Məhkəmə qərarları › İş №2-1(103)-3653/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3653/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3653/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11082/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ən azı 500 manat maddi və ən azı 5000 manat mənəvi zərərin, ümimilikdə 5 500 manatın cavadehdən alınaraq ödənilməsi qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bülbülə qəsəbəsi, S.Bəhlulazadə küçəsində yeləşən “Megastore" marketində “West gold” və “Beloruskaya” əmtəə nişanlı kərə yağ adı ilə satılan “kərə yagı” məhsullarının bir müddət mütəmadi istehlakından sonra (təxminən 2 aya taxın) mədə-bağırsaq, eləcə də qarın boşluğu nahiyihəsində yaranan problemlin aradan qaldırılması ilə bağlı TƏBİB-in müxtəlif tibbi müəsisələrinə müraciət edib. Hər bir muəsisənin teapevtlərinin, eləcə də qastroloqlarının miiyainəsindən pulsuz keçdikdən sonra sağlamlığının bərpası ilə bağlı həkimlərin məsləhət bildikləri müxtəlif dərman vasitələrindən almğa məcbur oldu. Huriyyət tv kanalının verilişlərinin birinə baxarkən istifadə etdiyi bu “kərə yağlarının” kərəliklə bağlı olmadığını, əslində isə bunların “marqarin əvəzləyicisi” olguğunu öyrəndi. Bununla bağlı o, yağların laborator müayinəsininin aparılması ilə bağlı cavabdeh quruma 23 dekabr 2024-cü il tarixində yazılı müraciət etdi. Uzun yazışmalardan sonra cavabdeh istifadə ediyim o “kərə yağlarının” tərkibinin müəyyən olunması haqqında o yağların labarator analizinin nəticələrini yazılı surətdə ona verməkdən imtina edərək onu həmin məhsullar haqqında məlumatlardan məhrum etmişdir. Bu məlumatsızlıq səbəbindən də vətəndaşların qida təhlükəsizliyinə cavabeh olan dövlət qurumu öz işini yerinə yetirməmişdir. Müxtəlif növ dərmanların alışı səbəbindən ona ən azı 500 manatdan çox zərər dəymişdir. Odur ki, ona maddi olmaqla ən azı 500 (beş yüz ) manat, mənəvi də olmaqla ən azı 5000 (beş min manat) zərər vurulmuşdur. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11082/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, AQTAdan həmin kərə yağı məhsullarının laborator müayinələrinin nəticələrinin təqdim olunmasını tələb etmişdim. Lakin, 3 aydan artıq müddət keçməsinə baxmayaraq, AQTA bu məlumatları təqdim etməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir. Lakin iddiaçı hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığını nəzərə almamış və mümkünlük şərtlərinə cavab verməyən iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işdə olan X4 Bakı Regional bölməsi tərəfindən Suraxanı rayonu, Əmircan qcsəbəsi, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Megastore" mağazasından aldığı "Belaruskaya" və " West gold" əmtəə nişanlı kərə yağlarının tərkibinin kərə yağından ibarət olmaması ilə bağlı Azərbaycan Respublikasının X4nin “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciəti ilə əlaqədar olaraq qurumun əməkdaşları tərəfindən yuxarıda qeyd olunan yağlardan nümunələr götürülərək AQTİ-nin müvafiq sınaq laboratoriyalarına təqdim edilmiş və sınaq nəticələrinə əsasən uyğunsuzluq aşkar edilməmişdir. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinin tələblərinə görə insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yeni özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, yoxlamalar aparıla bilər. İşdə olan X4 tərəfindən ticarət şəbəkəsində satışı həyata keçirilən və səhhətində ağır fəsadlara səbəb olmasını iddia etdiyi idxal məhsulu olan “West gold” və “Belaruskaya” əmtəə nişanları barədə Agentlik tərəfindən aparılmış sınaq müayinə nəticələrinin təqdim edilməsi ilə bağlı iddiaçının müaricəti ilə əlaqədar bildirilmişdir ki, ilkin müraciətləri əsasında adıçəkilən məhsullarla bağlı aparılmış araşdırmanın nəticəsinə dair ona 17 mart 2025-ci il tarixində məktub ünvanlanmışdır. Bildirilmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Belə ki, həmin sənəd idxal sağlamlıq aktı hesab edilir ki, adıçəkilən məhsullar da ölkə ərazisinə idxal edilən zaman risk əsaslı yanaşma tətbiq edilməklə laborator sınaqlara cəlb edilməklə, nəticələri qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu halda idxal sağlamlıq aktı ilə təmin edilir. Eyni zamanda həmin Qanunun 19.2.6-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanun: 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə ətraflı məlumat verilmiş, odur ki, iddiaçının “İnformasiya əldə etmək haqqında” qanunla qorunan hüquqlarına hər hansı müdaxilə olunmamışdır. Belə ki, iddiaçının müraciətinə əsasən sözügedən məhsulların laborator müayinələrdən keçirilərək idxal sağlamlıq aktı ilə təmin edildiyi ona bildirilmişdir. Səlahiyyətli qurum tərəfindən idxal edilən malların müvafiq normativ-texniki tələblərə uyğunluğunun bildirilməsi istehlakçı kimi iddiaçının hüquqi marağının təmin edilməsi üçün yetərli hesab edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının həmin məhsulların sınaq-laborator müayinələrinin nəticələrini tələb etməkdə hər hansı hüquqi marağının olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11082/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11082/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar