Məhkəmə qərarları › İş №2-1(103)-366/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-366/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-366/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6799/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli **********031400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2018-ci il üzrə 24542,27 manat, xx.xx.2022-ci il tarixli **********163500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2019-cu il üzrə 18082,19 manat və xx.xx.2022-ci il tarixli **********57200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2020-ci il üzrə 53315,37 manat həcmində mənfəət vergisinin və bununla bağlı hesablanmış xx.xx.2022-ci il tarixə 33176,54 manat həcmində faizlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.2021-ci il tarixli, **********031400 saylı, xx.xx.2022-ci il tarixli, **********163500 saylı, xx.xx.2022-ci il tarixli, **********120700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********031400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2018-ci il üzrə 24542,27 manat, xx.xx.2022-ci il tarixli **********163500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2019-cu il üzrə 18082,19 manat və xx.xx.2022-ci il tarixli **********57200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2020-ci il üzrə 53315,37 manat həcmində mənfəət vergisi və xx.xx.2022-ci il tarixə 33176,54 manat həcmində faizlər hesablanmışdır. Əlavə vergilərin hesablanmasına əsas kimi "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə (VÖEN:1********) 2017-2020-ci illər ərzində borc verilmiş vəsait təşkil etmişdir. Vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər onunla əsaslandırılmışdır ki, güya "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə borc müqaviləsi əsasında verdiyi və "xxxx" MMC-nin borc verdiyi vəsaitlərlə bağlı əlavə gəlir əldə etdiyi ehtimal olunduğundan, "xxxx" MMC-yə əlavə vergilər hesablanmışdır. Bundan başqa, "xxxx" MMC-nin vergi mükəlləfiyyəti dəyişdirilərək, sadələşdirilmiş vergi ödəyicisindən mənfəət vergisi ödəyicisi ilə əvəz olunmuşdur. Bildirir ki, vergi orqanının yanaşması tamamilə əsassız və qanunsuzdur. Belə ki, bank çıxarışlarından və müqavilələrdən görünür ki, "xxxx" MMC özünün təsis etdiyi cəmiyyətə borc olaraq vermişdir. Bu borc müqavilələri ilə bağlı "xxxx" MMC heç bir əlavə gəlir əldə etməmişdir. Əgər heç bir mənfəət yoxdursa mənfəət vergisindən söhbət gedə bilməz. Belə ki, "xxxx" MMC-nin törəmə cəmiyyətə verdiyi borcun sonradan geri qaytarılmasından "xxxx" MMC heç bir mənfəət əldə etməmişdir. Vergi orqanı isə "xxxx" MMC-ni kredit təşkilatı hesab edərək borc verilmiş vəsaitin geri qaytarılmasından əlavə faiz alındığını iddia edərək, həmin əlavə faizdən 20 % dərəcə ilə mənfəət vergisi hesablamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Hüquqi şəxs İddiaçı MMC xx.xx.2016-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi hüquqi şəxs tərəfindən faizsiz verilmiş borc məbləği vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmalıdır. Araşdırma zamanı bank hesabından çıxarış məlumatlarına əsasən "xxxx" MMC-nin təsisçisinə 2018ci il ərzində ******* manat, 2019-cu il ərzində ******* manat, 2020-ci il ərzində ******* manat məbləğlərində borc verdiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur ki, bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma riski və vergi öhdəliklərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilir. Belə ki, vergi qanunvericiliyinə əsasən təsisçi hüquqi şəxs tərəfindən faizsiz verilmiş borc məbləği vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmalıdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********053800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmamışdır. Yaranmış kənarlaşmalarla bağlı 2018-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,35%-13,69%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 122711,35 olması nəzərə alınmaqla 24542,27 manat, 2019-cu il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,08 %) və verilmiş borclar üzrə faiz gəlirlərinin 90410,93 manat olması nəzərə alınmaqla 18082,19 manat, 2020-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,63%- 13,79%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 266576,85 manat olması nəzərə alınmaqla 53315,37 manat müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələri üzrə əlavə vergi məbləğləri hesablanmışdır və bu barədə xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********163500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022ci il tarixli, **********572000 nömrəli qərarla bağlı bildirilir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, yenidən aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərar ləğv edilərək, xx.xx.2022-ci il tarixli, **********120700 saylı qərar qəbul edilmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçının mükəlləfiyyəti dəyişdirilməmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bununla əlaqədar iddiaçı “Ruby" MMC-nin iddiasının xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərarların ləğv edilməsi hissəsində mümkün sayılmaması, qalan hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6799/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2021-ci il tarixli **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli **********163500 nömrəli, xx.xx.2022-ci il tarixli **********120700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6799/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC qarşılıqlı surətdə asılı olan şəxslər olduğuna görə, İddiaçı MMC tərəfindən təsisçisi olduğu "xxxx" MMC ilə bağladığı təsərrüfat əqdinə (borc müqaviləsinə) bazar qiyməti (Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi) tətbiq edilmişdir. Vergi Məcəlləsinin 14.3cü maddəsi isə imperativ normadır, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergi orqanının üzərinə bazar qiyməti əsasında hesablama həyata keçirilməsi öhdəliyini qoyur. Vergi orqanı da məhz bu normaları və halları nəzərə alaraq hesablama aparmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018, 2019, 2020ci il mənfəət vergisi bəyannamələri (iş materiallarında mövcuddur) hesablama metodu ilə təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi nəzərə alınmaqla, İddiaçı MMC tərəfindən verilmiş borc məbləği vergitutma məqsədləri üçün faizlə şərtləşdirilmiş kimi qəbul edilmiş, faizlərin ödənilməsi müddəti hər ilin sonu və buna müvafiq olaraq Vergi Məcəlləsinin 135.3-cü maddəsinə əsasən gəlirin əldə edilməsi vaxtı da müvafiq hesabat dövrləri (2018, 2019, 2020-ci illər) olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd edilən norma və hallar nəzərə alınmayaraq, ədalətsiz qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********031400 saylı xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Hüquqi şəxs İddiaçı MMC xx.xx.2016-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. Məhkəmə səhvən elə nəticəyə gəlmişdir ki, qərar mütləq şəkildə sifarişli poçtla göndərilməlidir, halbuki Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarı xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2022- ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur və müvafiq sübut da məhkəməyə təqdim edilmişdir, yəni həmin qərarın surətinin vergi ödəyicisinə verilməsi öz təsdiqini tapır və bununla da Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbləri gözlənilmiş olur. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsi isə öz növbəsində qərarların elektron üsulla göndərilməsinə yol verir. Qeyd olunan səbəblərdən məhkəmə tərəfindən iddianın mümkünlük məsələsinə də düzgün baxılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin iddianın mümkünlüklə bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə kollegiyası iddianın mümkünlüyünə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşır. Apellyasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlilləri ondan ibarətdir ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018, 2019, 2020-ci il mənfəət vergisi bəyannamələri (iş materiallarında mövcuddur) hesablama metodu ilə təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi nəzərə alınmaqla, İddiaçı MMC tərəfindən verilmiş borc məbləği vergitutma məqsədləri üçün faizlə şərtləşdirilmiş kimi qəbul edilmiş, faizlərin ödənilməsi müddəti hər ilin sonu və buna müvafiq olaraq Vergi Məcəlləsinin 135.3-cü maddəsinə əsasən gəlirin əldə edilməsi vaxtı da müvafiq hesabat dövrləri (2018, 2019, 2020-ci illər) olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, kameral vergi yoxlamasına əsasən müvafiq hesablama İddiaçı MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə 2018-ci il ərzində 2.114.100 manat, 2019-cu il ərzində 1.965.455 manat, 2020-ci il ərzində 4.885.500 manat faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlərin müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi ilə bağlıdır. Cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. İddiaçı MMC ilə borc (kredit) verdiyi "xxxx" MMC təsadüfi şəxslər deyil, iddiaçı həmin hüquqi şəxsin təsisçilərindən biridir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC-nin nizamnaməsinə əsasən təsisçisi X3r. "xxxx" MMC-nin nizamnaməsinə əsasən təsisçiləri "xxxx" MMC və İddiaçı MMC-dir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********163500 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 18082,19 manat vergi müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********031400 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 24542,27 manat vergi müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********572000 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 53315,37 manat vergi müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********120700 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 53315,37 manat vergi müəyyən edilmişdir. Həmin qərara əsasən, xx.xx.2022-ci il tarixli **********572000 nömrəli qərar ləğv edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2021-ci il tarixli **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli **********163500 nömrəli, xx.xx.2022-ci il tarixli **********120700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə görə vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6799/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar