Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-365/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı "riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" MMC (sifarişçi) ilə iddiaçı (icraçı) İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsi, sifarişçi isə həmin xidmətlərin icraçıya sifariş edilən xidmət növü və vahidlərinə uyğun olaraq razılaşdırılmış qiymətlərə görə əvəzinin ödənilməsi barədə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli qiymət razılaşdırma protokolunun, habelə 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktının surətlərinə əsasən icraçı sifarişçiyə 31 702 manat məbləğində xidmət göstərmişdir. Göstərilən xidmətlərin məzmunu aşağıdakılardan ibarət olmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, o vasitəçilik xidməti göstərərək tədbirlərin, kiçik konfransların təşkili xidmətini həyala keçirir. Bu səbəbdən müəyyən edilən uyğunsuzluq, yəni 2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E)x4m(h), 48kv.m satış yox, xidmət məqsədi ilə müştəriyə təhvil verilmiş, tədbir sonunda isə geri götürülmüşdür. Həmçinin avadanlıq ona məxsus olmadığı üçün obyekt qeydiyyatı müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq müəyyən edilən riskin aradan qaldırılmasında və qərarın ləğvində ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehin müraciətə baxılması barədə məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onun fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı əsas fəaliyyət növünün təsərrüfat subyektinin (obyektinin) qeydə alınmasını tələb etsə də, tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı və xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48kv.m" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin fəaliyyət növünün həyata keçirilməsi üçün satış gününə qədər olan alışında, idxalında mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1,-ci və 2.1.3.-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq onun elektron qutusuna göndərilmişdir. Təhlilin nəticəsi olaraq tərəfinizdən riskli əməliyyatların və uçotbaza məlumatları üzrə kənarlaşmaların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.qov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********849300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya təqdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron şikayətlərdə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə göndərilən elektron qaimədə qeyd edilən ********** xidmət kodu ilə müştərinin tələbi əsasında xidmət göstərilən məhsulların adı qeyd edilmişdir. Bu səbəbdən qərarın ləğvi xahiş edilmişdir. Cavabdehin sonuncu xx.xx.2023-cü il tarixli **********932700 nömrəli müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdu ki, “Təhlil zamanı xx.xx.2022-ci il tarixlərində cəmi 5.6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində 12m (E)x4m(H), 48kv.m. və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə- faktura üzrə alışda və ya idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair, vergi borcunun müvafiq şəkildə, yəni əlavə hesablanmış 15176,05 AZN (üzərinə gələn faizlərlə bərabər) azaldılmasına dair inzibati aktı qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının riskli vergi ödəyicisi hesab olunmamasına və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair inzibati akt qəbul etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə 20- 21 sentyabr 2022-ci il tarixdə baş tutmuş X3 yaşayış Təcrübəsi mövzusunda keçirilmiş tədbirin təşkili üzrə kompleks xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Müqavilə üzrə yalnız aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Göstərilən “banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.m” xidmət yalnız onun dizaynını və hazırlanma materiallarının seçilməsini nəzərdə tutmuşdur. 2-ci il tarixdə cəmi 5,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə 2 Proyektor “10000 ANSİ Lumens”, Banner konstruksiya üzərində 12m (E) x 4m (H), 48 kv.metr satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı tərəfindən həmin məsələyə dair DVX-nə dəfələrlə izahlı məlumatlar təqdim edilsə də, həmin orqan tərəfindən əsaslı araşdırma aparılmamışdır. Bütün araşdırma onunla yekunlaşmışdır ki, vergi ödəyicisi qaimədə mal kimi görünən, əslində isə təqdim edilmiş xidməti qeyd etmişdir. Göründüyü kimi, xidmət müqaviləsi əsasında vergi ödəyicisinin öz mülkiyyətində olan əşyadan istifadənin cavabdeh tərəfindən malların satışı kimi qəbul edilməsi nəticədə vergi ödəyicisi üçün ağır fəsadlar törətmişdir. İddiaçı tərəfindən alqı-satqı əməliyyatları aparılmamışdır ki, buna uyğun hansısa sənədlər də təqdim edilə bilsin. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, təhlil zamanı xx.xx.2022-ci il tarixində cəmi 5,6 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə "2 proyektor 10000 ANSİ lumens, banner konstruksiya üzərində, 12m (E)x4m(H), 48kv.m. və s." satışda qeyd olunmasına baxmayaraq elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********225500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda vergi ödəyicisinin əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən, riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********162200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 15176,05 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının həm riskli vergi ödəyiciləri siyahısına salınması, həm də barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının apellyasiya icraatı qaydasında tam ləğv edilməsinə, iddia tələbinin təmin edilməklə onun riskli vergi ödəyicisi siyahısından çıxarılmağı barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia tələbinin məzmununa uyğun apelyasiya şikayəti verərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən ümumiyyətlə bu maddənin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin tələbinə görə xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xidmət müqaviləsi yığıncaqların təşkil edilməsinə dair xidmətləri əhatə edir və banner konstruksiya üzərində 12m(E) x 4m(H)48 kv.m, Ansi Lumens markalı 10000 2 proyektorların cəlb edilməsi, sinxron tərcümə avadanlığın cəlb edilməsi, çəkililşlərin aparılması, montaj, demontaj, daşıma və s. hamısı sifariş olunmuş xidmətin tərkib hissəsidir. Məhz bu səbəbdən də, elektron qaimədə qeyd edilənlər eyni elektron qaimə kodu ilə göstərilmişdir **********. Qeyd edilən xidmətin digər tərkib hissəsi olan sinxron tərcümə avadanlığı isə fərqli kodla **********-lə göstərilmişdir - elektrik avadanlıqların quraşdırılması xidməti. Sinxrontərcümə avadanlığının elektron qaimədə proyektorlar kimi ayrıca və fərqli kodla göstərilməsinə baxmayaraq cavabdeh orqan bu avadanlığa dair heç bir münasibət bildirmir və bilinməyən səbəbdən onu riskli əməliyyat kimi dəyərləndirir. Hesab edir ki, bu hallar cavabdeh vergi orqanın qərarının və əsaslarının ziddiyyətli olmasına dəlalət edir və qəbul edilmiş qərarın və onun nəticəsinin qanunsuz olduğunu təsdiq edir. Məhkəmə isə ümumiyyətlə bu hissəyə lazımi diqqət yetirməmiş və yalnız cavabdeh vergi orqanın qəbul etdiyi qərarda göstərilənləri təkrarlamaqla kifayətlənmişdir. Vergi orqanı qəbul etdiyi qərarı əsaslandırarkən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı qanunvericilik normalarına da istinad etmişdir. Lakin, qeyd edilməlidir ki, vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyi real olaraq müəyyən etməsi tələb olunur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Hesab edir ki, birinci instansiya məhkəməsi bu hallara qiymət vermədən formal mülahizələr əsasında iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməklə bu halın iddiaçının gələcək fəaliyyətinə necə təsir edəcəyinə, tətbiq edilən təhbeh növünün məqsədinə nə qədər uğurla çatacağına lazımi diqqət yeriməmişdir. Belə ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi onun bütün fəaliyyətinin iflic edilməsinə, digər sahibkarlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək imkanın məhrum edilməsinə və nəticədə müflis olmasına səbəb olacaqdır. İddaçının bu cür əsassız olaraq həmin siyahıya daxil edilməsi artıq iddiaçının fəaliyyətinin rəsmi olaraq dayanmasına səbəb olmuşdur. Həmin maddənin tələbinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının nümunəvi vergi ödəyicisi olmasını, iddiaçının bu günə qədər hər hansı vergidən yayınma halının mövcud olmamasını, vergi borcunun olmamasını nəzərə almadan və bu hissələri araşdırmadan cavabdeh orqanın qərarda göstərilən halları təkrarlamaqla kifayətlənmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında imzalanmış müqavilə əsasında göstərilən xidmətlər və cəlb olunan avadanlıqlar həmin xidmətin tərkib hissəsinə aiddir və məhz bu səbəbdən də, eyni kodla elektron qaimədə əks olunmuşdur. Üstəlik, nəzərə alınmalıdır ki, vergi orqanının mövqeyindən çıxış edilsə belə, 2 ədəd Ansi Lumens 10000 proyektorların 3520 manata satılması reallığı əks etdirmir. Belə ki, həmin proyektorların real dəyəri daha yüksəkdir. Lakin, birinci instansiya məhkəməsi bu halları araşdırmadan formal mülahizələr əsasında qərar qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı dəfələrlə cavabdeh quruma müraciət etsə də, tələbi təmin olunmamışdır və bundan sonra sonuncu imtinanı aldığı vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etdiyi üçün onun iddiası mümkün iddiadır. İşin mahiyyətinə gəldikdə isə, hazırki işdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********849300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya təqdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablanmışdır. İddiaçı bununla bağlı bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə cavabdehə şikayət versə də, onun tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı onun riskli vergi ödəyicisi hesab olunmaması, yəni riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə inzibati akt qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının riskli vergi ödəciyisi hesab olunması üçün əsas “vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 5.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “2 Proyektor 10000 ANSİ Lumens, Banner konstruksiya üzərində, 12m (E) x 4m (H), 48 kv.metr” satışda qeyd olunması, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət), eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmaması ilə bağlı olmuşdur ki, buna görə də “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın (21 noyabr 2024-cü il tarixədək olan redaksiyası) 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; .... 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Hazırki işdə iddiaçı (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsi, sifarişçi isə həmin xidmətlərin icraçıya sifariş edilən xidmət növü və vahidlərinə uyğun olaraq razılaşdırılmış qiymətlərə görə əvəzinin ödənilməsi barədə qarşılıqlı öhdəlik götürmüşlər. Həmin müqaviləyə əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli qiymət razılaşdırma protokolunun, habelə 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktının surətlərinə əsasən icraçı sifarişçiyə 31 702 manat məbləğində xidmət göstərmişdir. Göstərilən xidmətlərin məzmunu aşağıdakılardan ibarət olmuşdur: 1) banner konstruksiya üzərində 12m (E) x 4m (H) 48 kv.metr, 2) 2 Proyektor 10000 ANSİ Lumens, 3) Sinxron tərcümə avadanlığı, 4) Sinxron tərcümə ingilis, Azərbaycan, rus, türk, ərəb dilləri üzrə, 5) 5 kamera ilə çəkilişin aparılması, ekrana canlı yayımın verilməsi, videonun montajı, 6) Montaj və demontaj, nəqliyyat, daşınma, fəhlələr. Qeyd olunan müqavilənin məzmunundan da görünür ki, həmin müqavilə xidmət müqaviləsi olmuşdur, yəni həmin müqavilə üzrə hər hansı mal-materialın satışı nəzərdə tutulmamışdır. Həmin müqaviləyə əsasən göstərilmiş avadanlıqlarla iddiaçı “sifarişçiyə” məhz müvafiq xidməti göstərmişdir. Hətta müqavilə tərəfləri arasında xx.xx.2022-ci il tarixdə imzalanmış təhvil-təslim aktının məzmununda da yuxarıda adları qeyd olunan avadanlıqlar vasitəsilə müvafiq xidmətlərin göstərildiyi faktı təsdiq olunur. Lakin cavabdeh inzibati orqan adları çəkilən avadanlıqların xidmətlə bağlı deyil, satışla bağlı olduğunu hesab edərək onların vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda alış və idxalda qeyd olunan mallar kimi müəyyən edilmədiyini, buna görə də bu əməliyyatın riskli əməliyyat olduğu qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdən müəyyən olunur ki, iddiaçının “icraçı” olaraq digər bir müəssisə (sifarişçi) ilə bağladığı müqavilə əsasında “xidmət göstərməsi” faktını təsdiq edən sübutlar vergi orqanı tərəfindən tam araşdırılmamış və iddiaçının həmin xidmət müqaviləsi üzrə göstərdiyi xidmətdən irəli gələn yuxarıda adları çəkilən avadanlıqlardan istifadəsi onun satış əməliyyatı kimi nəzərə alınmış və bu səbəbdən də həmin avadanlıqların iddiaçının alış və idxal sənədlərində mövcud olmaması əsası ilə iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Halbuki aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın (21 noyabr 2024-cü il tarixədək olan redaksiyası) 3.1.1-ci bəndində qeyd olunan “vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə” əsası mövcud olmamışdır. Digər tərəfdən, işdən görünür ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması əsaslarından biri kimi, vergi orqanı iddiaçının həm də təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığına istinad etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, iddiaçının əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olması faktı vergi orqanının özü tərəfindən də təsdiq edilmişdir. Belə ki, iddiaçının “riskli vergi ödəyiciləri siyahısından çıxarılması” ilə bağlı etdiyi müraciətlərinə cavab məktublarından birində (i.v. 29) vergi orqanı təhlil zamanı iddiaçının əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olması faktını özü etiraf etmişdir. Zatən iddiaçının əsas fəaliyyət sahəsi olaraq “tərcüməçilik” və “konfrans avadanlığı xidməti” üçün ayrıca təsərrüfat subyektinin (anbarın) tələb olunması ağlabatan deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əsas fəaliyyət növü üzrə ayrıca təsərrüfat subyekti (obyekt)- anbar tələb edilmədiyindən onun belə anbarının olmaması əsası ilə vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab olunması əsassız olmuşdur. Odur ki, vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Hazırki işdə iddiaçı tərəfindən onun “riskli vergi ödəyicisi hesab olunması” ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar mübahisələndirilməsə də (həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmə müddəti ötürüldüyü üçün həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardımın göstərilməsinə məhkəmə kollegiyası zərurət görməmişdir), bu hal onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması tələbi ilə çıxış etmək hüququnu məhdudlaşdırmır və hazırki tələbinin əsaslı olduğu üçün təmin edilməsinin qarşısını da almır. İddiaçının müraciətlərinə vergi orqanının cavab məktublarının məzmunundan bəlli olur ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmasından imtinanın əsası kimi həm də ona istinad olunur ki, (i.v. 29-da məktub) riskli əməliyyat aradan qaldırılmamışdır, yəni riskli elektron qaimə-faktura ləğv edilməmiş və təqdim edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər təqdim edilməmişdir. Bu barədə məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırki işdə vergi orqanının aşkarladığı və riskli əməliyyat kimi qiymətləndirdiyi- iddiaçının satış predmeti kimi müəyyən olunan avadanlıqlar yuxarıda göstərilən müvafiq müqavilə və təhvil-təslim aktına əsasən onun göstərdiyi xidmətlə əlaqədar olmuşdur. Buna görə də həmin avadanlıqların iddiaçı tərəfindən satıldığı faktı mövcud olmadığı halda həmin avadanlıqlarla göstərilmiş xidmətə görə alınan pul vəsaitinin (xidmət haqqının) bank hesabı vasitəsilə geri qaytarılmasını və bu barədə müvafiq sənədlərin təqdim olunmasını tələb etmək absurddur. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh qurum iddiaçını riskli vergi ödəyiciləri siyahısından çıxarmaqdan imtina edərkən həm də iddiaçının riskli əməliyyatlar apardığı üçün barəsində xx.xx.2023-cü il tarixli, **********849300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunduğunu və həmin qərara əsasən iddiaçıya təqdim edilmiş bəyannamədən əlavə 15176,05 manat vergi hesablandığını bildirmişdir. Kollegiya hesab edir ki, sözügedən qərarın qəbul edilməsi onun hələ qəbul edilməsi üçün əsas olan halların araşdırılmasını, başqa sözlə desək, iddiaçının riskli vergi ödəyicisi hesab olunması məsələsinin araşdırılmasını və iddiaçının haqlı olduğu halda onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına mane ola bilməz. Əksinə, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, **********849300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar məhz onun riskli vergi ödəyiciləri siyahısına salınması ilə əlaqədar qəbul edildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı məhz hazırki inzibati işin nəticəsindən asılıdır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflər arasında mübahisə yaranan dövrdə riskli vergi ödəyicisinin siyahıdan çıxarılması ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilən qaydalar konkret olaraq bəlli olmasa da, sonradan xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” işlənmişdir ki, həmin Qaydaların da 4.5-ci bəndində vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilməsinin şərtləndirdiyi hallar konkret olaraq göstərilmişdir. Bu hallardan biri kimi də vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığının aşkar edilməsi göstərilmişdir. İş üzrə iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün əsas yaradan halların olmadığı müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısında qalması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə məhdudiyyət yaratmaqla yanaşı, həm də onun uzun müddət bu statusda saxlanılması qanunla da yolverilməz olduğu üçün bu hal hazırki vəziyyətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq inzibati aktın qəbul edilməsi üçün əsas yaradır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Beləliklə, iddiaçı tələb etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyi halda, cavabdeh qurum belə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2115/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-365/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-365/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver