişdir. N nömrəli hərbi hissəyə iddiaçı ilə bərabər çoxlu işçi ezam olunmuşdur. Özüboşaldan nəqliyyat vasitəsini sürən sürücülər silah-sursat daşımış, o isə kamaz avtobusu sürmüş, ön cəbhədən şəhid və yaralıları daşımışdır. İddiaçı isə özüboşaldan Mercedes markalı nəqliyyat vasitəsi ilə mərmi, silah-sursat daşımışdır. O, 4 ay orada qalmış, Daşaltı əməliyyatında yaralıları çıxardarkən minaya düşmüş, yaralanmışdır. 28 yanvar 2021-ci il tarixində isə hərbi hissədən təxliyə olunmuşam. O, İddiaçı hərbi hissədə oktyabrda görmüşdür. Şahid ifadələrindən və iş materiallarına əlavə edilmiş sənədlərdən (hərbi bilet, ezamiyyət əmri, ezamiyyət vərəqəsi, arayışlar, izahat, məhkəmə sorğusuna cavab məktubu və s.) aydın görünür ki, iddiaçı iş yeri tərəfindən verilmiş əmrə əsasən hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunması məqsədilə Mercedes Benz 3340 markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhkim edilərək xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin sərəncamına verilmiş, oradan da müvafiq qaydada döyüş əməliyyatlarında iştirak edən (mübahisəsiz haldır) N nömrəli hərbi hissəyə göndərilmiş və hərbi hissədə olduğu müddətdə təhkim olunduğu nəqliyyat vasitəsilə mərmi, silah-sursat daşımış, yəni maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Hazırkı iş üzrə iddiaçının döyüş bölgəsinə ezam olunması və onun icra etdiyi funksiyalar döyüş əməliyyatlarının maddi təminatı üzrə tapşırıqlarının yerinə yetirilməsi kimi qiymətləndirildiyindən, bu fakt məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapdığından hərbi hissənin əmrlər kitabında qeydiyyatın aparılmaması iddiaçının məsuliyyət sferasına aid edilməklə onun ziyanına şərh edilməməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-850/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməlidir.” Ali Məhkəmənin 2-1(102)-3069/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da analoji mövqedən çıxış edilərək Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, Xəstəxanaya ezam edilmiş sürücü kimi iddiaçı mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı verilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3912/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli