Məhkəmə qərarları › İş №2-1(103)-3667/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3667/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3667/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus НЗ №6508145 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci illərdə N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran kəndində döyüşlərdə iştirak etmişdir.

2. İddiaçının təqdim etdiyi Səbail Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Milli Ordunun N saylı hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.1992-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində gedən döyüşlərdə yaralanmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 1373 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, ehtiyatda olan, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 57 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1, əmr olduğu kimi yazılmışdır) hərbi hissədə kəşfiyatçı-sanitar mahir atıcı vəzifəsinə təyin olunmuşdur.

4. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 60 №-li əmrində (əsas: §-1, səh-53, əmr olduğu kimi yazılmışdır) sərhəddəki vəziyyəti nəzərə alaraq, N №-li hərbi hissə komandirinin sərəncamına əsasən, Füzuli rayonuna ezam olunan müddətdən artıq xidmət etmiş, sıravi hərbiçilərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 71 №-li əmrində (əsas: §-2, səh-64, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi yazılmışdır) Füzuli rayonundan, ezamiyyətdən geri qayıdaraq öz vəzifələrinin icrasına başlamış hərbiçilərin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 №-li əmrində (əsas: §-7, səh-72, sıra-1, əmr olduğu kimi yazılmışdır) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 185 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1992ci il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən, sol diz oynağının toxunan güllə yarası”, xx.xx.1992-ci il tarixdə “Sağ sağrının, sol budun dəlib, sol diz oynağının toxunub keçən güllə yaralanması nəticəsində, sol diz oynağında cüzi hərəkət məhdudluğu” və xx.xx.1993cü il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən güllə yarası. Sol diz oynağının toxunan güllə yarası” diaqnozları ilə Müdafiə Naziliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır: 1. 39 q maddənin İ bəndinə əsasən xəstəliyə görə 30 (otuz) gün məzuniyyət verilmişdir; 2. 39 q maddənin İ bəndinə əsasən xəstəliyə görə 30 (otuz) gün məzuniyyət verilmişdir; 3. Müdafiə nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin İ bəndinə əsasən hərbi xidmətə yararlıdır (Əsas: Müdafiə Naziliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) 1992-1993-cü illərə məxsus “Hərbi Həkim Komissiyasının İclas Protokolları” kitablarının 4256, 4869, 83-cü sayındakı qeydlər).

6. M/V №041967 nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000-ci il tarixdə iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. M/V №041967 nömrəli xx.xx.2024-cü il tarixli vəsiqənin surətindən isə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçı təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2004-cü il tarixdə verilmiş 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuş, 1992-1993-cü illər ərzində Azərbaycan Respublikası Silahı Qüvvələrinin müvafiq hərbi hissələrinin tərkibində erməni millətçilərinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta döyüşlər zamanı yaralanaraq müəyyən müddət müalicə almış və sonra yenidən hərbi xidmətə qayıtmışdır. Göstərilənlərə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (əvvəlki Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı) tərəfindən xx.xx.2000-ci il tarixdə ona MN seriyalı 041967 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Həmin vəsiqə sonradan itdiyi üçün xx.xx.2004-cü il tarixdə ona təkrar olaraq 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Bir müddət sonra isdiaçı naməlum şəraitdə “Müharibə veteranı” vəsiqəsini yenidən itirmiş və bununla əlaqədar həmin vəsiqənin dublikatının verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Müdafiə Nazirliyi iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər iddiaçıya “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Müdafiə Nazirliyinin yuxarıda qeyd olunan məktublarının əlaqəli təhlilindən də məlum olur ki, iddiaçıya "Müharibə Veteranı” vəsiqəsi verilmiş və həmin vəsiqə hazırda da qüvvədədir. Çünki Nazirlik birinci məktubunda iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və yaxud "Müharibə veteranı” statusunun ləğv edilməsi barədə protokolun və ona əsas olmuş sənədlərin surətlərinin təqdim olunması ilə bağlı da sorğu verdiyini qeyd etmişdir. İkinci məktubda isə sorğulara cavab olaraq Komissiyaya təqdim olunmuş sənədlərin daha əvvəl iddiaçıya verilmiş vəsiqənin dublikatının verilməsinə guya kifayət etmədiyi bildirilmiş, lakin vəsiqənin statusunun ləğv olunması ilə bağlı hər hansı bir qeyd göstərilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin imtinasının qanunsuz hesab olunması və daha əvvəl ona verilmiş “Müharibə Vetranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)- 940/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Bundan dərhal sonra iddiaçı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 940/2021 saylı qərarı əlavə olunmaqla yenidən ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyi ərizəyə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək yenə də “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina etmişdir. Daha sonra isə Məhkəmə xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarını icra olunması üçün AR Müdafiə Nazirliyinə göndərmişdir. Lakin bugünədək Müdafiə Nazirliyi tərəfindən Məhkəmənin qərarının icrası ilə bağlı hər hansı bir rəsmi məlumat verilməmişdir.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. İddiaçı iddia ərizəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı) tərəfindən verilmiş MN seriyalı 041967 nömrəli xx.xx.2000-ci il tarixli vəsiqəsinin naməlum şəraitdə itirdiyi üçün həmin vəsiqənin dublikatının verilməsini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 082695 nömrə ilə İddiaçı təkrar olaraq vəsiqə verilmiş, lakin sözügedən təkrar verilmiş vəsiqənin aqibəti barədə hər hansı məlumatlar qeyd etməmişdir. İddiaçının eyni iddia üzrə 1 may 2020-ci il tarixli iddia ərizəsinə dair Bakı İnzibati Məhkəməsində məhkəmə baxışı zamanı iddia ərizəsinə göndərilmiş münasibətdə (etiraz) iddia üzrə bütün hallara tam aydınlıq gətirilməsi məqsədilə müvafiq sənədlərlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu kimi hallarla bağlı Məhkəmə tərəfindən 31 mart 2021ci il tarixli 2-1(112)- 940/2021 nömrəli qərar qəbul edilmişdir. Qərarda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2-1(112)-940/2021 nömrəli qərarı icra edilmişdir. Komissiyaya daxil olmuş sənədlər əsasında 11 iyun 2021-ci il tarixli iclasda baxılmış və qərara alınmışdır ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində möhtəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştirakı barədə qeydlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən haqlı olaraq İddiaçı ‘Müharibə Veteranı” adının və vəsiqəsinin yenidən (təkrar) verilməsindən imtina edilmişdir. İddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqəsinin verilməsini qəbul etmiş, onun ləğv edilib edilməməsi hallarını araşdırmaq üçün zəruri sorğu göndərmiş, lakin həmin halı aydınlaşdırmadan təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin iddiaçıya “Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsinə kifayət etmədiyi barədə hər hansı bir əsaslandırmadan məhrum qənaətə gəlmiş, bununla statusun ləğv edilməməsini və hazırda qüvvədə olduğunu qəbul etmişdir. Cavabdeh iddiaçıdan hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, hərbi xidmət barədə arxiv arayışı, döyüşlərdə iştirakı (yaralanmağı) təsdiq edən digər arayış və sənədlərin komissiyaya təqdim edilməsini xahiş etsə də, iddiaçının təqdim etdiyi sənədlərin heç birinə hüquqi qiymət vernəmiş, iddiaçının döyüş əməliyyatları zamanı yaralanmasını da nəzərə almamışdır. Beləliklə, işin yuxarıda sadalanan hallarına əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı bütün şərtlər ödənildiyindən, iddiaçının həmin statusunun olması və ləğv edilməməsi müəyyən edildiyindən, yekunda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komisarlığı) tərəfindən verilmiş MN seriyalı 041967 nömrəli xx.xx.2000-ci il tarixli vəsiqəsinin naməlum şəraitdə itirdiyi üçün həmin vəsiqənin dublikatının verilməsini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 082695 nömrə ilə İddiaçı təkrar olaraq vəsiqə verilmiş, lakin sözügedən təkrar verilmiş vəsiqənin aqibəti barədə hər hansı məlumatlar qeyd etməmişdir. İddiaçının eyni iddia üzrə 1 may 2020-ci il tarixli iddia ərizəsinə dair Bakı İnzibati Məhkəməsində məhkəmə baxışı zamanı tərəfimizdən iddia ərizəsinə göndərilmiş münasibətdə (etiraz) iddia üzrə bütün hallara tam aydınlıq gətirilməsi məqsədilə müvafiq sənədlərlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzra komissiya"ya təqdim edilməsinin məqsədəuyğun hesab edilmişdir. Bu kimi hallarla bağlı Məhkəmə tərəfindən 31 mart 2021ci il tarixli 2-1 (112)-940/021 nömrəli qərar qəbul edilmişdir. Qərarda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1 (112)-940/2021 nömrəli qərarı icra edilmişdir. Komissiyaya daxil olmuş sənədlər əsasında 11 iyun 2021-ci il tarixli iclasda baxılmış və qərara alınmışdır ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində mötəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştiraki barədə qeydlər olmadığına görə ona "Müharibe Veteram" adının ve vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən haqlı olaraq İddiaçı "Müharibə Veteram" adının və vəsiqəsinin yenidən (təkrar) verilməsindən imtina edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa,Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

19. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

28. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində mötəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştiraki barədə qeydlər olmadığına görə ona "Müharibe Veteranı" adının ve vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır.

30. Bununla belə, hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

32. İddiaçıya məxsus НЗ №6508145 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci illərdə N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran kəndində döyüşlərdə iştirak etmiş və Səbail Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Milli Ordunun N saylı hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.1992-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində gedən döyüşlərdə yaralanmışdır.

33. Kollegiya qeyd edir ki, şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

34. Belə ki, iş materialları ilə iddiaçının 1992-1994-cü illərdə N və N saylı hərbi hissənin tərkibində Ağdərə, Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi, bu zaman yaralanması və aldığı xəsarətin səlahiyyətli orqan tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi, həmçinin iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması tam təsdiq edilir

35. Beləliklə, müharibə veteranı adının verilməsi üçün zəruri olan və qanunla nəzərdə tutulan dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma (tərxis olunma) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilir.

36. Beləliklə, sənədlərdən iddiaçının bu iki şərti ödəməsi öz təsdiqini tapmış və iddiaçıya M/V №041967 nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000ci il tarixdə iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. M/V №041967 nömrəli xx.xx.2024-cü il tarixli vəsiqənin surətindən isə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.

37. Cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün iddiaçı hər bir halda həmin şərtlərə cavab verməlidir ki, hazırki iddia üzrə iddiaçının artıq müharibə veteranı statusunun olduğu müəyyən olunur və iddiaçının həmin statusunun olmaması və ya ləğv edilməsi halı məhkəmə tərəfindən müəyyən edilmir.

38. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar