Məhkəmə qərarları › İş №2-1(103)-3654/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3654/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3654/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi ilə, İddiaçı, adi qaydada cəlb edilmiş 3-cü şəxs X5 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh (adi cəlbetmə qaydasında üçüncü şəxs X9) qarşı “övladlarının ata adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9927/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək X3 və X7 doğum haqqında akt qeydlərində ata adının “Emin”-dən “Aydın”a dəyişdirilməsi öhdəliyinin cavabdeh 5 saylı Bakı Cavabdehnə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X6 və X7 anasıdır. Övladlarının ata adları onun öz razılığı əsasında yazılmışdır. Lakin hazırda halda o uşaqlarının qanuni nümayəndəsi olaraq onların ata adlarının dəyişdirilməsinə zərurətin olduğunu hesab edir. Belə ki, “Emin” adlı şəxsin uşaqlarının ataları olmasına dair atalığın müəyyən olunması barədə şəhadətnamə mövcud deyil. Qeyd olunmalıdır ki, uşaqlarının faktiki olaraq tərbiyəsində, onların böyüməsində iştirak edən şəxs - X8r ki, həmin şəxsin uşaqlarının atası kimi göstərilməsi məqsədəmüvafiq olardı. Belə ki, adıçəkilən şəxsin özü də uşaqlarının ata adı kimi onun adının yazılmasına etiraz etmir. Bununla bağlı o, cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, övladlarının ata adının dəyişdirilməsinə maneə olmadığından, cavabdehin imtinası qanunaziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaların 3.1-ci maddəsinə əsasən Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Həmin Qaydaların 6.4-cü maddəsinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Göründüyü kimi, normativ aktda ata adının dəyişdirilməsi üçün əsas kimi yalnız bioloji və hüquqi ata olma tələbi deyil, həm də uşağı faktiki tərbiyə edən şəxsin iştirakı və razılığı kifayət hesab olunur. Hazırkı halda X9 da övladlarımın ata adı kimi onun adının yazılmasına etiraz etmir və bu barədə razılığını bildirmişdir. Buna baxmayaraq, müvafiq dövlət orqanına bu barədə etdiyim müraciət əsassız olaraq təmin edilməmiş və mənə rədd cavabı verilmişdir. Qeyd edilən hallardan göründüyü kimi, bu imtina hüquqi əsasdan məhrumdur. Nəticə etibarilə, o - qanuni nümayəndə olaraq, övladlarının ali mənafeyini rəhbər tutaraq, onların ata adlarının "Aydın" olaraq dəyişdirilməsini zəruri və məqsədəmüvafiq hesab edir. Bu dəyişiklik həm uşaqların faktiki ailə münasibətlərinə, həm də onların şəxsiyyətlərinin düzgün formalaşmasına xidmət edəcəkdir. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X9 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9927/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, uşaq 18 yaşına çatmamışdan əvvəl onun adının və soyadının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilə bilər. Sözügedən norma ad və soyadla yanaşı, ümumilikdə uşağın şəxsiyyətini identifikasiya edən ad və soyad dəyişdirilməsi kontekstində tətbiq olunmalı və eyni məntiq ata adına da şamil edilməlidir. Məcəllədə ata adının dəyişdirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət və ya qadağanın nəzərdə tutulmaması, əksinə, belə halların hüquqi tənzimləməyə açıq saxlanılması həmin məsələdə qanunverici baxımından ata adının da dəyişdirilməsinə yol verildiyini göstərir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Adi qaydada cəlb edilmiş 3-cü şəxs X9 eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsininn iştrakını təmin etməmişdir, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, uşaqlarınının doğum haqqında akt qeydində ata haqqında məlumatlara dəyişiklik edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Nəzərinə çatdırılır ki, qanunvericiliyin normalarına əsasən uşaq aralarında nikah olmayan şəxslərdən doğulduğu və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığı üçün atalıq müəyyən edilmədən ata haqqında məlmatlara dəyişiklik edilməsi ilə bağlı müraciətininin təmin olunması mümkün olmamışdır. İşdə olan AZ-İV 827318 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən xx.xx.2022-ci il təvəllüdlü X7 atası qrafasında X10, anası qrafasında İddiaçı qeyd olunmuşdur. İşdə olan AZ-İV 396863 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 atası qrafasında X10, anası qrafasında İddiaçı qeyd olunmuşdur. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X7 ata adı uşaqların analarının (iddiaçının) göstərişi ilə yazılmışdır və iddiaçı hazırda övladlarının ata adının onları tərbiyə edən şəxsin adına dəyişdirilməsini tələb edir. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 12 may 2011-ci il tarixli 79 nömrəli qərarının 3.1-ci maddəsinə əsasən Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Həmin Qərarın 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qərarın 6.4. Ərizə verən şəxsin istəyi ilə (18 yaşı tamam olan şəxsin) ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 01 mart 2011-ci il tarixli 52 nömrəli qərarının 3cü bəndinə əsasən övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə, atanın adı dəyişdirildikdə uşağın ata adı dəyişdikrdə, atalıq müəyyən edildikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Göründüyü kimi Azərbaycan Respublikası 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda uşağın (18 yaşına çatmamış) ata adının dəyişdirilməsi qaydası mövcud deyil, Azərbaycan Respublikası 01 mart 2011-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nda ata adının dəyişdirilməsinin xüsusi qaydaları müəyyən edilib. Həmin Qaydalarla müəyyən edilir ki, uşaq övladlığa götürülərkən, uşağın üzərində atalıq müəyyən edilərkən və doğum haqqında şəhadətnamədə ata kimi göstərilmiş şəxsin adı qanunvericiliyin tələbləri baxımından dəyişdirilərkən uşağın ata adının dəyişdirilməsi mümkün olur. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin normalarından göründüyü kimi şəxsin ata adı barəsində məlumat vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata alındıqdan sonra bu barədə dəyişiklik etmək hüququ şəxs 18 yaşına çatdıqdan sonra məhz özünə məxsusdur. Eyni zamanda, hər hansı şəxsin uşağı tərbiyə etmiş şəxs hesab edilməsi üçün uşağın yetkinlik yaşına çatmış olması tələb olunur. Hazırki işin hallarından görünür ki, uşaqlar 2019-cu və 2022-ci il təvəllüdlüdür. Odur ki, uşaqlar yetkinlik yaşına çatmadıqları üçün üçüncü şəxs X5 uşaqları tərbiyə etmiş şəxs olması qanunun mənasına görə mümkün deyildir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9927/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9927/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar