Məhkəmə qərarları › İş №2-1(103)-3665/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3665/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3665/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X25 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X20, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin həqiqi yerinin təyin edilməsi və dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin aradan qaldırılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən xx.xx.2021-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınan 0.0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin (X3 və X12) malik olmuş olduqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsi, X10 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən, **********9 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,1114 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətindədir. Bildirmək istəyir ki, 2018-ci il tarixində torpaq sahəsini əvvəlki hüquq sahibindən alarkən torpaq sahəsinin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. 0,1114 ha sahədən əlavə faktiki istifadəsində 0,04 ha (400 kv.m) var idi ki, yol infrastrukturuna da çıxış buradan idi. Həmin ərazi də, onun 0,1114 ha sahəsi ilə bitişik idi, vahid hasar daxilində idi. Ümumi hasar içində olan torpaq sahəsinin yol tərəfdən, yəni Mikayıl Müşviq küçəsi tərəfindən darvazası da var idi. Bir müddət bundan əvvəl torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin girişçıxış yolu tanımdığı şəxslər tərəfindən hasara alınıb, onun hasarının içində olub faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi də, hasarla ayrılaraq yeni hasarlı torpaq sahəsinə qatılıb. Onun torpaq sahəsi özbaşına olaraq ortadan hasarlanıb, üstəlik də, yola olan çıxışı tamamilə bağlanıb. Daha sonra aydınlaşdırmışdır ki, mülkiyyətində olan torpaq sahəsi ilə Mikayıl Müşviq küçəsi arasındakı (hansı ki, bura onun əsas yol/yol infrasturukruna çıxış tərəfindədir) və onun hasarının içində olan 0,04 ha torpaq sahəsi X15 ad-soyadlı şəxs tərəfindən öz adına sənədləşdirilmiş, rəsmiləşdirilmişdir. Bu səbəbdən giriş-çıxış sahəsi bağlanmışdır. Həmçinin dəqiqləşdirmişdir ki, reyestr orqanı üçün ona müvafiq çıxarış və texniki sənəd verilmişdir. Artıq neçə müddətdir ki, həmçinin, hal-hazırda da, o, öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları X6 adına qanunsuz yollarla sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır və həmin şəxsin adamları məsələnin reyestr orqanında həll edilməsini bildirir. Aydınlaşdırmışdır ki, X6 əldə etdiyi torpaq sahəsinin, həqiqətdə, yerləşmə yeri başqa bir yer olduğu halda, onun torpaq sahəsini zorla əlindən almaq, qanuni torpaq sahəsinə istifadə etməsinə ona maneçiliklər yaratmaq üçün bilərəkdən X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin koordinatları onun torpaq sahəsinin qarşısındakı məkana (mülkiyyətində olan torpaq sahəsi ilə nəqliyyat yolu arasına) yerləşdirilmişdir. Dəqiqləşdirmişdir ki, X6 texniki sənədlərində saxtakarlıq vardır. Belə ki, vəkil sorğuları ilə arxivlərdən əldə etdiyi məlumatlara əsasən, X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ilkin hüquq sahiblərinin hüquqlarının ilkin qeydiyyatına əsas olmuş Səbail RİHnin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamının sxemi, ümumiyyətlə, arxivlərdə mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, onların reyestr orqanına təqdim etdikləri texniki sənəd saxtadır. Belə ki, başqa bir yerə aid olan texniki sənəd qanunsuz olaraq mübahisəli ərazi üçün istifadə edilmişdir. Belə ki, o, sözügedən həmin sərəncamın qoşma texniki sənədinin (sxem, akt və s.) olub-olmaması ilə bağlı AR Dövlət Arxivinin Bakı Filialına vəkil sorğusu verdirmişdir. 26 oktyabr 2023-cii il tarixli cavab məktubu ilə sərəncamdan çıxarış ona təqdim olunsa da, sərəncama qoşma sənədin olmaması bildirilmişdir. AR Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cii il tarixli məktubunda isə bildirilmişdir ki, həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. Bundan əlavə, Səbail RİH-dən alınmış xx.xx.2023-cii il tarixli məktubda da, deyilir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail RİH-nin arxivində aşkar edilməmişdir. Bildirir ki, mübahisəli torpaq sahəsi ilə bağlı X11 verilmiş, qanuni maraqlarına toxunan çıxarışın verilməsinə əsas olmuş texniki sənədlərin mübahisələndirilməsi üçün məhkəmə aidiyyətinin dəqiqləşdirilməsinə. müvafiq sənədlərin mübahisələndirilməsi üçün baş vermiş qanunsuzluqların kimin təqsirindən - hüquq miiəyyənedici və texniki sənədləri verən orqan,yaxud bu sənədləri qeydiyyata alan orqan tərəfindən baş verməsinin aydınlaşdırılmasına, rəsmiləşdirilmələrin hansı qanunsuz sənədləşmələr əsasında aparılmasının dəqiqləşdirilməsinə zərurət yaranmışdı. Bununla bağlı olaraq, bu ilin sentyabr ayında cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və Mikayıl Müşviq küçəsi arasında yerləşmiş, X15 adına qeydiyyata alınmış torpaq sahəsinin ilkin qeydiyyat sənədlərin hüquqi və texniki sənədlər) barədə, torpaq sahəsinin ölçüsü və koordinatları, döngə nöqtələri barədə (bunlar arayışda göstərilməklə) yazılı məlumat verilməsini, eyni zamanda da, X11 və ondan əvvəlki hüquq sahiblərinə həmin torpaq sahəsi ilə bağlı verilmiş texniki sənədlərin təkrar nəzərdə keçirilməklə çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılmasını, Səbail RİH- nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsini xahiş etmişdir. Üstündən 40 gündən çox keçməsinə baxmayaraq cavabdeh orqan ərizəsini təmin etməmiş, X11 və ondan əvvəlki hüquq sahiblərinə həmin torpaq sahəsi ilə bağlı verilmiş texniki sənədlərin təkrar nəzərdən keçirilməklə çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılmasını, Səbail RİH-nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsini, texniki xətaların aradan qaldırılmasını təmin etməmişdir. Əslində, kadastr işlərinin, eləcə də, bu işlərin tərkib hissəsi olan çöl-ölçmə və mərzçəkmə işlərinin aparılması daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanın vəzifəsidir. Kadastr və çöl-ölçmə işləri, koordinat təyini və dəqiqiləşdirilmələri əmlakın qeydiyyata alınması əməliyyatının tərkib hissəsidir. Əgər qeydiyyata alınma zamanı, yaxud bundan sonrakı reyestr-kadastr əməliyyatlarda 3-cü şəxslərlə bağlı (onların hüquqlarına, maraqlarına toxunan) yanlışlıqlar olmuşdursa, bunu, yenə də, kadastr və reyestr orqanı aradan qaldırmalıdır. Çünki, bu işi görən başqa bir orqan yoxdur. Bundan əlavə, son qanunvericilik aktları ilə reyestr və kadastr orqanları birləşdirilmiş, vahid orqana çevrilmişdir. Bu üzdən hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsi ərizəsində göstərilən məsələlərin həllində cavabdeh orqandır. Problemin mahiyyətindən görünür ki, X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin qeydiyyatı zamanı daşınmaz əmlakın dövlət reyestrinə və kadastrına məsul olan cavabdeh orqan rəsmiləşmə apararkən və müvafiq sənədləri tərtib edərkən maraqlarıma toxunan texniki səhvlərə yol vermiş,yanlışlıqlar etmişdir. Hal-hazırda, cavabdeh orqan öz yanlışlıqlarını etiraf etmək istəmir, ərizəsi də cavablandırmaqdan yayınır. Bu üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cababdeh orqanın qeydiyyat zamanı yol verdiyi yanlışlıq odur ki, mülkiyyətində olan torpaq sahəsi ilə Mikayıl Müşfiq küçəsi arasındakı ərazini X6 torpaq sahəsi kimi qeydiyyata alaraq ona hüquqi və texniki sənəd vermişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə sənədləri ilə ona məxsus olmuşdur. Doğrudur, daşınmaz əmlakın dövlət reyestrində bələdiyyə sənədlərinin qeydiyyatı aparılmamışdr. Bu səbəbdən, hesab etmək olar ki, cavabdeh orqan bunu bilməmişdir. Amma aşağıda gətirəcəyim dəlillərlə sübut etməyə çalışacaqdır ki, həmin ərazinin və torpaq sahəsinin X11 heç bir aidiyyəti yoxdur. Bu torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin küçəyə yol infrastrukturuna çıxışı olmaqla, onun faktiki sahiblik və istifadəsində olmuşdur. Əvvala qeyd edir ki, mübahisəli torpaq sahəsi təyinatına görə,yaşayış sahəsi olmamışdır. X6 çıxarışında və texniki sənədində isə bura yaşayış məntəqəsinin torpaq sahəsi kimi qeyd edilmişdir. Bildirir ki,həmin toıpaq sahəsi, eləcə də ona çıxarışla məxsus olan torpaq sahəsi bir zamanlar qeyriyaşayış (Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmuşdur) təyinatlı olmuşdur. Ona məxsus torpaq sahəsi indi də, eyni təyinatlıdır. Amma, X6 adına rəsmilıəşdirilən torpaq sahəsinin qarşısı yaşayış təyinatlı ola bilməzdi. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Qeyd edir ki, bir zamanlar onun torpaq sahəsində xidmət obyekti olub, bura avtoservis kimi istifadə olunub. X6 adına qeydiyyata alınmış torpaq sahəsi həmin avtoservisə girişçıxış ərazisi olub, avtoservisi M.Müşfiq küçəsi ilə bağlayan ərazi olub. Bildirir ki, o, qeyriyaşayış təyinatlı 0,1114 ha ölçülü öz torpaq sahəsini içindəki 174,7kv.m olan qeyriyaşayış tikilisi ("Bəhramgür” icarə müəssisəsini) ilə birlikdə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7 almışdır. X19 eyni ölçülü tikili və torpaq sahəsini 2016-cı ildə X16 almışdır. X26 isə buranı xx.xx.2010-cu il tarixində alqı-satqı yolu ilə X8 almışdır. Mustafayeva (Sadıqova) Nailə Əsgər qızı buranı xx.xx.2000-ci il tarixli alqısatqı müqaviləsi ilə X17 almışdır. Həmin müqavilənin məzmunundan görünür ki, alqı-satqı obyekti "Bəhramgür” icarə müəssisəsinin əmlakıdır. Həmin müqavilənin notariat təsdiqi əməliyyatı sənədlərindən görünür ki, X27 20.08.98-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "Avtomotoservis” Tİİ-nin “Bəhrəmgür" icarə müəssisəsinin texniki xidmət məntəqəsini hərracdan satın almış, ona "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. Sözügedən əmlak (0,1114 ha ölçülü öz torpaq sahəsi ilə içindəki 174,7kv.m olan qeyri-yaşayış tikilisi) X13 adına tərtib olunmuş xx.xx.2013-cii il tarixli Texniki Pasportun şərti istinad planından görünür ki, qeyd edilən torpaq sahəsi ilə M.Müşfiq küçəsi arasında heç bir əmlak yerləşmir. Bura boş sahədir. Arxa tərəfində fərdi evlər olduğu halda, ön tərəfi boş sahə kimiyol kənarı ərazi kimi göstərilmişdir. Halbuki, X6 əldə etdiyi torpaq sahəsinin ilkin hüquq sahiblərinin 2000-ci illərin əvvəllərində torpağa mülkiyyət hüququna dair Şəhadətnamələri olmuşdur. Sual olunur ki, necə olmuşdur ki, həmin Şəhadətnamələrdə əks olunan kadastr uçotu məlumatları xx.xx.2013-cü il tarixli Texniki Pasportda əks olunmamışdır. Demək ki, X6 adına aparılan qeydiyyat qanunsuzdur, həmin torpaq sahəsinin X11 heç bir aidiyyəti yoxdur. X6 adına aparılan qeydiyyat əməliyyatları və onun torpaq sahəsinin hüquqi rejimi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusu ilə əldə etdiyi xx.xx.2023-cü il tarixli arayışda bildirilir ki, "Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən X11 məxsus torpaq sahəsinin hüquqi rejimi barədə məlumatın təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Əliyeva İmmi leyla Hüseyn qızının adına Səbail Rayon icra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 461 saylı sahədə yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-20861D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/2- 284 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X14 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X14 mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-21328D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. ünvan 5ş xx.xx.2021 -ci il tarixli,4Ə-3333 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X6 adma özgəninkiləşdirilmişdir. Həmin müqaviləyə və X6 Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli, 81-12906 reyestr nömrəli ərizəsinə (600 kv.m torpaq sahəsinin 125 kv.m hissəsinin azalması barədə) əsasən 0.0475 ha torpaq sahəsi üzərində Bahadur Məhəddin oğlunun mülkiyyət hüququ xx.xx.2021 -ci il tarixdə, **********41 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir." Bildirir ki, Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/2-284 reyestr nömrəli alqı-satqı müqaviləsinin notariat əməliyyatı sənədləri tərəfindən əldə edilmişdir. Həmin alqı-satqı işində olan sənədlərdən görünür ki, X3 adına Səbail RİH-nin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi 461 saylı sahədə ayrılan (yəni, Mikayıl Müşfiq küçəsi 2 ünvanında deyil) torpaq sahəsi 0.06 ha ölçüdə olmuş, yaşayış məntəqələrinin torpaqları təyinatlı olmuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-20861 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bildirir ki, o, həmin qadının övladları ilə görüşmüşdür. Onlar bildirmişlər ki, mülkiyyətlərində olmuş torpaq sahəsi Mikayıl Müşfiq 2 ünvanında deyil, başqa bir ünvanda yerləşir. Eləcə də, bildirir ki, ünvan 5ş xx.xx.2021-ci il tarixli, 4Ə-3333 reyestr nömrəli alqı-satqı müqaviləsinin notariat əməliyyatı sənədləri də, tərəfindən əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, burada Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461-ci sahə ünvanından söhbət gedir. Hansı ki, bu, tamamilə başqa bir məhəllədir, başqa bir səmtdir. Çünki, mübahisəli torpaq sahəsi (onun mülkiyyətində olan torpaq sahəsinin qarşısı) sənaye və digər təyinatlıdır, həmin Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461-ci sahə ünvanındakı torpaq sahəsi isə yaşayış təyinatlıdır. Ümumiyyətlə, X3 adına torpaq sahəsi ayrılmasına əsas olmuş Səbail RİH-nin xx.xx.1995-ci il tarixli, 1470 saylı sərəncamının sxemi yoxdur, lakin bilinən odur k, həmin sərəncam kollektiv adına verilmişdir, bu kollektivə daxil olan şəxslərə ayrılmış torpaq sahələri ayrı-ayrı olsa da, yanbayan olmuş, bir-birinə bitişik şəkildə bir məhəllədə yerləşmişdir ki, 461-ci sahə də bunlardan biridir. Lakin, bu ünvan Mikayıl Müşfiq 2 ünvanı tərəfi deyil, başqa bir səmtdir. X9 və X18 məxsus Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, yollar kəsilir, eləcə də, qarşı tərəfdə yaşıllıq sahəsi vardır. Bildirirlər ki,M.Müşfiq küçəsi 90-cı illərdən indiyə kimi onun torpaq sahəsi tərəfdən kəsilməmişdir. Yol həmişə birbaşa olmuş, qarşı tərəfində isə yaşıllıq sahəsi deyil, tikililər olmuşdur. X6 adına rəsmiləşdirilən 0,0475 ha sözügedən torpaq sahəsinin bir hissəsi 2018-ci ildən indiyə kimi,yəni 0.1114 ha torpaq sahəsini alqı-satqı yolu ilə əldə etdiyi vaxtdan, eləcə də, 0.1114 ha torpaq sahəsinin əvvəlki sahiblərinin məlumatına əsasən onların və onun faktiki sahiblik və istifadəsində olub,2018-ci ildən bura vahid hasar daxilində olub. Onda bura necə X11 məxsus ola bilər və ya bilərdi. Eləcə də, ondan əvvəlki sahiblər harada idilər ki, onlara məxsusluğu bildirilən torpaq sahəsi onun hasarının daxilində olub. X6 adına rəsmiləşdirilən 0,0475 ha sözügedən torpaq sahəsinin yerləşdiyi məkanla bağlı onun bələdiyyə sənədləri vardır. Bu sənədlər ona verilərkən, həmin sahə onun faktiki sahiblik və istifadəsində olub. X15 həmin torpaq sahəsi ilə bağlı qanunsuz sənədləşmə və rəsmiləşmə işləri apardıqdan sonra ondan xəbərsiz olaraq həmin torpaq sahəsinə sahiblənib, hasarını uçuraraq, oranı zəbt edib. Əgər bu ərazi X4 əvvəlki mülkiyyətçiyə - X18 məxsus idisə, nəyə görə o (X21) mülkiyyətində olduğu müddətdə eləcə də, 2018-2022-ci illərdə torpaq sahəsinin zəbt olunması ilə bağlı aidiyyəti orqanlara və ya məhkəməyə müraciətlər etməmişdir? Axı, 0,0475 ha sözügedən torpaq sahəsinin bir hissəsi (təxminən 300-400 kv.m) 2018-ci ildən onun ümumi hasarının daxilində idi və faktiki sahibliyində, istifadəsində idi? Deməli, bu ərazi,sahə, X1 ərazi,sahə deyildir. ünvan 7 ünvanında avtoxidmət, avtoservisin fəaliyyət göstərməsi Bakı şəhəri, Padamdart qəsəbəsi, M.Müşfiq küçəsi-2 "Avtoxidmət” obyektinin 1997-ci il tarixdə tərtib olunmuş smetası sənədi ilə də, təsdiq olunur. Bu sənədin surəti hazırki ərizəyə əlavə olunmuşdur. Həmin sənəddən görünür ki, obyekt Bakı Avtomotoservis və Ticarət "Bəhramgür” mtiəssisəsinin sahiblik və istifadəsində olmuşdur. Həmçinin görünür ki, obyekt 1984-cü ildən fəaliyyətdə olmuşdur. Bu isə təsdiq edir ki, həmin dövlət müəssisəsinin küçəyə çıxışı fərdi həyət evi tikintisi üçün sərəncamla kimə isə, eləcə də, Vəliyeva İmmileyla ad-soyadlı şəxsə verilə, ayrıla bilməzdi. Onu da, qeyd edir ki, X15 özü Badamdar qəsəbəsində, mübahisəli əraziyə yaxın səmtlərdə yaşayır. O, sorğu verdirərək onun adına Badamdar qəsəbəsində fərdi yaşayış evi olub-olmamasını araşdırmışdır. Məlum olmuş ki, onun Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 13-cü döngə, ev 454 ünvanında fərdi yaşayış evi vardır. Bu ev xx.xx.2007-ci il tarixindən onun mülkiyyətindədir. Bu, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq olunur. Görünən odur ki, bu şəxs ona məxsus torpaq sahəsinin qarşısına göz dikərək buranı saxta yollarla öz adına qanunsuz olaraq rəsmiləşdirmiş, haqsız yollarla əsassız varlanma istəyinə düşmüşdür. Beləliklə,göstərilənlərdən aydın olur ki, cavabdeh orqan X6 adına aparılan qeydiyyat əməliyyatları zamanı yanlışlığa yol vermiş, onun torpaq sahəsinin məkan göstəriciləri yanlış olaraq onun torpaq sahəsin qarşısına yerləşdirilmişdir .Hesab edir ki, müraciəti və dəlilləri əsas tutulmaqla bu yanlışlıq və texniki səhv aradan qaldırılmalı idi, lakin, təəssüf ki, indiyə kimi aradan qaldırılmamışdır. Məlumdur ki, daşınmaz əmlakın dövlət reyestri qanunvericiliyi və mülki qanunvericilik daşınmaz əmlakın qeydiyyatı sənədlərində yol verilmiş yanlışlıqların və texniki səhvlərin aradan qaldırılması normalarını nəzərdə tutmuşdur. Hesab edir ki, bilərəkdən və ya yanlışlıqlardan dolayı yol verilmiş texniki səhvlərin aradan qaldırılması və ya uyğunsuzluqların aradan qaldırılması, hüquqi və texniki sənədlərdəki texniki xətaların düzəldilməsi həmin normaları tətbiq etməklə mümkündür. Məhkəmənin 2-1(112)-16215/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X15 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı (hakim A.Abdullayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 3-cü şəxs X6 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin qeydiyyatı zamanı daşınmaz əmlakın dövlət reyestrinə və kadastrına məsul olan cavabdeh orqan rəsmiləşmə apararkən və müvafiq sənədləri tərtib edərkən maraqlarıma toxunan texniki səhvlərə yol vermiş,yanlışlıqlar etmişdir. İnzibati icraat zamanı cavabdeh orqan öz yanlışlıqlarını, xətalarını etiraf etməmiş, öz xətasını və yanlışlığını ört-basdır etmək üçün məhkəməyə subyektiv hüququmun olmamasına dair etiraz təqdim etmiş, bununla da məhkəmə araşdırılmasının aparılmasının qarşısını almağa cəhd etmişdir. Cavabdeh orqanın qeydiyyat zamanı yol verdiyi yanlışlıq odur ki, mülkiyyətində olan torpaq sahəsi ilə Mikayıl Müşfiq küçəsi arasındakı ərazini, hansı ki, bu ərazi ilə onun yol infrastrukturuna çıxışı təmin olunurdu, X15 ad-soyadlı (hazırki işdə 3-cü şəxs) şəxsin torpaq sahəsi kimi qeydiyyata alaraq ona hüquqi və texniki sənəd vermişdir. Halbuki, məhkəməyə təqdim etdiyi sübut və dəlillərdən görünür ki, həmin ərazinin və torpaq sahəsinin X11 heç bir aidiyyəti olmamışdır və yoxdur. Bu torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin küçəyə/yol infrastrukturuna çıxışı olmaqla, onun faktiki sahiblik və istifadəsində olmuşdur. Subyektiv hüququ da maraqlarından doğan, maraqlarının pozulmasından yaranan hüquqdur. Məhkəmə, subyektiv hüququna və subyektiv marağına dar çərçivədə yanaşmış, bunu çıxarış və qeydiyyatla məhdudlaşdırmış, çərçivələmişdir. Ümumiyyətlə, məhkəmə subyektiv hüquqa bu cür yanaşmaqla yanlışlığa yol vermişdir. Subyektiv hüquq yalnız çıxarış və qeydiyyatla məhdudlaşdırıla bilməz. Subyektiv hüquq təkcə qeydiyyatı, tanınmanı deyil, mülkiyyət hüququnun və mülkiyyət maraqlarının qorunmasını da əhatə edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iş üzrə əlavə sübutları olacağını bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, həmçinin məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 9138/2024 **********38 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-22540/2024 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 461 saylı sahədə yerləşən X5 adına qeydiyyata alınmış 600 kv.m torpaq sahəsinə və ünvan 9 ünvanda yerləşən torpaq sahəsinə dair İdarənin arxivində olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 1114 ha sahədən əlavə faktiki istifadəsində olmuş 0,04 ha (400 kv.m) torpaq sahəsinə dair hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının hazırki inzibati məhkəmə icraatında mübahisəli torpaq sahəsi üzərində hüquqların mübahisələndirilməsi üçün subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar