Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3662/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X2 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı X3 cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8827/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı X5 (bundan sonra - iddiaçı) xx.xx.2016-cı ildə ümumi xəstəlik səbəbindən 3cü dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il müəyyən edilmişdir.
2. Daha sonra iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. Həmçinin iddiaçıya 006142 nömrəli, xx.xx.2018-ci il tarixli əlillik vəsiqəsi verilmişdir. Vəsiqədə əlillik qrupu 2-ci dərəcəli, təyin olunmuş əlilliyin müddəti isə müddətsiz qeyd edilmişdir.
3. Sonradan iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci ildə müddətsiz əlillik altsistemdə müddətli əlilliyə dəyişdirilmişdir. İddiaçı xx.xx.2023-cü ildə əlilliyə görə pensiya ödənişləri dayandırıldığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) tərəfindən əlilliyin bərpa edilməsi ilə bağlı müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində müddətli hesab edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir)
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 24 ildir şəkərli diabet xəstəsidir və xəstəliyimin ağırlaşmış formasını nəzərə alaraq xx.xx.2016-cı ildən üçüncü dərəcəli əlilliyə görə əmək pensiyasını alırdı. xx.xx.2018-ci ildə mən yenidən TSEK- dan keçdim və sistemdən çıxan çap tarixi xx.xx.2018 saat 8:59:11 radələrində olan sonuncu müayinəyə dair məlumatda əlillik müddəti müddətsiz təyin edilmişdir. Lakin, 5 ildən sonra 2023-cü ilin may ayında mənim pensiya kartıma pensiya köçürülmədi. Səbəbini öyrənmək üçün xx.xx.2023-cü il tarixində 5 saylı DOST Mərkəzinə müraciət etmiş. Ona bildirdilər ki, əlillik müddətiniz bitdiyinə görə onun pensiyası dayandırılıb. xx.xx.2023-cü ildə cavabdeh Agentlikdə qəbulda olmuş və bildirmiş ki, xx.xx.2018-ci ildə müddətsiz təyin edilən əlilliyim ona xəbərdarlıq edilmədən sistemdə dəyişdirilib müddətliyə. Orda isə ona demişlər ki, biz sənədləri göndərmişik 5 Saylı DOST Mərkəzinin arxivinə, bizə arxivdən TSEK-in sonuncu müayinəyə dair protokolundan çixarış gətirin. Dərhal getmiş DOSTa, orda isə ona demişlər ki arxivimiz yoxdur, çünki 2016-cı ildən elektron sistemə keçiblər. Məhkəməyə müraciət etməyinin səbəbləri: onun əlillik müddətimin müddətsiz olub, sonradan özbaşina dəyişdirib müddətli eləməklərini sübut etmək, əlilliyə görə müddətsiz əmək pensiyamı bərpa etmək (Əmək pensiyaları Haqqında Qanun m.33.3) və ona dəymiş zərəri dövlət tərəfindən ödənilməsi.
6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8827/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 4.06.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş əmək pensiyası işinin surətindən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur.
9. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi təqdim etdiyi 006142 saylı əlillik vəsiqəsində əlillk müddətsiz olması görünür.
10. Digər tərəfdən iddiaçı barəsində göndərişin rəsmiləşdirdiyi 7 nömrəli şəhər Poliklinikasının məhkəmə sorğusuna cavab olaraq təqidm etdiyi xx.xx.2025-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş sənədllərdən müəyyən edilir ki, iddiaçıya ilkin olaraq təyin edilmiş əlillik müddətsiz olmuşdur.
11. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən 7 nömrəli şəhər poliklinikasında dispanser qeydiyyatdadır. Diaqnoz "Şəkərli diabet Tip İİ insulin tələbli”. İddiaçı xx.xx.2016xx.xx.2021-ci il tarixə kimi Azərbaycan Respublikası 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunma meyarlarına” əsasən TSEK (tibbi sosial ekspertiza komisiyası) tərəfindən İİİ dərəcəli əlil hesab olunub. Diaqnoz:” Şəkərli diabet Tip İİ (İnsulin tələbli) ağır forma Diabetik retinopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, Somatogen mənşəli (şəkərli diabet) kəskin ifadə olunmuş astenodepressivsindrom”. xx.xx.2018-ci il tarixində 7 nömrəli şəhər poliklinikası tərəfindən xəstənin vəziyyətini nəzərə alaraq müraciəti əsasında vaxtından əvvəl forma 088 yazılaraq Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan TSEK-na göndərilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunma meyarlarına” əsasən TSEK (tibbi sosial ekspertiza komisiyası) tərəfindən İİ dərəcəli müddətsiz əlil hesab olunub. Diaqnoz: "Şəkərli diabet Tip İİ (İnsulin tələbli) ağır forma. OUtor qişanın proliferativ diabetik retinopatiyası. Diabetik polinevropatiya. Somatogen mənşəli (şəkərli diabet) kəskin ifadə olunmuş psixi fəaliyyətin ləngiməsi (demensiya əlaməti ilə) Parkinson sindromu ilə yüngül koqnitiv dəyişikliklərlə”. Poliklinika tərəfindən xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi (https://www.e-gov.az/az/services/read/3493) elektron səhifəsindən xəstənin nəticəsi çap edilərək ona təqdim edilmişdir. İddiaçı poliklinikaya dəvət olundu və o bildirdiki, naməlum səbəbdən ona məlumat verilmədən xx.xx.2023-cü il tarixdən əlilliyi dayandırılmışdır. Bununla əlaqədar olaraq xəstə xx.xx.2023-cü il tarixdən bu gün ki günədək xəstəliyi və əlilliyi ilə əlaqədar olaraq müavinət almır. Bildirmək istəyirik ki, 2022-ci il tarixdən etibarən poliklinikanın əllilik alt sisteminə giriş hüquqi olmadığı üçün göndərilmiş bütün göndərişlərin (Forma 088) sürətlərini təqdim edə bilmirik.
12. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının iştirakı ilə aparılmış ilkin inzibati araşdırma nəticəsində ona müddətsiz əlillik təyin etdiyi halda, sonradan onun əlilliyini ona heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, Altsistem vasitəsilə müddətli qeyd etmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8827/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əlillik alt sistemində olan məlumatlardan görünür ki, İddiaçı barəsində xx.xx.2015-ci il tarixində Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. xx.xx.2015-ci il tarixində Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Əlillik dərəcəsi təyin edilmir barədə qərar qəbul edilmişdir. xx.xx.2016- ci il tarixində Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Əlil hesab edilmir barədə qərar qəbul edilmişdir. xx.xx.2016-cı il tarixində Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. xx.xx.2016-cı il tarixində 5 il müddətinə Diaqnozun mətni Şəkərli diabet tip 2 (insulin tələbli) ağır forma.Diabetik retinopatiya.Dəqiqləşdirilməmiş ensefalopatiya,Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, Somatogen mənşəli (şəkərli diabet) kəskin ifadə olunmuş asteno-depressiv sindrom olmaqla üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2018-ci il tarixində əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciət etmiş, xx.xx.2018-ci il tarixində isə qiymətləndirilərək Diaqnozun mətni Şəkərli diabet tip 2 (insulin tələbli) ağır forma. OU-tor qişanın proliferativ diabetik retinopatiyası. Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), . Somatogen mənşəli (şəkərli diabet) kəskin ifadə olunmuş psixi fəaliyyətin ləngiməsi(demensiya əlamətləri ilə). , Parkinson sindromu ilə və yüngül koqnitiv dəyişikliklərlə olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Əlillik alt sistemi 2016-cı ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdikdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi əlillik alt sistemi vasitəsilə həyata keçirilərək, nəticəsi barədə məlumatlar da sistemə yerləşdirilir. Hazırki iş üzrə İddiaçı xx.xx.2018-ci il tarixində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi görünür. Sistemdə olan məlumatlara əsasən İddiaçı barəsində müddətsiz əlillik təyinatının aparılması görünmür. Bundan başqa məhkəmə qərarında qeyd edildiyi kimi iddiaçı barəsində əgər həqiqətən də müddətsiz əlilllik təyinatı müddətli olaraq dəyişdirilmiş olsaydı belə müvafiq dəyişiklik sistemdə öz əksini tapardı. Belə ki, inzibati orqanın inzibati akt üzərində birbaşa dəyişikliyi etməsi mümkün deyildir, bunun üçün əvvəlki əlillik təyinatı barədə qərarı sistem üzərində etibarsız hesab edilməli, yalnız bundan sonra yeni inzibati akt qəbul etməlidir. Qeyd edilən tədbir görülmədən sistem üzərindən inzibata akta hər hansı dəyişikliyin edilməsi mümkün deyildir. Əlavə olaraq, İddiaçı müddətsiz əlillik təyinatının aparılması ağlabatan görünmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi qaydasına əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Lakin İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixində göndəriş rəsmiləşdirmiş, nəticədə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Orqanizm funksiyasının pozulma faizi 61-80% olan (ikinci dərəcə) şəxslərə bu vəziyyət ardıcıl olaraq 10 il davam edərsə əlillik müddətsiz olaraq müəyyən edilir. İddiaçıya müddətsiz əlillik təyini üçün tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün, bu cür təyinatın qanuni əsası yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
14. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. 28.Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
29. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
31. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.
32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə iddianın mümkünlüyünün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilməsi istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
33. Hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində müddətli hesab edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsindən ibarətdir.
34. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı X5 xx.xx.2016-cı ildə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il müəyyən edilmişdir.
35. Daha sonra iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. Həmçinin iddiaçıya 006142 nömrəli, xx.xx.2018-ci il tarixli əlillik vəsiqəsi verilmişdir. Vəsiqədə əlillik qrupu 2-ci dərəcəli, təyin olunmuş əlilliyin müddəti isə müddətsiz qeyd edilmişdir.
36. Sonradan iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci ildə müddətsiz əlillik altsistemdə müddətli əlilliyə dəyişdirilmişdir. İddiaçı xx.xx.2023-cü ildə əlilliyə görə pensiya ödənişləri dayandırıldığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən əlilliyin bərpa edilməsi ilə bağlı müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir.
37. İş materiallarında olan “Əlillik” altsistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən iddiaçının əlilliyi dayandırılmış, lakin iddia ərizəsi 29 mart 2025-ci tarixdə məhkəməyə təqdim edilmişdir.
38. Belə ki, iddiaçı barəsində göndərişin rəsmiləşdirdiyi 7 nömrəli şəhər Poliklinikasının Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən 7 nömrəli şəhər poliklinikasında dispanser qeydiyyatdadır. Diaqnoz "Şəkərli diabet Tip İİ insulin tələbli”. İddiaçı xx.xx.2016- xx.xx.2021-ci il tarixə kimi Azərbaycan Respublikası 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunma meyarlarına” əsasən TSEK (tibbi sosial ekspertiza komisiyası) tərəfindən İİİ dərəcəli əlil hesab olunub. Diaqnoz: ”Şəkərli diabet Tip İİ (İnsulin tələbli) ağır forma Diabetik retinopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular,Somatogen mənşəli (şəkərli diabet) kəskin ifadə olunmuş astenodepressivsindrom”. xx.xx.2018-ci il tarixində 7 nömrəli şəhər poliklinikası tərəfindən xəstənin vəziyyətini nəzərə alaraq müraciəti əsasında vaxtından əvvəl forma 088 yazılaraq Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan TSEK-na göndərilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunma meyarlarına” əsasən TSEK (tibbi sosial ekspertiza komisiyası) tərəfindən İİ dərəcəli müddətsiz əlil hesab olunub. Diaqnoz: "Şəkərli diabet Tip İİ (İnsulin tələbli) ağır forma.OU-tor qişanın proliferativ diabetik retinopatiyası.Diabetik polinevropatiya. Somatogen mənşəli(şəkərli diabet)kəskin ifadə olunmuş psixi fəaliyyətin ləngiməsi (demensiya əlaməti ilə)Parkinson sindromu ilə yüngül koqnitiv dəyişikliklərlə”. Poliklinika tərəfindən xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi (https://www.e-gov.az/az/services/read/3493) elektron səhifəsindən xəstənin nəticəsi çap edilərək ona təqdim edilmişdir. İddiaçı poliklinikaya dəvət olundu və o bildirdiki, naməlum səbəbdən ona məlumat verilmədən xx.xx.2023-cü il tarixdən əlilliyi dayandırılmışdır. Bununla əlaqədar olaraq xəstə xx.xx.2023-cü il tarixdən bu günki günədək xəstəliyi və əlilliyi ilə əlaqədar olaraq müavinət almır. Bildirmək istəyirik ki, 2022-ci il tarixdən etibarən poliklinikanın əllilik alt sisteminə giriş hüquqi olmadığı üçün göndərilmiş bütün göndərişlərin (Forma 088) sürətlərini təqdim edə bilmirik.
39. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq xx.xx.2023-cü il tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2023-cü ildən 2025-ci ilə qədər bu halı mübahisələndirməmişdir.
40. Belə ki, məhkəmə kollegiyası bildirir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən müavinət almadığı halda 2 il sonra - xx.xx.2025-ci il tarixdı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsini təqdim etmişdir.
41. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş 3-17-4/2-33143/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır.
42. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
43. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür.
44. Odur ki, iddiaçı qanunvericiliklə müəyyən edilən müddəti ötürmüşdür.
45. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
46. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
47. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
48. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2576/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında da öz əksini tapmışdır.
49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8827/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8827/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.