Məhkəmə qərarları › İş №2-1(103)-3669/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3669/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3669/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « əlilliyə görə əmək pensiyasının ödənilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1979-cu ildə Yardımlı rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlikgözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Həmin əlillik qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixində “Əlillik altsistemi”ndə etibarsız hesab edilmiş, iddiaçı tərəfindən bununla bağlı olaraq məhkəmədə iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi agentliyin üzərinə qoyulmuşdur.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-B-208343/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsi ilə əlilliyə görə əmək pensiyası təyin edilmiş və icrasına başlanılmışdır.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmiş, cavabdeh ona məktubla cavab verərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə fərq məbləğinin ödəniləcəyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmsı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 2- ci dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qimən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra Reabilitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçıın pensiyasının 3 il 3 ay ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2018-ci ildən ödənilməli olduğu halda xx.xx.2020-ci ildən ödənilməsinə başlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh orqan iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyə görə əmək pensiyasının dayandırıldığı 2018-ci ilin Dekabr ayında yenidən hesablanıb ötən dövr üzrə vəsaitin ödənilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli SMS bildirişdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixdən 2504.52 manata çatdırılması, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin cari pensiyaya əlavə edilərək ödəniləcəyi bildirilmişdir. Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmıı məktubda xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 65098.50 manat və 200 manat maddi yardım olmaqla cəmi 65298.50 manat keçmiş dövr üzrə fərq məbləği hesablandığı və ödənildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbəbindən xx.xx.2018-ci il tarixindən dayandırılsa da, həmin tarixdən sözgedən hal mübahisələndirilməmişdir. Bu baxımdan qanunverciliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən məhz 2023- cü il tarixdən əvvəlki 3 il üzrə ödənişlər həyata keçirilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ilk olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişi həyata keçirilmiş, daha sonra həmin əlillik qiymətləndirilməsi etibarsız hesab edilmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əlillik qiymətlədirilməsi bərpa edilmişdir. Həmin haldan sonra cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmiş, lakin keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda cavabdeh ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir.

11. Hazırkı mübhisə üzrə yaranmış hüquqlardan deyil pozulmuş hüquqların tam şəkildə bərpasından söhbət gedir. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-7591/2023 nömrəli qərarından məlum olur ki, iddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı Agentliyə müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, əlilliyinin etibarsız sayıldığı xx.xx.2018-ci il tarixdən həmin tarixədək 4 ildən çox müddət ərzində sözügedən hal mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbindən xx.xx.2018-ci il tarixdən dayandırılsa da, hər hansı üzrlü səbəb olmadan bununla bağlı Agentliyə müraciət etməmişdir. Bu baxımdan qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən haqlı olaraq məhz 2023-cü il tarixdən əvvəlki üç il üzrə ödənişləri həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun:: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 32.1-1-ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

24. Belə ki, işin faktiki hallarına görə iddiaçıya ilk olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişi həyata keçirilmiş, daha sonra həmin əlillik qiymətləndirilməsi etibarsız hesab edilmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əlillik qiymətlədirilməsi bərpa edilmişdir. Həmin haldan sonra cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmiş, lakin keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda cavabdeh ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir.

25. Məhkəmə Kollegiyası Bu Qərarın 17-ci bəndində tətbiq olunan hüquq normalarından çıxış edərək iddiaçının tələbi və cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, qeyd olunan normaların məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir.

26. Halbuki hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciətini etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəkmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnu bərpasına nail olmuşdur.

27. Göründüyü kimi bu hadisələrdə iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları bərpa edildikdən sonra hzırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır.

28. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, adıçəkilən norma hüquqların yaranmasını özündə ehtiva etsə də, bu mübhisə üzrə isə yaranmış hüquqlardan deyil pozulmuş hüquqların tam şəkildə bərpasından söhbət gedir. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. Odur ki, məhkəmə cavabdehin bu arqumentini qəbul etmir və hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası üzrə keçmiş dövrün fərq məbləğləri tam şəkildə ödənilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlikgözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

30. Həmin əlillik qiymətləndirilməsi nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixində “Əlillik altsistemi”ndə etibarsız hesab edilmiş, iddiaçı tərəfindən bununla bağlı olaraq məhkəmədə iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi agentliyin üzərinə qoyulmuşdur.

31. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-B-208343/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsi ilə əlilliyə görə əmək pensiyası təyin edilmiş və icrasına başlanılmışdır.

32. İddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtinanın və cavabdehin apellyasiya şikayətinin dəlili olaraq göstərilmişdir ki, iddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı Agentliyə müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, əlilliyinin etibarsız sayıldığı xx.xx.2018-ci il tarixdən həmin tarixədək 4 ildən çox müddət ərzində sözügedən hal mübahisələndirilməmişdir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbindən xx.xx.2018-ci il tarixdən dayandırılsa da, hər hansı üzrlü səbəb olmadan bununla bağlı Agentliyə müraciət etməmişdir. Bu baxımdan qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən haqlı olaraq məhz 2023-cü il tarixdən əvvəlki üç il üzrə ödənişlərin həyata keçirilmişdir.

33. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlardan (Bu Qərarın 27-30-cu bəndlərində ) əlavə bildirir ki, nəzərə almaq lazımdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi agentliyin üzərinə qoyulmuşdur.

34. Yəni iddiaçının hər hansı bir təqsiri olmadığı halda onun ikinci qrup əlillik dərəcəsi dayandırılmış, daha sonra onun bu hüququ pozulduğu vaxtdan məhkəmə qərarı ilə bərpa edilmiş, lakin iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsi hüququ xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə kimi olan dövrlər üzrə əsassız olaraq bərpa olunmamışdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar