Məhkəmə qərarları › İş №2-1(103)-3662/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3662/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3662/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Panah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin idarə edilməsi Baş idarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh həmin Xidmətin Öhdəliklərin idarə edilməsi Baş idarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır. «…Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1410/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə xx.xx.2020ci il tarixə 110.618,17 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş, 2018-ci ildə 3.270.1450,80 manat məbləğində mal ixrac etmiş, həmin malların satışına görə 2018-ci ildə 196208,75 (3270145,80 x 6%) manat dövlət büdcəsinə vergi ödənilmişdir. Gömrük bəyannamələrinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixdə gömrük rəsmiyyətindən keçirildiyi, həmin malların MMC tərəfindən 2018-ci ilin 4-cü rübündə satıldığı, müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində bəyan edildiyi müəyyən edilmişdir. Lakin həmin bəyannamələrin arxivləşməsi 2019-cu ilin yanvar ayına düşmüş, ona görə də uyğunsuzluq yaranmışdır. Uyğunsuzluğun nəzərə alınması barədə müraciətə vergi orqanı tərəfindən baxılmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Bundan əlavə çoxsaylı şikayətləri əsasında inzibati araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə inzibati şikayətin təmin edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarlar ləğv edilmiş, icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi tapşırılmışdır. Beləliklə, MMC-nin heç bir vergi borcunun olmadığı öz təsdiqini tapmışdır. Eyni zamanda MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Lakin xeyli vaxt keçməsinə və iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmür. İddiaçı cavabdeh tərəfindən müraciətinin təmin edilməməsi ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Aparılan araşdırma zamanı vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 2019-cu ilin sentyabr ayı üzrə 48401,52, manat əlavə dəyər vergisinin və xx.xx.2020-ci il tarixdə həmin il üzrə 34.197,73 manat mənfəət vergisinin hesablandığı, daha sonra xx.xx.2020-ci il tarixli **********355900 nömrəli inzibati şikayətin təmin edilməsi haqqında qərara əsasən xx.xx.2021-ci il tarixdə hər iki hesablamaın azaldıldığı və bunun nəticəsində qeyd olunan dövrlər üzrə ümumilikdə 112.360,51 manat məbləğin ŞHV-nin kameral yoxlamalı məbləğ sətrində əks olunduğu və bu günədək təsdiqlənmədiyi müəyyən edilmişdir. …» Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Bakı İnzibati Məhkəməsi iddianın təmin olunma əsası kimi yeganə olaraq, iddiaçının 'Avrasiya Kargo” MMC-nin şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ”-ə onun riskli vergi ödəyicisi olması səbəbilə münasibət bildirilə bilməməsinə ölkədən getmə hüququnun məhdudlaşdırılmasını düzgün hesab etməmişdir. Qeyd olunan əsasla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bü günə qədər, 110618,17 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Həmçinin, məhkəmə etirazda göstərilən, iddiaçı tərəfindən riskli əməliyyatların araşdırılmasını da etmədən müvafiq qənaətə gəlməklə, müvafiq qərarı qəbul etmişdir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh orqanın təqdim etdiyi fakt və dəlillərə ötəri yanaşaraq araşdırmadan, ətraflı şəkildə münasibət bildirmədən əsaslı və qanuni olmayan qərar qəbul etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (və ya səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, "xxxx" MMC –nin qanuni təmsilçisidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1410/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra, "xxxx" MMC-nin şikayət ərizəsinə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılaraq, xx.xx.2020-ci il tarixli **********35590 nömrəli qərarı ilə cəmiyyətin inzibati şikayət təmin edilmiş və Bakı şəhəri Lokal gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarının ləğv edilərək, Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi həmin idarəyə tapşırılmışdır. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, bu günədək iddiaçının üzərindən həmin məhdudiyyət götürülməmiş qalmışdır. Halbuki, qeyd edildiyi kimi, şikayət instansiyası tərəfindən iddiaçının hüquqlarının məməhdudlaşdırılmasına əsas olan, onun üzərinə vergi öhdəliyi qoyan qərarlar ləğv edilərək, onun şəxsi hesab vərəqindən həmin vərəqəsinə düzəliş edilməsi sözügedən idarəyə həvalə edilmişdir. Belə olan halda, şikayət instansiyasının qeyd olunan xx.xx.2020-ci il tarixli **********35590 nömrəli qərarı qüvvədə olduğu halda, iddiaçının üzərinə kameral yoxlamanın nəticələrinə dair vergi öhdəliyi qoyan qərarı ilə iddiaçının şəxsi hesab vərəqinə işələnilmiş vergilər və ona hesablanmış faizlər artıq qüvvəsini itirmiş və əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması vəziyyətində qalması onun Azərbaycan Respublikası qanunvericiliyi ilə qorunan hüquqlarının məhdudlaşdırır. Başqa sözlə, iddiaçının onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində haqlı olduğu sübuta yeirilir. Belə olan halda, İPM-in 73.1-ci maddəsi nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmadığını, qərarın qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar