Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3657/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), X12 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı məxsus AZE seriyalı 02186069 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur, 55 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur.
2. Xətai rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci ildə verilmiş İ-JQ seriyalı 268625 nömrəli Familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 adını «Mətanət» adına dəyişmişdir.
3. İddiaçıya məxsus MT-İ seriyalı 296690 nömrəli diplomun surətindən görünür ki, Ağayeva Məxrufa (Mətanət) Gülbudaq qızı 1986-cı ildə Bakı Baza Energetika Texnikumuna daxil olmuş və 1989-cu ildə tam kursu bitirmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsinə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildə Bakı Radio Zavodu Montajçı şagirdi qismində 6 saylı yığım sexinə qəbul edilib, xx.xx.1985-ci ildə 1-ci dərəcəli r/a montajçısı dərəcəsi verilib, xx.xx.1985-ci ildə 2-ci dərəcəli r/a montajçısı dərəcəsi verilib, xx.xx.1986-cı ildə işdən azad edilib, 1986-1989-cu illərdə BİT təhsil almışdır, xx.xx.1989-cu ildə İstilik şəbəkələrinin və suqızdırıcı qazanxanalarının İdarəsinə RTŞ - 6 KST aparatının şagirdi qismində qəbul edilib, xx.xx.1989-cu ildə RTŞ - 6 KST aparatına keçirilib, xx.xx.1990-cı ildə RİŞ - 6 qazanlarının maşinisti şagirdi keçirilib, xx.xx.1990-cı ildə RİŞ - 6 qazanlarının maşinisti keçirilib, xx.xx.1997-ci ildə 6 saylı RİŞ-də qazanxana maşinisti kimi sərbəst işə buraxılıb, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2012-ci ildə "xxxx" 6 saylı istilik sistemləri istismar sahəsi RİQ-6-ya əsas işçinin xəstə olduğu müddətli olaraq 6- cı dərəcəli böyük əməliyyatçı peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə 6 saylı istilik sistemləri istismar sahəsi RİQ-6-ya müddətsiz olaraq 6-cı dərəcəli böyük əməliyyatçı keçirilib.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (Maxrufa) Gülbudaq qızı "xxxx" Səhmdar Cəmiyyəti, İstilik Şəbəkəsi və X11 Müəssisəsi, 6 saylı Rayon İstilik Qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.1989-cu il tarixli 40/k saylı əmr ilə xx.xx.1989-cu il tarixindən öyrənmək məqsədi ilə aparatçı peşəsinə qəbul edilmişdir. İstilik Şəbəkəsi və X11 Müəssisəsinin xx.xx.1989-cu il tarixli 59/k saylı əmri ilə xx.xx.1989-cu il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasında aparatçı peşəsi üzrə sərbəst işə buraxılmışdır. İstilik Şəbəkəsi və X11 Müəssisəsinin xx.xx.1990-ci il tarixli 68/k saylı əmri ilə xx.xx.1990-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına öyrənmək məqsədi ilə qazan maşinisti peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X11 Müəssisəsinin xx.xx.1990-cı il tarixli 70/k saylı əmri ilə xx.xx.1990-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına qazan maşinisti peşəsinə sərbəst işə buraxılmışdır. İstilik Şəbəkəsi və X11 Müəssisəsinin xx.xx.1997-ci il tarixli 17/ş saylı əmri ilə xx.xx.1997-ci il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına qazanxana maşinisti peşəsinə sərbəst işə buraxılmışdır. "xxxx"ASC-nin xx.xx.2009-cu il tarixli 06/853 saylı əmri ilə xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 1. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı fərmanına əsasən "xxxx" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkələri və X11 Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. 2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X11 Müəssisəsi daxil olmaqla Bakı şəhər X7 Birliyi yaradılmışdır. 3. Bakı X7 Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H saylı əmrinə əsasən İstilik Şəbəkələri və X11 Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. 4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı şəhər X7 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik idarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. 5. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004cü il tarixli 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. 6. Azərbaycan Respublikası Prezidentinin 847 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı (Maxrufa) Gülbudaq qızının çalışdığı qazanxana maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 24. a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər 19 il 5 ay 4 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 19 il 5 ay 4 gün təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 55 yaşdan, yəni xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2621/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X10 və X4 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış ki, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək cəmi 19 il 05 ay 04 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2621/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər X13 (məruzəçi), X9 və X3) Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2621/2023 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə gğndərilmişdir.
14. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, pensiya kapitalı ilə bağlı şərt cavabdeh tərəfindən mübahisələndirilir. 54. Hərçənd, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətdə istinad edilən, yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi bütün hallara münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
f) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İnzibati orqan tərəfindən ərizəçinin müraciətinə baxılaraq imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmadığı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2022-ci il tarixində yarandığı üçün ona həmin vaxt mövcud olan “Əmək pensiyları haqqında” Qanunun 9.1-ci maddəsi ilə imtina verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasının məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş aşağıdakı şərtlər ödənilməlidir: 1. 20 il ümumi iş stajının və 10 il güzəştli stajının olması; 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olması. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsinə aid deyil. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi işlərinə baxılarkən məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu müəyyənləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirmə, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğun olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
g) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
h) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının lğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
25. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
26. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarına riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 33.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Əvvəla, iddiaçı işin ikinci apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona ona 55 yaşdan, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlıdır.
38. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin göstərişinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28994,25 manat təşkil edir. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 56160,00 manat məbləğində hesablanmışdır.
39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası).
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati iş üzrə iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün bütün şərtləri ödəyir.
41. "xxxx" ASC iddiaçının xx.xx.1990-xx.xx.2009 dövrlər üzrə işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, “qazanxana maşinisti” peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24a) bəndində nəzərdə tutulan “qazanxana avadanlığı üzrə nəzarətçi maşinisti” peşəsi ilə ilə funksiolan fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir.
42. Bununla belə, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur.
43. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilədək (19 il 05 ay 04 gün) "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işləmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş, iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya ödənilməsini tələb etdiyi dövrdən (xx.xx.2022-ci il) güzəştli şərtlərlə pensiya hüququ verən yaşa və staja malik olması (fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmadan) kifayətdir.
45. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçının güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır.
46. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı dəyişdirilərək, 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdehə həvalə edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.