Məhkəmə qərarları › İş №2-1(103)-366/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-366/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-366/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(81)-4160/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(81)-4160/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 17.03.2020-ci il tarixli 2-1(103)-490/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(81)-4160/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi E.Nağıyeva, hakimlər V.Məmmədov və H.Həmidov). Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 07.10.2020-ci il tarixli 2-1(102)- 1786/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-490/2020 saylı iş üzrə 17.03.2020ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər Z.Quliyev və İ.Şəfiyev). Məhkəmə kollegiyasının 26.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 01.09.194-cü ildən 26.07.1979-cu ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövrün, 10.11.1979-cu il tarixdən 12.05.1981-ci il tarixə qədər hərbi xidmətdə olduğu dövrün, 20.08.1979-cu ildən hazıürki dövrə qədər olan ümumi iş stajının və 20.04.1994-cü il tarixdən «Xəzərdənizneftqazinşaat» tresti 3 №-li Tikinti Quraşdırma İdarəsində oksigen sexinə usta vəzifəsində işlədiyi vaxtdan bu günə qədər toplanmış zərərli iş şəraitində güzəştli iş stajının sosial sığorta stajı kimi nəzərə alınaraq 10.01.2014-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilərək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni 10.01.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Qazax rayonunda doğulmuşdur. 01.09.1974-cü ildən 26.07.1979-cu ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 20.08.1979-cu ildə 2 saylı X3 sexində növbətçi usta vəzifəsinə qəbul olunmuş, 10.11.1979-cu ildən 12.05.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 20.07.1981-ci ildən 07.09.1984-cü il tarixə qədər 1 saylı X3 sexində müavin və sex rəisi vəzifəsində işləmişdir. 26.09.1984-cü il tarixdən 1 saylı sexə 5-ci dərəcəli qəlibləyici vəzifəsinə qəbul olunmuşdur.05.05.1985-ci ildəm həmin sexə rəis müavini, 12.08.1985-ci il tarixə isə həmin rəisi vəzifəsinə keçirilmiş və 17.03.1997-ci il tarixə qədər həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. 20.04.1988-ci ildən «Xəzərdənizneftqazlayihə» Trestində 3 saylı Tikinti Quraşdırma İdarəsində 10-cu dərəcəli usta vəzifəsinə keçirilmiş və həmin vaxtdan hal-hazırki dövrə qədər orada müxtəlif vəzifələrdə işləmişdir. Hazırda 7 saylı Tikinti Quraşdırma Bölümündə «əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis» vəzifəsində işləyir. 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir.Lakin, Cavabdeh imtina məktubu ilə mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil Məmmədli oğlu apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının tələbləri açıqdır. Şəxs müvafiq müraciətinə/ərizəsinə/ Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir. Şəxsiyyətini təsdiq edən sənədin surəti; ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göründüyü kimi, məhz iddiaçının təqdim etdiyi sənədlərin natamamlığı səbəbindən İdarənin müvafiq araşdırma aparması mümkün olmayıb. Məhkəmənin iddiaçının pensiya hüququ yaranan tarixdə məlum Qaydaların qüvvədə olmamasına dair dəlili də yersizdir. X4 müraciət qaydasını müəyyənləşdirir. Müraciətlə bağlı qaydalar prosedur normalardır və şəxsin hüququnun yaranması (əgər yaranıbsa!) tarixi ilə heç bir əlaqəsi də yoxdur. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı, cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İddiaçı xx.xx.1957-ci ildə Qazax rayonunda doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı 1974-cü ildən 1979-cu ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır (EV 265987 №-li Diplom). İddiaçı 10.11.1979-cu ildən 12.05.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (VF 111524 №-li hərbi bilet). İddiaçı 20.08.1979-cu ildən 17.10.1979-cu ilə qədər «Ukrşaxstroy» Respublika Birliyinin «Krasnoluç» zavodunda usta, 20.07.1981-ci ildən 07.09.1984-cü ilə qədər 2 saylı X3 sexində sex rəisi, 26.09.1984-cü ildən 02.01.1985-ci ilə qədər qəlipləyici, 02.01.1985-ci ildən 05.05.1985-ci ilə qədər usta, 05.05.1985-ci ildən 12.08.1985-ci ilə qədər sex rəisinin müavini, 12.08.1985-ci ildən 11.07.1986-cı ilə qədər sex rəisi, 11.07.1986-cı ildən 02.02.1987-ci ilə qədər usta, 02.02.1987-ci ildən 09.02.1995-ci ilə qədər sex rəisi, 09.02.1995-ci ildən 17.03.1997-ci ilə qədər usta, 20.04.1998-ci ildən 30.04.2001-ci ilə qədər «Xəzərdənizneftqaztikinti» Tresti 3 saylı Tikintiquraşdırma İdarəsinin Oksigen istehsalat sexində usta, 01.05.2001-ci ildən 23.01.2007-ci ilə qədər həmin Trestin 4 saylı İTQF-nin Oksigen istehsalat sexinə iş ustası, 24.04.2007-ci ildən 02.04.2007-ci ilə qədər həmin X1 Dəstəsinin 1 saylı sahəsinə usta, 03.04.2007-ci ildən 21.06.2013-cü ilə qədər usta vəzifəsində işləmiş, 21.06.2013-cü ildən hazırki vaxta qədər oksigen sexində rəis müavini vəzifəsində işləyir (əmək kitabçası, 18.02.2014-cü il tarixli 03 №-li Təqdimat). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə 10.5.1 b koduna əsasən zərərli şəraitdə güzəştli şərtlərlə ümumi iş stajı 15 il 09 ay 29 gün təşkil edir («Neftqaztikinti» Trestinin X3 Zavodunun 34 №-li 20.02.2014-cü il tarixli Arayışı). İddiaçı ərizə ilə 02.09.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (04.09.2019-cu il tarixli **********3 №-li məktub). İmtinaya səbəb kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur. Hazırda iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 10.01.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırda tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, məhkəmə hazırki mübahisə üzrə 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmalı olduğunu hesab edir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.07.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 3) İddiaçının 01.07.2017-ci ilə qədər 57 yaşının tamam olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 16.03.2013-cü ilə qədər təhsil müddəti də daxil olmaqla 36 il 4 ay 29 gün ümumi və 15 il 9 ay 29 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddiaçının 15 il 09 ay 29 gün güzəştli iş stajının mövcud olması nəticəsi ilə razılaşmır. Belə ki, iddiaçının təqdim etdiyi “Neftqaztikinti” Trestinin X3 Zavodunun 20.02.2014cü il tarixli, 34 saylı arayışı sübut kimi qəbul edilə bilməz. Həmin arayışda iddiaçının oksigen sexində usta və oksigen sexində rəis müavini işləməsi, AR NK 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə 10.5.1b koduna istinad edilərək iddiaçının zərəli şəraitdə güzıştli şərtlərlə ümumi iş stajı 15 il 09 ay 29 gün təşkil etməsi qeyd edilmiş və birinci instansiya məhkəməsinin 10.5.1b kodunda qeyd edilmiş peşələrə ( növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri mühəndislər (növbəli məşğul olanlar) ustalar, böyük ustalar mexaniklər) uyğun olması düzgün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş ” Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu bölməsi “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlandırılır. Siyahının 10.5.1-ci bəndi “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri”ndən bəhs edilir. İddiaçının 20.02.2014-cü il tarixli, 34 saylı arayışda qeyd edilən X3 Zavodu Siyahının 10-cu bölməsinə aid edilə bilməz, işlədiyi oksigen sexində usta və oksigen sexində rəis müavini vəzifələr isə Siyahının 10.5.1-ci bəndinə uyğunlaşdırıla bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(81)-4160/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1(81)-4160/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar