Məhkəmə qərarları › İş №2-1(103)-3656/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3656/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3656/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı «qərarın ləğv edilməsi və pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehna qarşı «əmək pensiyasının yenidən hesablanması, əvvəlki pensiya məbləğinin bərpa olunması, artıq hesablanmış məbləğin tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində iddiaçı əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «qərarın ləğv edilməsi və 2015 – 2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı, ondan qanunla müəyyən edilmiş müddətdə şikayət verilmədiyindən qüvvəyə minmişdir. Sözügedən 6 dekabr 2022-ci il tarixli məhkəmə qərarının icrası mərhələsində Bakı İnzibati Məhkəməsinə İddiaçı məhkəmə qərarına izah verilməsi barədə ərizəsi daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmur. Qurumdan bildirilmişdir ki, əmək pensiyası düzgün hesablanmışdır, ona görə də pensiyanın məbləğində dəyişiklik olmyacaq. Bundan sonra “142” çağrı mərkəzinə müraciət olunmuşdur. Mərkəzdən bildirilmişdir ki, cari ilin may ayından məhkəmə qərarı nəzərə alınaraq pensiya məbləği tam ödəniləcəkdir. Lakin 2021- ci ilin oktyabr ayından bu ilin may ayınadək əmək pensiyasından tutulmuş məbləğlər geri qaytarılmayacaqdır. Çünki, məhkəmə qərarında həmin məbləğlərin qaytarılması nəzərdə tutulmamışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmə qərarına izah verilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının “məhkəmə qərarına izah verilməsi barədə” ərizə ilə əlaqədar məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilmişdir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi tamamilə əsassızdır və təmin olunmamalıdır. Ərizənin məzmunundan məlum olur ki, iddiaçı 2021-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər onun pensiyasından tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı izah verilməsini xahiş edir. Müvafiq qanunvericilik normalarında müvafiq zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsi qaydası təsbit olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun. Həmçinin, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Hazırki iş üzrə İddiaçı izah verilməsini tələb etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021- ci il tarixli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarının nəticə hissəsində cavabdehin üzərinə hansı vəzifənin qoyulması aydın şəkildə ifadə olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində qərarın ləğv edilməsi və 2015 – 2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini göstərmiş, hazırki tələbi ilə bağlı 2021-ci ilin oktyabr ayından bu ilin may ayına qədər onun pensiyasından tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hər hansı tələbi olmamışdır. Hazırki halda iddiaçının qərarın izah edilməsi barədə ərizəsinin məzmunu qərarın məzmunun dəyişdirilməsi ilə yanaşı, iddianın əsas və məzmunun dəyişilməsinə səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən müvafiq qərarın icrası ilə bağlı zəruri tədbirlər görülmüşdür. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 230.1-ci maddələri, «İcra haqqında» Qanununun 14-cü maddəsini nəzərə alaraq, məhkəmə qərarının kifayət qədər aydın olması, iddiaçının tələb etdiyi formada izah verilməsi onun məzmunun dəyişdirilməsi ilə nəticələnə biləcəyindən, sözügedən hal iddia tələbinin dəyişdirilməsinə səbəb olacağından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı ilə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı Mərkəzinin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv olunması, həmin qərar qəbul olunan andan onun ləğvinədək iddiaçının pensiyasından “artıq ödənilmiş məbləğ” kimi tutulmuş pul vəsaitinin ona qaytarılmasını ehtiva etməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qərarın izah edilməsi barədə ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı 2021-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər onun pensiyasından tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı izah verilməsini xahiş edir. Müvafiq qanunvericilik normalarında müvafiq zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsi qaydası təsbit olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun. Həmçinin, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Hazırki iş üzrə İddiaçı izah verilməsini tələb etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 saylı iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021- ci il tarixli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarının nəticə hissəsində cavabdehin üzərinə hansı vəzifənin qoyulması aydın şəkildə ifadə olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində qərarın ləğv edilməsi və 2015 – 2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini göstərmiş, hazırki tələbi ilə bağlı 2021-ci ilin oktyabr ayından bu ilin may ayına qədər onun pensiyasından tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hər hansı tələbi olmamışdır. Hazırki halda iddiaçının qərarın izah edilməsi barədə ərizəsinin məzmunu qərarın məzmunun dəyişdirilməsi ilə yanaşı, iddianın əsas və məzmunun dəyişilməsinə səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən müvafiq qərarın icrası ilə bağlı zəruri tədbirlər görülmüşdür. Odur ki, məhkəmə qərarının kifayət qədər aydın olması, iddiaçının tələb etdiyi formada izah verilməsi onun məzmunun dəyişdirilməsi ilə nəticələnə biləcəyindən, sözügedən hal iddia tələbinin dəyişdirilməsinə səbəb olacağından ərizə təmin edilməməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; - 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; - 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; - 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; - 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qnunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, mövcud qanunvericilik normaları ləğv olunmuş inzibati aktların yaratdığı hüquqi nəticələrin hansı andan aradan qaldırılmasını, həmin aktların xassələri (əlverişli və ya əlverişsiz) və qanuni olub-olmaması ilə şərtləndirir. Qanuni inzibati aktın ləğvi halı istisna olmaqla, inzibati aktların, daha dəqiq desək qanunsuz əlverişsiz və qanunsuz əlverişli inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hazırkı inzibati mübahisənin predmeti olan cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarı əlverişsiz inzibati aktdır və müvafiq hissədə onun ləğvi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu anda yaranmış hüquqi nəticələri aradan qaldırır. Birinci instansiya məhkəməsinin iş üzrə qərarının əsaslandırıcı hissəsinə də diqqət edildikdə qeyd edilmişdir ki, Hazırkı iş üzrə cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının ikinci hissəsi “əlverişli inzibati akt”la bağlı olmasa da, “əlverişli faktiki hərəkətlər”lə əlaqədar olduğundan, qərarın həmin hissəsi qəbul olunarkən İddiaçı “ona ödənilmiş pensiya məbləğləri”nə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 1.2 və 67.6-cı maddələrinə müvafiq olaraq etimad hüququnun qorunması nəzərə alınmamışdır. Belə olan halda, cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının İddiaçı ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ikinci hissəsinin qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Odur ki, kollegiya cavabdeh tərəfin etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia qaldırarkən iddiaçının çatmaq istədiyi məqsədi, əlverişli məhkəmə müdafiəsi seçimini nəzərə alaraq belə qənaətə gəlib ki, cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının qismən ləğv edilməsi onun müvafiq hissəsində yaranmış hüquqi nəticələri də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv olunması, qərar qismən ləğv olunan anadək iddiaçının pensiyasından “artıq ödənilmiş məbləğ” kimi tutulmuş pul vəsaitinin ona qaytarılmasını da ehtiva edir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263-264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4790/2022 nömrəli, 25 iyun 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar