Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3661/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı 8 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarına əsasən xx.xx.1958-ci il tarixində anadan olmuş ünvan 3 ünvanda yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində ona 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yeləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (bank rekviziti əlavə olunur) qərara alınmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinə əlavə olunmuş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 4760 manat 59 qəpik olmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 4841 manat, 09 qəpik olmuşdur. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli Qərarında xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında ona 15604,43 manat pensiya məbləğinin artıq ödənildiyi göstərilmiş və həmin vəsaitin filialın hesabına ödənilməsi tələb edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubunda əsas kimi cavabdeh qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə X8 departamentinin əməkdaşları tərəfindən aparılmış audit araşdırılmaları zamanı ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 811,08 manat artıq, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində 790,20 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənilməsi nəticədə (811,08 + 790,20 - 3106,92 + 17110,07) ümumilikdə 15604,43 manat artıq pensiya məbləği ödənilmişdir. Eyni zamanda onun pensiyası üzrə cavabdeh təşkilat tərəfindən yenidən hesablama qərarı qəbul edilərək 2021-ci ilin yanvar ayından etibarən hər ay 519,91 manat azaldılmış, lakin qeyd olunan qərar ona bu günədək təqdim edilməmişdir. Bununla bağlı 02 və 03 fevral 2021-ci il tarixlərdə etdiyi sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla məlumat verilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi (İİ qrup) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 11 noyabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3033,59 manat olmaqla orta aylıq əmək haqqı 3641,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (3641,69 manat) 80 faizi-2913,35 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 45642,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 46453,56 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 811,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 594,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3336,95 manat olmaqla orta aylıq əmək haqqı 3999,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3999,05 manat) 80 faizi- 3199,24 manat məbləğində müəyyən edilmişdir. Lakin ona xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 3243,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 790,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyəgörə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 5990,96 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (5990,96 manat) 80 faizi-4792,77 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə19171,08 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 16064,16 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3106,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “X4 xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,33 faizi miqdarında əlavəsi 83,50 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 6051,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (6051,36 manat) 80 faizi-4841,09 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67775,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 84885,33 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 17110,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə X8 Departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15604,43 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı 8 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli və xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, X4 Xidmət Haqqında Əsasnamənin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş 73-cü maddəsinə əsasən Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına 20 ildən 25 ilədək xidmət ilinə görə 39 manat miqdarında vəzifə maaşına əlavə müəyyən edilir. Eləcə də, Əsasnamənin 1 yanvar 2020-ci ildən qüvvəyə minmiş 73-cü maddəsinin yeni redaksiyasına əsasən vergi orqanlarında 15 ildən yuxarı xidmət illərinə görə hər ay vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Məlum olduğu kimi, onun 25 il 2 ay 14 gün qulluq stajı olmuş və xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, çalışdığı dövrə qulluq stajına görə əlavə 39 manat miqdarında müəyyən edilmiş və çalışdığı müvafiq aylar üzrə həmin məbləğ ona da ödənilmişdir. Beləliklə, ona yenidən pensiya hesablanarkən qulluq stajına görə əlavənin 39 manat hesablanmaması ilə bağlı məhkəmənin qənaəti yanlışdır. Mübahisənin ikinci hissəsi mükafat və müavinətlərin cəminə görə əlavənin hesablanması ilə bağlıdır. Mükafat və müavinətlərin cəminə görə əlavənin hesablanması ilə bağlı mövqe aşağıdakı kimidir. xx.xx.2016-xx.xx.2018 dövrü üzrə 3328,95 (369.84 * 540:60) manat, xx.xx.2018-xx.xx.2019 dövrü üzrə 3661,84 (369.84 * 594:60) manat, 01.09.209-xx.xx.2019 dövrü üzrə isə 5492,76 (369.84 * 895:60) manat xx.xx.2020-xx.xx.2021 dövrü üzrə isə 5492,76 (369.84 * 895:60) manat Əmsallar müvafiq olaraq cavabdeh tərəfindən verilmiş 1996-2000-ci illər üzrə əmək haqqı, mükafatlar və digər gəlirlər haqqında arayışa əsasən hesablanmışdır. Lakin cavabdeh mükafatlar və müavinətlərin cəminə görə məbləğin hesablanması barədə hər hansı açıqlama verməmiş və hazırkı məsələyə heç bir aidiyyəti olmayan 2020-ci il tarixindən qüvvəyə minmiş “X4 xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə istinad etməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Məhkəmə də eyni qaydada, mükafatlar və müavinətlərin cəminə görə məbləğin hesablanması barədə hər hansı araşdırma aparmamış cavabdeh təşkilatın məsələ ilə mövqeyi ilə razılaşmışdır. Apellyasiya və Kassasiya məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-844/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1689/2023 saylı 02 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-844/2023 saylı 7 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş və kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmadığı hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********2 nömrəli, xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi ilə yanaşı, həm də xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarın da ləğv edilməsi”ni xahiş etmişdir. Ərizə icraata qəbul olunmuşdur. Cavabdehin nümayəndələri X6 və X7 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən- iddianın təmin olunmadığı hissədə yoxlanılır. Belə ki, iddianın təmin olunduğu hissədə məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********2 nömrəli və xx.xx.2021-ci il tarixli **********0 nömrəli, xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarını ləğv etmiş, bu hissədə cavabdeh birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmiş və qərar qanuni qüvvəyə minmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi hissəsində iddia təmin edilməmiş, iddiaçının apelyasiya şikayəti də apelyasiya məhkəməsi tərəfindən təmin edilməmiş, iddiaçı bu hissədə kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1689/2023 qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli 2-1(103)- 844/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Bununla bağlı inzibati iş təkrar apellyasiya baxışına təyin olunmuş və işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün iddiaçıya məxsus pensiya işinin materialları tam həcmdə cavabdeh inzibati orqandan tələb olunmuşdur. Təqdim olunan pensiya işinin tam materiallarından məlum olmuşdu ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1689/2023 saylı 02 avqust 2023-cü il tarixli qərarı qəbul olunduqdan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə yenidən iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-1-12959/2023 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən də iddiaçının aylıq pensiya məbləği 4841 manat 09 qəpik müəyyən edilmişdir. İddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-1-12959/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərar nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin qərara əsasən iddiaçının pensiyası yenidən hesablanaraq, ona müvafiq dövr üzrə artıq ödənilmiş pensiya məbləği ilə pensiyasının yenidən hesablanması ilə bağlı ödənilməli olan məbləğin fərqi nəzərə alınmaqla aylıq pensiya məbləği 4841,09 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sonuncu 3-17-1/3-1-12959/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərar da onun hüquqlarına toxunduğu üçün məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardımla razılaşan iddiaçı iddia tələbini dəqiqləşdirmiş və bu barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi ilə yanaşı, xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi icraata qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddiaçının iddiası əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda qərarlar qəbul etmişdir: iddianın predmeti olan 25 yanvar 2021-ci il tarixli qərar və 4 mart 2021-ci il tarixli qərar. Həmçinin bu qərarlardan əvvəl cavabdehin daha bir qərarı olmuşdur, onun qəbul edilmə tarixi 28 yanvar 2020-ci ildir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin etdiyi 28 yanvar 2020-ci il tarixli qərarında aylıq pensiya məbləğini 5238 manat, 25 yanvar 2021-ci il tarixli qərarında 4760 manat, 04 mart 2021-ci il tarixli qərarında isə 4841 manat müəyyən etmişdir. Eyni zamanda, işin təkrar apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaçıya məxsus pensiya işinin tam materiallarından məlum olduğu kimi, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-1- 12959/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən də iddiaçının pensiya məbləği dəyişməmiş, 4841,09 manat hesablanmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, həm işdə olan sənədlərdən, həm də pensiya işinin materiallarına görə, cavabdeh iddianın predmeti olan qərarları qəbul edərkən inzibati icraat aparmamış və təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3- 17-1/3-1-12959/2023 nömrəli qərarlar qəbul edilməmişdən öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyasının qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi qərarlar cavabdeh inzibati orqan tərəfindən qəbul edilərkən inzibati icraat aparılmamış, iddiaçının kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, 1996-2000-ci illər ərzində aldığı əmək haqqı cavabdeh inzibati orqan tərəfindən əsas götürülərək buna uyğun olaraq da düzgün hesablama aparıldığı, bu hesablamalar zamanı 1996-2000-ci illər üzrə əmək haqqı məbləği, əmək haqqı məbləğinə hansı əlavələrin daxil edildiyi, onun hesablaması, pensiyanın hansı qaydada hesablanması, bu hesablamanın həqiqətən də cavabdeh tərəfindən düzgün icra edildiyi, artıq ödənilmiş pensiya məbləğinin inzibati icraat qaydalarına uyğun şəkildə tələb olunması, pensiyanın yenidən hesablanması ilə bağlı yaranan məbləğlə artıq ödənilməsi müəyyən olunan məbləğ arasındakı fərqin düzgün müəyyən olunduğu, düzgün müəyyən olunduğu halda belə, inzibati icraatın bu haqda olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığı iş materialları ilə təsdiqini tapmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə və iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə qoyduğu iddia tələbləri təmin olunmalı, cavabdeh tərəfindən qəbul olunan “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə və iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə qoyduğu iddia tələbləri təmin olunsun. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunan “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17- 1/3-1-12959/2023 nömrəli qərarlar ləğv olunsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3661/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3661/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver