Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-367/2020 07.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Səriyyə Seyid qızı Seyidovanın sədrliyi ilə (məruzəçi); Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Fərid Seyfulla oğlu Atamaliyevin katibliyi ilə, İddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir budkanın qaldığı yerdən götürülməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdeh Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 44/46 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına özbaşına və qanunsuz olaraq qoyulmuş dəmir budkanın halhazırda qaldığı yerdən götürülməsi haqqında öhdəlik qoyulmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 2006-cı ildən iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Lakin, xx.xx.2019-cu il tarixdə sözügedən ünvanda yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin düz qarşısına, gecə vaxtı, ona məlum olmayan şəxslər özbaşınalıq edərək qanunsuz şəkildə piyadalar üçün nəzərdə tutulmuş səkiyə bir dəmir budka qoymuşlar. İddiaçı həmin məsələ ilə əlaqədar olaraq dərhal yazılı surətdə müxtəlif səlahiyyətli orqanlara, o cümlədən cavabdehə müraciət etsə də, ona heç bir cavab verilməmişdir.Sözügedən dəmir budka bu günə qədər onun xüsusi mülkiyyət hüququnu pozaraq, özbaşına qoyulmuş yerdə qalmaqdadır və müvafiq orqanlardan heç bir reaksiya verilməməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 44/46 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına özbaşına və qanunsuz olaraq qoyulmuş dəmir budkanın halhazırda qaldığı yerdən götürülməsi üçün Cavabdehnə müraciət etsə də cavabdeh tərəfindən onun müraciəti cavablandırılmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh hazırkı tələblə bağlı hər hansı səlahiyyəti (vəzifə və ya öhdəliyi) nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı əsaslara görə razılaşmır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, İ-31-149 saylı məktubun surətində qeyd edilmişdir ki, Balababa Məcidov küçəsi, 44Ə46 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısındakı köşkün götürülməsi üçün tədbir görülməsi ilə bağlı 2017-ci ildə ünvan 4 ünvanında yaşayan vətəndaş X2 ağır məişət şəraitini və şəhid ailəsi olduğunu nəzərə alaraq ona məxsus olan köşkün yeri yaşadığı evin yaxınlığındakı əraziyə dəyişdirilmişdir. Həmçinin apellyasiya şikayətinə əalvə edilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 03-Bİ/185 saylı məktubun surətində qeyd edilmişdir ki, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 44/46 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısındakı səkinin üzərinə yerləşdirilmiş köşkün götürülməsi üçün tədbirlərin görülməsi barədə vətəndaş İddiaçı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il daxilolma tarixli müraciətlərinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.Bildiririk ki, göstərilənlərlə bağlı bir müddət öncə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sizə xx.xx.2019-cu il tarixli, 03-Bİ/159 nömrəli məktub ünvanlanmasına baxmayaraq, Balababa Məcidov və Murtuza Muxtarov küçələrinin kəsişməsindəki səkidə özbaşına yerləşdirilmiş dəmir köşkün ləğv edilməsi üçün heç bir tədbir görülməmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-cü bəndində yerli icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 4.16.1 şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; 4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək; 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 20.1-ci bəndinə əsasən səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz. Həmin Qaydaların 20.2-ci bəndinə əsasən müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən götürülməsi tələb edilən dəmir köşk ( butkanın ) vətəndaş X3 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov və Murtuza Muxtarov küçələrinin kəsişməsində piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkidə, yəni müəyyən edilmiş sahələrdən kənarda yerləşir. Göründüyü kimi iddiaçı tərəfindən götürülməsi tələb edilən dəmir köşk AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarına zidd olaraq iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında, səkinin üstündə yerləşməklə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2338/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunsun. Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 44/46 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabağına qoyulmuş dəmir köşkün (butkanın) hal-hazırda qaldığı yerdən götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-367/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-367/2020
07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver