Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3652/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3096/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1990-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" ATSCdə tikişçi işləməsinin əmək stajına daxil edilməsi və daxil edildikdən sonra ona düzgün pensiyanın hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müxtəlif yerlərdə tikişçi işləmişdir. xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək “Xətai-Tikiş-2" ATSC-də tikişçi işləmişdir. Lakin, pensiyaya çıxmaq istədikdə ona yaşa görə sosial müavinət təyin edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən ona 220 manat təyin olunmuşdur. Onun xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" ATSC-də tikişçi işləməsini nəzərə almamışlar və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından bildirmişlər ki, xx.xx.1990-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək əmək haqqı almasını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Bildirir ki, o, "xxxx" ATSC müəssisəsi bağlandığı üçün oradan hər hansı sənəd alıb təqdim edə bilmir. Lakin, onun orada işləməsini təsdiq edən əmək kitabçası vardır. O, işdən çıxanda əmək kitabçasını götürüb çıxmışdır. O təqaüdə çıxanda əmək kitabçasına yox digər sənədlərə baxılması barədə məlumatlı olmamışdır. O, cavabdehə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ən çoxu ödənilməmiş əvvəlki üç il üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3096/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərarı ilə iddia təmin edilmiş, X3 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ən çoxu ödənilməmiş əvvəlki üç il üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, diplomunun surətlərində və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mübahisəli olmayan sığorta stajı 10 il 1 ay 2 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də tikişçi vəzifəsində işlədiyini iddia etdiyi dövrlərdir. Həmçinin iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərini sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASCdə işlədiyi dövr uzun müddətdir. Sözügedən dövr ərzində məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının həmin müəssisədə işləməməsinə dəlalət edir. Bu hal isə iddiaçının əmək kitabçasında olan qeydləri şübhə altına atmağa əsas verir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 07 noyabr 2023-cü il tarixli **********742900 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə ********* nömrəli doqquz rəqəmli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış əmək müqavilələri barədə məlumat müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçı xx.xx.1990-cı il tarixdə cəmiyyətə işə qəbul olunmasına baxmayaraq, cəmiyyət özü ilk dəfə xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınmışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubunda qeyd olunmuşdur ki, cəmiyyətin arxiv sənədlərinin bir hissəsi yararsız hala düşmüşdür. Əldə olunan digər sənədlərdə İddiaçı cəmiyyətdə işləməsi barədə məlumat tapılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-nin işçisi olub-olmaması barədə məlumatların təqdim edilməsi üçün 26 oktyabr 2023-cü il tarixli 3-17-1/2-251758/2023 nömrəli məktubla cəmiyyətə müraciət edilmişdir. Lakin, halhazırda "xxxx" ASC-nin fəaliyyəti aktiv olmasına baxmayaraq məktuba cavab verilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, cavabdeh tərəfindən mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh tərəfindən imtina cavab verildikdən sonra, iddiaçı cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixində, yəni 62 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (62 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Apelyasiya şikayətindən və işin hallarından görünür ki, cavabdeh orqan tərəfindən mübahisələndirilməyən dövr 10 il 1 ay 2 gündür. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçası üzrə 25 ildən artıq stajının olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 10 il 1 ay 2 gün təşkil etmiş, cavabdeh tərəfindən sonuncu mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1990-xx.xx.2006-cı illər olmaqla) 16 il təşkil etməklə, ümumilikdə iddiaçının 26 il 1 ay 2 gündən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir. Lakin cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərinin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını apelyasiya şikayətində qeyd edərək məhkəmənin qərarı ilə razılaşmamışdır. Apelyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya aşağıdakı hüquq normalarına diqqət çəkir: Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İş materiallarında olan əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətinə əsasən isə iddiaçının əmək fəaliyyəti xx.xx.1977-xx.xx.1978, xx.xx.1979-xx.xx.1981, xx.xx.1985-xx.xx.2010 illəri əhatə edir. İddiaçının "xxxx" ASC-də işləməsi barədə arxiv məlumatlarının tapılmamasına gəldikdə isə qeyd olunmalıdır ki, arxiv məlumatlarının təhvil verilməsi, saxlanılması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 01 nömrəli 05 fevral 2024-cü il tarixli cavab məktubundan da görünür ki, arxiv sənədlərinin bir hissəsi yararsız hala düşmüşdür. "xxxx" ASC tərəfindən 2006 - 2010-cu illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatlarının olmaması, iddiaçıya pensiya təyin olunmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajı 25 ildən artıq təşkil etdiyindən və iddiaçının tələbi ona 25 il iş stajına görə yaşa görə əmək pensiyasının təyin edilməsi olduğundan, belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 62 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X5 izahatında İddiaçı ilə birlikdə eyni dövrdə "xxxx" ASC-də işlədiyini bildirmiş və baxış keçirilməsi üçün əmək kitabçasını Kollegiyaya təqdim etmişdir. Əmək kitabçasına baxış zamanı həqiqətəndə, X2 uzun müddət Xətai-Tikiş-2 sexində işləməsi, xx.xx.2010-cu il tarixində öz xahişi ilə işdən azad olduğu müəyyən edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3096/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3652/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3652/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver