Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3655/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Nizami A.S.” kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərin zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-5956/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllə ünvanında “Nizami- AC"KM-nə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün ayrılmış 0,2 ha torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərinin qanunsuz yolla zəbtinin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı olan “Nizami-A.S." Kiçik Müəssisəsi (bundan sonra – iddiaçı) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamı ilə Qanuni nümayəndə təsisçisi və direktoru olduğu "Nizami-A.S.” kiçik müəssisəsinin 11 aprel 1997-ci il tarixli, 55 nömrəli və Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 02 yanvar 1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllə ünvanında “Nizami-A.S." KM-nə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası DİN-nin BDYTİ-nin N və TN şöbəsi tərəfindən 20 iyun 1998-ci il tarixli, 1279 nömrəli rəy verilmişdir. Həmin torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilər qanunsuz yolla zəbt edilmiş, bu fakt Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə edilən müraciət üzrə aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmış və Nazirlik tərəfindən bu qanunsuzluğun aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə məktubla müraciət edilmişdir. Lakin hələ də ərazi boşaldılmamış, zəbt olunaraq saxlanılmışdır. Hansı ki, həmin 13 metr məsafə enində olan mühafizə zolağı məhz Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə ayrılmış və bu barədə inşaat pasportunda qeyd edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, Qanuni nümayəndə iddiada qeyd etdiyi “ərazilər” Lökbatan bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahələri bələdiyyə fondu üzərində yerləşdiyi üçün subyektiv hüquq iddiaçı və cavabdeh olan bələdiyəyə məxsusdur. Hazırda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan Qaradağ Rayon İcra Hakimiyyəti bu iş üzrə cavabdeh ola bilməz və iddia tələbi rayon icra hakimiyyətinə münasibətdə mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-5956/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Nizami-AC”KM-nə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün ayrılmış 0,2 ha torpaq sahəsində inşa olunmuş tikililərin yanğın çıxışları üçün nəzərdə tutulan ərazilərinin qanunsuz yolla zəbtinə əsas olan məhz bu cavabdehin qanunsuz qərarlarıdır. Ona görə də hesab edirik ki, iddialarının mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardad dərhal ləğv edilməlidir və iddiasına baxılıb müvafiq qərar qəbul edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı və hüquqi marağına uyğun iddia qaldırmamışdır. Belə ki, iş materiallarında olan Qaradağ Rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 845 saylı sərəncamına əsasən Lök-batan qəsəbəsi, 2-ci yaşayış massivində maşınlara pullu dayanacaq xidməti göstərilməsi məqsədilə “Nizami AS” kiçik müəssisəsinə 50×40 m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 may 1998-ci il tarixli, 440 nömrəli Sərəncamından görünür ki, Bakı şəhər İcr Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1100 saylı sərəncamında dəyişiklik edilmiş və həmin sərəncamın aşağıdakı redaksiyada oxunması qərara alınmışdır: "Nizami-AC” kiçik müəssisəsinin xx.xx.1997-ci il tarixli, 55 nömrəli və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 5/03 nömrəli məktubları nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ticarət küçəsindəki 23-cü məhəllədə “Nizami-AC" kiçik müəssisəsinə xidmət mərkəzinin lahiyələşdirilməsi və tikintisi üçün 0,2 ha torpaq sahəsi ayrılsın." İddiaçı bu sərəncamla ona ayrılmış torpaq sahəsində inşa edilən tikililərin yanğından çıxışları üçün nəzərdə tutulmuş ərazinin qanunsuz zəbt etdilməsini iddia edərək cavabdehdən bu zəbtin aradan qaldırılması üçün tədbir görülməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 4/10 saylı məktubla ərizədə qeyd edilən ərazinin Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmadığını bildirmişdir. İşdə olan Qaradağ Rayon Lökbatan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06/74 nömrəli məktubundan da görünür ki, ünvan 4 ünvanında iddiaçı Qanuni nümayəndə istifadəsində olan torpaq sahəsi Lökbatan bələdiyyəsinin 20 sentyabr 2000-ci il tarixdə təsdiq edilmiş xəritəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 08 iyul 1994-cü il tarixli 845 nömrəli sərəncamı ilə 50x40 ölçüdə olmaqla avtomobil dayanacağı açmaq üçün ayrılmışdır. Həmin əraziyə qonşuluqda yerləşən torpaq sahələri Lökbatan bələdiyyəsi tərəfindən ayrılmamışdır. Həmçinin, işdə olan bələdiyyənin Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsində mövcud olan qeyriyaşayış sahəsinin bir qisminin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı bildirilmişdir. Bundan başqa, Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 3/25 nömrəli məktubunda göstərilmişdir ki, Qanuni nümayəndə iddia etdiyi mübahisəli torpaq sahəsi Lökbatan bələdiyyəsinin təsdiq edilmiş xəritəsində yerləşir. Hazırda mübahisəli torpaq sahəsində bir neçə vətəndaşın qeyri-yaşayış sahələri mövcuddur və onların iddiaçıya heç bir maneçiliyi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi ərazi cavabdehin, yəni dövlətin deyil, bələdiyyənin istifadəsinə verilən ərazinin hüdudları daxilindəki torpaqlara aiddir və həmin ərazi digər şəxslərin sahibliyindədir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bələdiyyəyə ayrılmış əraziyə aid olan və digər şəxslərin sahiblik etdiyi torpağın zəbt olunması ilə bağlı tələblə cavabdehə qarşı iddia qaldıra bilməz. Məhkəmə iddiaçıya onu da izah edir ki, iddiaçının arzuladığı məqsədə nail olması hazırkı iddia vasitəsi ilə deyil, mübahisəli torpaq sahəsindən istifadə edən şəxslər hüquqmüəyyənedici sənədlər əsasında istifadə etdikdə həmin sənədlərin mübahisələndirilməsi, hər hansı hüquqmüəyyənedici sənəd olmadan qanunsuz istifadə edildikdə isə həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırılması ilə mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-5956/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3655/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3655/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver