Məhkəmə qərarları › İş №2-1(103)-3652/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3652/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3652/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi ezamiyyə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2001-ci il tarixli müvafiq əmrinə əsasən “baş mühəndis” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 210 №-li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş. N №li hərbi hissədə xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuş. Bununla bağlı ona Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi arxiv arayışıda verilmişdir. Bununla bağlı o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Amma ona məlum olmayan səbəblərdən onun müraciətinə rəsmi cavab verilməmişdir. O müraciətinə rəsmi cavabın verilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdeh rəsmi cavabı məhkəməyə təqdim etmişdir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçı 2001-2004-cü illərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 №li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2005-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 2001-2004-cü illərə aid olsa da o, 24 il keçdikdən sonra, iddia qaldıraraq 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 20 ildən 23 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilərı ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir. İşin materiallarında göründüyü kimi, iddiaçı 2005-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Hesab edirlər ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 2005-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddiaçı elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, 2018-ci ildə Müdafiə Nazirliyindən paltar pulu və istifadə etmədiyi məzuniyyət pullarını almışdır (cəmi 2090 manat). Dəfələrlə Müdafiə Nazirliyinə müraciət edib ki, ezamiyyət pullarını versinlər, amma çox təəssüf olsun ki, müraciətlərinə rəsmi cavab verilməmişdir. Ötürülmüş müddət onun tərəfindən deyil qarşı tərəfin vətəndaş müraciətinə məsuliyyətsiz yanaşması nəticəsində baş vermişdir. O, hüquqlarının pozulmasını 2024-cü ildən bilmiş və həmin vaxtdan da Müdafiə Nazirliyinə rəsmi müraciət etmiş, cavab verilmədiyi üçün məhkəmə vasitəsilə rəsmi cavabı alıb. Eyni zamanda da, dəfələrlə xidmət etdiyi hərbi hissəyə müraciət etmiş yenə də, ona rəsmi cavab verilməmişdir. Məhkəməyə müraciət etməyi üçün rəsmi cavabın olması vacib olduğundan məcbur məhkəmə vasitəsilə almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsada məhkəmə iclasına gəlməmişdir. Qanunverciliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclası iddiaçının iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″ ezamiyyə xərclərinin ödənilməsi ″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi ezamiyyə xərclərinin ödənilməsini tələb edir. Belə ki, iddiaçının kimi ezamiyyə xərclərinin ödənilməsini istədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçının tələbi 2001-2005-ci illərri əhatə edir. Həmin tarixlərdən 20 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Kollegiya qeyd edir ki, hazırkı işdən iddiaçının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9180/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar