Məhkəmə qərarları › İş №2-1(103)-365/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-365/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-365/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 (“Ədalət” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 21 may 2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2001-2003-cü illər üzrə ödənilməmiş qalan kompensasiya məbləğinin, 2003- 2014-cü illər üzrə ödənilməmiş fərqin və 2009-cu ildən hal-hazırkı tarixədək pensiyanın düzgün hesablanmasını və yaranmış fərqin də iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “Azneft” İB "Neft Daşları” NQÇİ-də işləmişdir. 2001-ci ildən pensiya hüququ yaransa da, ona yaşa görə əmək pensiyası 2 yanvar 2003-cü ildə təyin edilmişdir. Bundan sonra da o, əmək fəaliyyətini davam etdirmiş, 20 may 2009-cu ildən həmin İdarə ilə imzalanmış “Əmək müqaviləsinə xitam verilməsinə dair" razılaşmaya əsasən, işdən azad edilmişdir. Pensiya hüququ 2001-ci ildən yaransa da. 2001 – 2003-cü illər üzrə ona kompensasiya ödənilməmişdir. 2003-cü ildə ona 360 manat pensiya təyin olunmalı olsa da, 2014-cü ilədək cəmi 288 manat pensiya verilmişdir. Həmin dövr üzrə yaranmış fərq isə ona ödənilməmişdir. 2018-ci ildən ona 550 manat pensiya ödənilir ki, bu da qanunvericiliyin tələblərinə görə xeyli azdır. Yuxarıda qeyd edilənlərə əsasən, ona 2001 – 2003-cü illər üzrə ödənilməmiş qalan kompensasiya məbləği, 2003 – 2014-cü illər üzrə ödənilməmiş qalan fərq və 2009-cu ildən hal-hazırkı tarixədək düzgün hesablanmamış pensiya və yaranmış fərq də ona ödənilməlidir. 18 fevral 2020-ci il tarixdə ərizə ilə cavabdeh İdarəyə müraciət edərək yuxarıda sadalanan məsələlər barədə ətraflı cavab verilməsini xahiş etsə də, bu günədək müraciətə cavab verilməmişdir. (20 fevral 2020-ci il tarixdə təqdim edilmişdir). Müraciətə cavab verilməməsi – cavabdeh İdarənin pensiya məbləğinin yenidən hesablanmasından imtinası hesab olunduğundan, məhkəmədə iddia qaldırılmaq zərurəti yaranmışdır. «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada DSMF yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 4.5.1-ci bəndinə görə əmək pensiyalarına əlavələr iki qrupa bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr. Pensiya məbləğinin hesablanma qaydası barədə məlumat verilmədiyinə görə digər pensiyaçılarla müqayisəli şəkildə aşağıdakı tələblər irəli sürülür: hazırda onunla eyni statusa malik həmkarları 850 – 1.000 manat məbləğində pensiya alırlar. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «məhkəməyə təqdim olunmuş “pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı” nəzərə alınmaqla əmək pensiyasının düzgün hesablanması və yaranmış fərq məbləğinin iddiaçıya ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının 2004 – 2009-cu illər üzrə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanması ilə bağlı nəzərə almaq lazımdır ki, İddiaçının iddia etdiyi kimi pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunu deyil, ƏPQ qüvvədə olmuşdur. ƏPQ-nin 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) İddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə YALNİZ 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/sığorta hadisələridir (52 yaş və 20 il ümumi. 10 il güzəştli staj). İddiaçı isə, qüvvədən düşmüş Qanuna istinad edərək ona pensiya təyin edərkən onun orta aylıq əmək haqqının əsas alınmalı olduğunu iddia edir. Halbuki ƏPQ-nin 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, ƏPQ-nin qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)- 982/2021 nömrəli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1- dək hər il 6 ay artırılır. «İnzibati icraat haqqında» AR Qanununun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının ona əmək pensiyasının yenidən hesablanmasına dair müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində onun müvafiq illərdə aldığı əmək haqqı məbləğləri barədə məlumat dəqiqləşdirilmədən qərar qəbul edildiyindən, inzibati icraatın aparılmasının əsas prinsipləri pozulmuşdur. Eyni zamanda mövcud qanunvericiliyə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan başqa, müvafiq dövrdə (2010-cu ilədək) qüvvədə olan pensiya qanunvericiliyi əmək pensiyasının hesablanmasını əmək haqqı ilə birbaşa şərtləndirdiyindən, iddiaçının əmək haqqı barədə məlumatlar alınmadan onun pensiyasının yenidən hesablanmasından imtina olunması “əmək pensiyası”nın mahiyyəti baxımından güdülən məqsədə mütənasib deyil və həmin qayda ilə pensiya təyin olunmuş başqa şəxslərlə müqayisədə “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya yenidən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən onun 2004 – 2009-cu illər üzrə əmək haqqının nəzərə alınmasını qeyd etsə də, məhkəmə qərarında bu əmək haqqının ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışı əsasında nəzərə alınmalı olmasını göstərməmişdir. Belə ki, işin birinci instansiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhkəməyə ünvanlanmış 26 may 2021-ci il tarixli məktubu ilə “Neft Daşları” NQÇİ-nin keçmiş işçisi İddiaçı 2004 – 2009-cu illər üzrə pensiya hesablanması üçün nəzərə alınmalı əmək haqqı barədə məlumat təqdim edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1- ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98- 1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası əvvəlki dövr üzrə yaranmış fərq məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçıya pensiya yenidən hesablanarkən keçmiş dövr üzrə ödənilməmiş məbləğin “müraciət etdiyi vaxtdan” əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olması qənaətinə gəlmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarı dəyişdirilməli, İddiaçı əmək pensiyasının ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışı əsas götürülərək 2004 – 2009-cu illər üzrə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2- 1(112)-982/2021 nömrəli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək pensiyasının ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışı əsas götürülərək 2004 – 2009-cu illər üzrə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə müvafiq olaraq keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar