Məhkəmə qərarları › İş №2-1(103)-3648/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3648/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3648/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Qaradağ RİHB) “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə” 19 oktyabr 1994-cü il tarixli, 1224 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evi tikilməsi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600 kv. metr torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək, verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ RİHB-nın “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə” 19 oktyabr 1994-cü il tarixli, 1224 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evi tikilməsi üçün Lökbatan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv. metr ayrılıb verilmişdir. Qaradağ RİH tərəfindən həmin torpaq sahəsinin yerləşmə cizgisi də tərtib edilərək, verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü (yerləşmə cizgisi) də mövcuddur. Həmçinin torpaq üzərində fərdi yaşayış evi tikilmişdir. O, və ailə üzvləri 1995-ci il tarixdən həmin evdə yaşayırlar. Hazırki vaxtadək kommunal ödənişləri və vergiləri də ödəyirlər. 14 fevral 2023-cü il tarixdə həmin yerin sənədləşdirilməsi ilə bağlı olaraq, ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin idarənin 10 mart 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində qeyd edilmişdir ki, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinə dair tərtib edilmiş layihə ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə uyğunsuzluğun mövcud olduğu layihədə göstrəilən 1 saylı tikilinin faktiki olaraq mövcud olmadığı və 1-ci mərtəbədə olan giriş hissəsinin layihədə öz əksini tapmadığı aşkar edilmişdir. Həmçinin layihəyə əsasən 2-ci mərtəbədə yerləşən 1 saylı otağın ölçüləri faktiki olaraq layihədə göstəriləndən çox, aşırımlararası məsafə isə 6 metrdən artıq olduğundan tikintiyə icazə tələb olunan tikinti obyektlərinə dair nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir. Bundan başqa, layihədə göstərilən 3 saylı tikilinin bir hissəsi və 3 saylı tikilli tərəfindən təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsindən kənarda yerləşir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarfmn təsdiq edilməsi haqqında 06 fevral 2017- ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. Qərarda qeyd olunur ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə” 19 oktyabr 1994-cü il tarixli, 1224 nömrəli sərəncamı heç bir dövlət orqanı, fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Bununla qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edildiyi üçün məhkəmə prossesində iştirak edə bilməmiş və sözügedən sərəncamın mövcud olmasından xəbəri olmamışdır. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxsin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-07636-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş Qaradağ RİHB-nın “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli 1224 saylı sərəncamının (arxiv çıxarışı) surətindən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli “Həyətyanı torpaq sahələrinin nizamlanması” barəsindəki 10.06.87-ci il tarixli 301 №-li qətnaməsi və Bakı şəhər İcraiyyə komitəsinin “Bakı və Bakıətrafı ərazilərdə yaşayış evlərinin nizamlanması” barədə xx.xx.1982-ci il tarixli 45/686 №-li qərarına əsasən Lök-Batan qəsəbəsi 28 May küçəsi ev 3 mənzil 47 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evi tikdirilməsi üçün Lökbatan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv. m. ayrılıb verilməsi barədə sərəncam verilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********94 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 22A saylı fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, Lökbatan qəsəbəsi, D.Bünyatzadə ev 22A, ünvanında yerləşən daşınmaz əmlakın hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,06 ha, faktiki sahəsi isə 0.09782 ha qeyd olunmuşdur. Bundan əlavə torpaq sahəsinin mişar daşı ilə hasara alındığı, əlavə 378,2 kv. m. torpaq sahəsinin ərizəçinin istifadəsində olduğu qeyd olunmuşdur. Təqdim olunmuş layihədə İ ilə işarələnmiş həyət tikilisi öz əksini tapmamışdır. İİ ilə işarələnən tikilinin çox hissəsi və İİİ ilə işarələnən tikili təqdim edilmiş yerləşmə cizgisinə əsasən əlavə torpaq sahəsinə düşür. 1-ci mərətəbədə sahəsi 5.5 kv. m. olan giriş hissə layihədə göstərilməmişdir. 2-ci mərtəbədə 1 saylı otağın ölçüləri 6 x 6.75 göstərilməsinə baxmayaraq faktiki 8.95 x 6.75-dir və həmin otaqda aşırım məsafəsi nəzərə alınmamışdır. Ümumi sahədə yaranmış fərq 1-ci mərtəbədə giriş sahəsinin və 2-ci mərtəbədə 1 saylı otağın sahəsinin səhv yazılması nəticəsində əmələ gəlmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********04 №-li xx.xx.2023-cü il tarixli bildirişində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinə dair tərtib edilmiş layihə ilə faktiki vəziyyət arasında perimetrik ölçülərdə uyğunsuzluğun mövcud olduğu, layihədə göstərilən İ saylı tikilinin faktiki olaraq mövcud olmadığı və 1-ci mərtəbədə olan giriş hissəsinin layihədə öz əksini tapmadığı aşkar edilmişdir. Həmçinin layihəyə əsasən 2-ci mərtəbədə yerləşən 1 saylı otağın ölçüləri faktiki olaraq layihədə göstəriləndən çox, aşırımlararası məsafə isə 6 metrdən artıq olduğundan tikintiyə icazə tələb olunan tikinti obyektlərinə dair nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir. Layihədə göstərilən İİ saylı tikilinin bir hissəsi və İİİ saylı tikilli tərəflərindən təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsindən kənarda yerləşir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)Qaradağ RİHB-nın “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə” 19 oktyabr 1994-cü il tarixli, 1224 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikilməsi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600 kv. metr torpaq sahəsinin: - faktiki istifadədə olan ölçüləri nə qədər təşkil edir? 2) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşürmü? - Azərbaycan Respublikasının ərazisində “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”na düşürmü? 3) faktiki koordinatları həmin torpaq sahəsinə dair Qaradağ RİH tərəfindən tərtib olunmuş yerləşmə cizgisinə uyğundurmu? DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********81 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv. m. olsa da, faktiki olaraq hasar daxili 978.2 kv. m. təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin və üzərində yerləşən tikililərin yerləşmə vəziyyətini əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Ə.Ö.Əmirov adına NQÇİ). Vahid elektron kadastr məlumat bazasında sahənin hər hansı neft boru kəmərinin mühafizəsinə düşməsi ilə bağlı məlumat yoxdur. Faktiki göstərilən torpaq sahəsi Qaradağ RİH tərəfindən verilmiş yerləşmə cizgisinə uyğundur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/1751 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv. m. olsa da, faktiki olaraq hasar daxili 978.2 kv. m. təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin və üzərində yerləşən tikililərin yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Ə.C.Əmirov adına NQÇİ). Vahid elektron kadastr məlumat bazasında sahənin hər hansı neft boru kəmərinin mühafizəsinə düşməsi ilə bağlı məlumat yoxdur. Faktiki göstərilən torpaq sahəsi Qaradağ RİH tərəfindən verilmiş yerləşmə cizgisinə uyğundur. Tətbiq edilən hüquq normaları: «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarda qeyd edilən qanunvericilik normalarını hazırkı iş üzrə tətbiq edən Kollegiya qeyd edir ki, iddiaçının istifadəsində olan Lökbatan qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsi sərəncam əsasında rəsmiləşdirildiyindən və həmin sərəncam torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Üçüncü şəxsin apelyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya bildirir ki, sözügedən torpaq sahəsi üçüncü şəxsin ərazisinə düşsə belə, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına səbəb olmuş inziibati akt olan xx.xx.1994-cü il tarixli 1224 saylı sərəncam hazırda qüvvədə olmaqla, nə cavabdeh nə də üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyindən görünür ki, sözügedən torpaq sahəsində vahid elektron kadastr bazasına əsasən hər hansı neft boru kəmərinin mühafizəsinə düşməsi barədə məlumat yoxdur. Belə olan halda mübahisəli torpaq sahəsinin “mühafizəə zonası”na düşməsi barədə dəlillər əsassızdır. Xüsusilə qeyd etmək lazımdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri dövlət tərəfindən yaşayış məntəqələrinin torpaqlarına aid edilməklə müxtəlif şəxslərin xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar