Məhkəmə qərarları › İş №2-1(103)-365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-365/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-365/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı (xx.xx.1955-ci il tarixdə anadan olmuş, Bakı şəh., Suraxanı ray., Y/Günəşli qəs., D Y/S, ev 30, mən. 92 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2937/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyası verilməsi öhdəliyinin qoyulması, əmək pensiyasının 2016-cı ildən hesablanaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.1973-cü ildə Lənkəran Təmir Tikinti Trestində əmək fəaliyyətinə başlamışdır. Sonradan hərbi xidmətə çağırılmışdır. Lakin xəstəliyi ilə əlaqədar ordudan tərxis olunmuş və yenidən əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətinə başladığı gündən xx.xx.1993-cü ilə kimi əmək fəaliyyətini davam etdirmiş və sonradan fasilələrlə fərdi əməklə məşğul olmuşdur. Sonralar xəstəliyi tam işləməyinə imkan verməmişdir. 2016-cı ildən ümumi xəstəliklə əlaqədar (gözdən əlil) 2-ci qrup əlildir. xx.xx.1955-ci il təvəllüdlüdür. 2016-cı ildə əlilliyi ilə əlaqədar əmək pensiyası almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, hələlik yaş həddin imkan vermədiyindən ona sosial müavinət təyin olunacaq. Beləliklə də cavabdeh qanunsuz olaraq onun əlilliyə görə pensiya almaq hüququnu onun savadsızlığından istifadə edərək məhdudlaşdırmışdır. Halbuki onun yaş həddi imkan verirdi ki, ona 2016-cı ildə əlilliyə görə əmək pensiyası təyin olunsun. O, dəfələrlə, sonuncu dəfə isə yanvar 2020-ci ildə cavabdehə ona əlilliyə görə əmək pensiyası təyin olunması barədə ərizə ilə yazılı müraciət etmişdir. Təkrar olaraq cavabdeh əsassız səbəblərdən ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2937/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2937/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyə görə pensiya üçün müraciət etdiyi zaman pensiya kapitalı ilə bağlı tələb qüvvədə olmamış, lakin əmək kitabçasında qeyd olunan və sosial sığorta stajına daxil edilən xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək olan dövr şübhə doğurmuş və qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Beləliklə, sosial sığorta haqqları ödənilməyən illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamış və vətəndaş pensiya təyini üçün tələb olunan şərtə cavab verməmişdir. xx xxxx 2020-ci il tarixli Dövlət Vergi Xidmətindən, xx xxxxxx 2020-ci il tarixli Ədliyyə Nazirliyindən və xx xxxxxxxx 2020-ci il tarixli X7 Xidmətindən müvafiq sorğularına verilən cavab məktublarına əsasən “İnvest-Servis LTD" adlı heç bir kommersiya, qeyrikommersiya və ya özəlləşdirilən və dövlət idarəetməsinə verilən müəssisə aşkar edilməmişdir. Həmçinin məhkəmə sorğusuna Dövlət Vergi Xidmətindən verilən cavab məktubu iclas zamanı elan olunmuş və elə bir kommersiya qurumunun mövcud olmaması müəyyən olunmuşdur. Beləliklə, heç bir dövlət orqanında qeydiyyatı aşkar edilməyən bir müəssisənin mövcudluğu və sosial sığorta haqqlarını ödəməsi mübahisə predmeti deyildir. Vətəndaşın əmək kitabçasında olan müvafiq qeydin hansı şəraitdə və hansı şərtlə yazılması bəlli deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan: - İddiaçı məxsus xx.xx.1985-ci il tarixdə açılmış, ИТ-İ № ******* seriya və nömrəli əmək kitabçası dublikatdır, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1973-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 №-li məktubda ona xx.xx.2016-cı il tarixdən sosial pensiya təyin edildiyindən əlilliyə görə əmək pensiyası almaq hüququnun olmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ilkin müayinə olunmuş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. - Bakı İnzibati Məhkəməsinin dəftərxana işçiləri X2, X6 və X3 tərəfindən tərtib edilmiş Aktda xx.xx.2020-ci il tarixdə dəftərxanaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsindən poçt vasitəsilə daxil olmuş zərfdə məktuba əlavə olunmuş 46 vərəq qoşma aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin **********8№-li, xx xxxx 2020-ci il tarixli Qərarının 7.4-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin, kompensasiyaların təyinatı, ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması regional ərazi filiallarının xidmət etdiyi rayonlar və rayon(şəhər) filialları üzrə mərkəzləşdirilmiş qaydada regional ərazi filialları və rayon (şəhər) filialları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbini ona əlilliyə görə əmək pensiyası verilməsi öhdəliyinin qoyulması, əmək pensiyasının 2016-ci ildən hesablanaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi olmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı irəli sürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mümkünlük şərtlərindən biri də iddia tələbinin ona cavab vermək səlahiyyəti olan cavabdehə qarşı qaldırılmasıdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia tələbini ona əlilliyə görə əmək pensiyası verilməsi öhdəliyinin qoyulması, əmək pensiyasının 2016-cı ildən hesablanaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi təşkil etsə də, məhkəmə qərarının nəticə hissəsində isə yalnız iddia tələbinin iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi hissəsinə münasibət bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında və məhkəmə iclası protokollarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və ya qeyd mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırkı iddiaya cavab verməli olub-olmadığı müəyyən edilməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsini iddiaçıya təklif etməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********070300 №-li cavab məktubunda Cəmiyyətin qeydiyyat sənədlərinin təsdiq edilmiş surətləri – qoşma 46 vərəq göstərilsə də, həmin sənədlər məktuba əlavə edilməmiş və bu barədə Bakı İnzibati Məhkəməsinin dəftərxana işçiləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən sənədlərin iş üçün əhəmiyyətli olması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyindən işin yenidən birinci instansiya icraatı zamanı həmin sənədlər təkrarən tələb edilməli və hüquqi qiymət verilməlidir Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-2937/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2937/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əlilliyə görə əmək pensiyası verilməsi öhdəliyinin qoyulması, əmək pensiyasının 2016-cı ildən hesablanaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar