Məhkəmə qərarları › İş №2-1(103)-3647/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3647/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3647/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6555/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Dövlət Konsernində ("xxxx" ASC) işlədiyi müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-6555/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Dövlət Konsernində ("xxxx" ASC) işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu - xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Dövlət Konsernində ("xxxx" ASC) işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu - xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasına, digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 22 il 10 ay 24 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 21059,83 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2669,52 manat olmaqla, ümumilikdə 23729,35 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (“X1” adının "xxxx" ASC-yə dəyişildiyi qeyd olunmamışdır) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məktubuna əsasən X1 11 nömrəli X3 şəxsi heyət üzrə sənədlərinin Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi müəyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı 1997-2005-ci illərdə işlədiyini iddia etdiyi X1 sənədlərinin Bakı şəhər İcra Hakimiyyətinin arxivində müəyyən olunmadığı bildirilmişdir. Bu səbəbdən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Təqdim etdiyiniz əmək kitabçanızın, digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla sığorta stajınız 22 il 10 ay 24 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 21059,83 manat, xx.xx.2020-ci ii tarixindən xx.xx.2023-cü il tarixinədək 2669,52 manat olmaqla, ümumilikdə 23729,35 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındaki məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (“X1” adının "xxxx" ASC-yə dəyişildiyi qeyd olunmamışdır) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2886 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən təşkilati-hüquqi formasının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Konserninin 11 saylı X3 bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respulikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2025-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" Dövlət Konserni (sonradan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) müvafiq olaraq 19 və 20 iyun 1996-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1150 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin 11 saylı X3 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2003-cü tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan fəaliyyət dövrü ərzində vergilər üzrə 539,20 manat vəsait ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından görünür ki, iddiaçının yaşa görə pensiya hüququ 65 yaşının tamam olduğu xx.xx.2024-cü ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2024-cü il tarixdən (65 il), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsi halına görə iddiaçı cavabdehlik daşımır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (cavabdehin mübahisələndirdiyi dövr) “X2”nin 11 nömrəli X7 Müəssisəsində ("xxxx" ASC) işləmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2886 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən təşkilatihüquqi formasının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Konserninin 11 saylı X3 bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Bundan başqa, Azərbaycan Respulikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 mart 2025-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" Dövlət Konserni (sonradan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) müvafiq olaraq 19 və 20 iyun 1996-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1150 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin 11 saylı X3 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2003-cü tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. Beləliklə, sadalanan qanunvericilik normalarından göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “X2”nin 11 nömrəli X7 Müəssisəsində işlədiyi dövr də iddiaçının ümumi stajına daxil edilməlidir. Cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməsini əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 25 ildən çoxdur (xx.xx.1976-xx.xx.1977, xx.xx.1977-xx.xx.1979 (hərbi xidmət), xx.xx.1980-xx.xx.1989, xx.xx.1989-xx.xx.1997, xx.xx.1997-xx.xx.2005 - cəmi 29 il 03 ay). Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan fəaliyyət dövrü ərzində vergilər üzrə 539,20 manat vəsait ödənilmişdir. Bundan başqa, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş Sığortaolunanın hesabından çıxarışdan görünür ki, sığortaedən "xxxx" ASC tərəfindən sığortaolunan İddiaçı ilə əlaqədar 2020-ci il noyabr-dekabr ayları, 2021-ci il yanvar-aprel, avqust-dekabr, 2022-ci il yanvar-avqust, dekabr, 2023-cü il yanvar-aprel, 2024-cü il noyabr ayı üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, pensiya kapitalı 2759,51 manat təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2024-cü il tarixdən (65 il) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6555/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar