Məhkəmə qərarları › İş №2-1(103)-365/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-365/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-365/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanının avqust 1963-cü il tarixə olan vəziyyətinə dair tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 məxsus daşınmaz əmlakın (yaşayş evi və s. ibarət) ümumi sahəsi 155.9 kv. m., torpaq sahəsi 1512,0 kv. m. qeyd olunmuşdur.

2. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 04 iyun 1991-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 319500 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.1991-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1991-ci ilin iyun ayının 04-cü günündə 86 № ilə qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş M-166 №-li xx.xx.2019- cu il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında 11 dekabr 1939-cu ildə Manaf Əbdüləhməd (sənəddə olduğu kimi) oğlu ilə Babayeva Həlimə (sənəddə olduğu kimi) Hacıəli qızının nikahı qeyd olunur.

4. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş AZ-İİ seriyalı 322822 №-li “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2023- cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 01-ci ayının 28-ci günündə 127 № ilə qeyd edilmişdir.

5. 10 aprel 2019-cu il tarixdə Bakı şəhəri 7 saylı xüsusi notariat kontorunda tərtib olunmuş vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşamış X7 ötən günədək ona məxsus olan və gələcəkdə onun adına keçən bütün daşınar və daşınmaz əmlaklarını həmçinin ünvan 3 ünvanında yerləşən evi və torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir.

6. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış: - x/o135/23 №li xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X7 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində 2V-124 reyestr nömrəsi ilə tərtib edilmiş vəsiyyətnamənin qüvədə olub-olmaması barədə müraciətinə baxılmışdır. Yoxlanılmış məlumatlara əsasən qeyd olunan vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi barədə hər hansı qeyd edilməmişdir. - x/o155/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 mirası üzrə vərəsəlik işi açılmışdır.

7. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 3-16-18/2-24/2023 saylı xx.xx.2023- cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X3 doğumu, nikahı və valideyinləri barədə Əhalinin Dövlət Reyestrinin X1 sistemində hər hansı bir məlumat tapılmamışdır. Məktuba xx.xx.1946-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X4 aid Əhalinin Dövlət Reyestrindən çıxarış əlavə olunmuşdur.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 3-48-2F/2- 01339/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mənzilə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılması və qiymətləndirilməsinə aid” pasportlar Dövlət Arxivinin Bakı Filialında saxlanılmır.

9. Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-01463/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarlaşdırılması və qiymətləndirilməsinə aid” pasportlar Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-1/16-2821/2023 №li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi 322 saylı komplekt transformator məntəqəsini qidalandıran 6 kv.-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına, texniki xidmət göstərilməsinə hər hansı bir maneəçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmirlər.

11. ünvan 7 ünvanlanmış 983 №-li, xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X16 xx.xx.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2018-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı X8, qızı X7 olması barədə məlumat verilir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 50 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.

12. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən fərdi yaşayış evinin təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar olunmamışdır. Həmçinin əmlakla bağlı 2 saylı Bakı İnzibatı-İqtısad Məkəməsinin 2-1(82)-2311/2019 saylı qərardadı daxil olmuş lakin həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən idarəyə məlumat daxil olmamışdır və sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, atası X14 miras qalmış və miras kütləsinə daxil olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqlarının mövcud vəziyyətdə tanınması və tanınmış hüququ barədə cavabdeh tərəfindən arayış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri ünvan 11 ünvanda yaşayıb və həmin ünvanda ölmüşlər. X10 ilə anası X17 11 dekabr 1939-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. X2 07 iyul 1942-ci ildə və o, X9 09 iyun 1946-cı il tarixdə doğulmuşdur. O, 09 iyun 1946-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində doğulmuşdur. Doğulduğu gündən hazırki vaxtadək Xəzər rayonu, Şüvəlan qəsəbəsi M.Müşfıq (Dəmirçi) küçəsi, ev 50-də yaşayır. X11 26 may 1991-cı il tarixdə, anası X18 isə 07 dekabr 1974-cü il tarixdə ölmüşdür. X2 17 dekabr 2018-ci ildə ölmüşdür və bacısı ailə qurmamışdır. Valideynləri öldükləri günə kimi Bakı şəhəri, ünvan 12 ünvanda atasına məxsus 1925-ci ildə tikilmiş olan iki otaq və aynabənddən ibarət fərdi yaşayış evi və köməkçi sahələrdən ibarət sahəsi 0.20 ha olan həyətyanı torpaq sahəsi olmuşdur. Ev atası tərəfindən 1925-ci ildə tikilmiş, ev və torpaq sahəsi ailəsinin istifadəsində olmuş və onlar həmin evdə doğulub həmin evdədə indiyə kimi yaşayır. O, bacısı ilə birgə 30 noyabr 2018 ci ildə 7 saylı notariat kontoruna müraciət edərək, X11ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bundan sonra X2 17 dekabr 2018ci ildə vəfat etmişdir. Atasının yeganə vərəsəsi odur. 1 saylı Bakı Ərazi İdarəsinin ona 07 yanvar 2019-cu il tarixli cavabına əsasən onlara məxsus evə dair arxivdə heç bir sənəd aşkar olunmamışdır. Atasından miras qalmış ünvan 13 ünvanında yerləşən evə və torpaq sahəsinə miras əmlakı qəbul etməklə, həmin evin və torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmalıdır.

15. 1 saylı Bakı Ərazi İdarəsinin yazılı etirazında göstərilmişdir ki, sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfindən təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar olunmamışdır. Həmçinin əmlakla bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məkəməsinin 2-1(82)-2311/2019 saylı qərardadı daxil olmuş, lakin həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən idarəyə məlumat daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 1512 kv. m., faktiki 1912 kv. m. təşkil edir. Bundan əlavə, təqdim olunan texniki pasportda göstərilən torpaq sahəsinin 335 kv. m. hissəsi və “A” tikilisi elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunanlarla yanaşı təqdim olunan texniki pasportda soyad “Manafov”, notariusun məktubunda “Manaf” kimi qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 saylı Azərbaycan Respublika Prezidentinin Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 inzibati iş üzrə iddiaçı qismində iştirakına xitam verilməsi (öldüyü üçün), İddiaçı qismində (X3 hüququ varisi kimi) işə cəlb olunması qərara alınmışdır.

17. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun X3 atası X22 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən məhkəməyə İPM-nin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X22 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X22 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həm Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə, həm də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən mərhum X16 qanuni əsaslarla istifadəsində olan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinə hüququ yaranmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfinizdən təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar olunmamışdır. Həmçinin əmlakla bağlı 2 saylı Bakı inzibati-İqtisad Məkəməsinin 2-1(82)-2311/2019 saylı qərardadı daxil olmuş, lakin həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən idarəyə məlumat daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 1512 kv.m, faktiki 1912 kv.m təşkil edir. Bundan əlavə, təqdim olunan texniki pasportda göstərilən torpaq sahəsinin 335 kv.m hissəsi və A tikilisi elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunanlarla yanaşı təqdim olunan texniki pasportda soyad “Manafov”, notariusun məktəbunda “Manaf” kimi qeyd olunmuşdur.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın: 1.11-ci bəndi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar qeydiyyat üçün əsas hesab edilir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan:

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 36.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 37.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanının avqust 1963-cü il tarixə olan vəziyyətinə dair tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 məxsus daşınmaz əmlakın (yaşayş evi və s. ibarət) ümumi sahəsi 155.9 kv. m., torpaq sahəsi 1512,0 kv. m. qeyd olunmuşdur.

38. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 04 iyun 1991-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 319500 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.1991-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1991-ci ilin iyun ayının 04-cü günündə 86 № ilə qeyd edilmişdir. 39.Hazırda iddiaçı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. metr torpaq sahəsinə hüququn mərhum X22 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş edir. 40.Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək (Bu qərarın 26- 30-cu bəndləri) qeyd edir ki, həm Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1.11-ci bəndinə, həm də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən mərhum X16 qanuni əsaslarla istifadəsində olan fərdi yaşayış evinə və onun altında yerləşən torpaq sahəsinə hüququ yaranmışdır. 41.Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki: 1) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinə dair təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasportun nüsxəsinin cavabdeh idarənin arxivində aşkar olunmaması qanunvericiliyin tələbinə görə həmin sənədin mötəbərliyinə şübhə etməyə əsas vermir.

42. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, təqdim olunan texniki pasportda soyad “Manafov”, notariusun məktubunda “Manaf” kimi qeyd olunmuşdur. Apellyasiya şikayətinin həmin dəlillərinin araşdırılması baxımından məhkəmə Kollegiyası Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə sorğu etmiş və sorğuya cavab olaraq Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən X16 mirası üzrə açılmış vərəsəlik işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.

43. Həmin sənədlərə əsasən müəyyən olunmuşdur ki, mirasın açıldığı əmlak Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 50, miras qoyan şəxs X23r.

44. Göründüyü kimi, işin hallarında istinad edilən sənədlər (məsələn, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktuba xx.xx.1946-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X4 aid Əhalinin Dövlət Reyestrindən çıxarış əlavə olunmuşdur.), həmçinin, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən X16 mirası üzrə açılmış vərəsəlik işindən təsdiq olunmuş sənədlər, həmin sənədlər əsasında mirasın açıldığı əmlak Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 50, miras qoyan şəxs X27 olması təqdim olunan texniki pasportda “Manafov” yazılmasının texniki yanlışlıq olaraq qeyd edilməsi nəticəsinə gəlməyə əsas verir.

45. 2) İddiaçı tərəfindən məhz qanuni əsaslarla mərhum X16 və daha sonra onun vərəsələrinin istifadəsində olmuş mübahisəli torpaq sahəsinin sənəd üzrə müəyyən edilmiş 1512 kv. metrinə dair hüququn məxsusluğu barədə arayışın verilməsi tələb olunmuşdur. 3) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 46.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. 47.Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. 48.Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi mərhum X22 məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. 49.Bundan əlavə "xxxx" ASC tərəfindən mübahisəli torpaq sahəsinin komplekt transformator məntəqəsini qidalandıran 6 kv.-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi, qeyd olunan sahənin elektrik verilişi xəttinin istismarına, texnik xidmət göstərilməsinə hər hansı bir maneəçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. 50.4) 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2311/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı X7 cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, atası X14 miras qalmış və miras kütləsinə daxil olan ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin texniki sənədinin Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən mövcud vəziyyətdə tanınması, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi, mövcud vəziyyətdə torpaq sahəsinə onun tərəfindən atası X14 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə onun adına çıxarışın verilməsi Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 51.Məhkəmənin qeyd olunan qərardadı ilə iddiaçının məhkəmədə mübahisləndirdiyi tələb ilə, cavabdeh orqana etdiyi müraciət arasında fərq olduğuna görə cavabdeh idarə tərəfindən hər hansı hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının hər hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçı X3 cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki sənədin mövcud vəziyyətdə tanınması, fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə çıxarışın verilməsi” tələbi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. 52.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. metr torpaq sahəsinə hüququn mərhum X22 məxsus olması barədə arayışın verilməsi üçün qanuni əsaslar yaranmışdır.

53. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X22 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüququnun X22 məxsus olmasına dair çıxarışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

54. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüququnun X22 məxsusluğu barədə çıxarış verilməsi” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüququnun X22 məxsusluğu barədə çıxarış verilməsi” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar