Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-367/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı2 və vəkili X1 (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, İddiaçılar İddiaçı2 (xx.xx.1976-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) və İddiaçı1 (xx.xx.1937-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(82)-3797/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 15.10.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Xətai RİH üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin sahibləri olaraq, həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün 02.09.2019-cu il tarixində Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq sənədlərlə (çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, texniki pasportun notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti) birgə ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətlərinə 16.09.2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan sənədlər təqdim olunduqdan sonra yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün texniki rəyin verilməsi Xətai Rayon İcra Hakimiyyətinin Komissiyası tərəfindən həyata keçirilir. Baxmayaraq ki, qeyd olunan sənədlərin hər biri tərəflərindən icra hakimiyyətinə rəsmi ərizəyə əlavə edilməklə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin məsələyə dair yanaşması tamamilə absurd və qanunvericilyin mövqeyi baxımından tamamilə əsassızdır. Hesab edir ki, cavab məktubunun özü müvafiq rəyin verilməsindən imtina kimi qiymətləndirilməli və aidiyyatı üzrə məhkəməyə müraciət olunması üçün tam əsaslıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3797/2019 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi ev 6 D ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 Nurulla oğlunun adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin 10 fevral 2020-ci il tarixli, 2-1(82)-3797/2019 saylı qərardadı ilə (hakim A.Oruczadə) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2- 1(82)-3797/2019 saylı qərarında yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın giriş hissəsində; qərarın təsviri hissəsində; qərarın 4-cü səhifəsinin 2-ci abzasının 5-ci cümləsində; həmçinin qərarın nəticəsi hissəsində “ İddiaçı2 Nurulla oğlu” ifadəsinin “İddiaçı2” kimi oxunması qərara alınmışdır. 10.03.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(82)-3797/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq İcra Hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsinə istinad edərkən, mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan binaların 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıldıqdan sonra Rayon İcra Hakimiyyəti Başçısının sərəncamları əsasında həyata keçirilir. Sözügedən sərəncamın mənasından görünür ki, iddiaçı yaşayış sahəsini özbaşına qeyri-yaşayış sahəsinə çevirərək uzun müddət ondan qeyri-yaşayış sahəsi kimi istifadə etməzdən əvvəl mövcud qanunvericiliyin tələblərinə əməl etməli idi. Məhkəmə yuxarıda göstərilən hüquq normalarını hazırkı işə tədbiq etməli olduğu halda bunu etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1111/2020 saylı, 23.06.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, Hüseyn Aida) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3797/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(102)-2030/2020 saylı qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) cavabdehin kasassiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2- 1(103)-1111/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasassiya şikayəti qalan hissədə təmin edilməmişdir. 06.04.2021-ci il tarixdə iddiaçıların nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq 06.04.2021-ci il tarixə saat 11:15-ə təyin edilmiş məhkəmə prosesində səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə prosesinin 2 həftə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Digər iddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - RX seriyalı, ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 6D saylı fərdi yaşayış evi 21.04.2015-ci il tarixdə İddiaçı1 və İddiaçı2 adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır. - Cavabdeh inzibati orqan 16.09.2019-cu il tarixdə iddiaçılara 77-162 №-li məktub ünvanlayaraq bildirmişdir ki, ƏMDK-nin DƏDRX-nin seriya RX, 0639204 saylı, 21.04.2015-ci il tarixli çıxarışı əsasında ünvan 4 ünvanında ümumi sahəsi 86.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli, 845 nömrəli Qanuni ilə təsdiq edilmiş Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 110 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 39 №-li, 05.09.2020-ci il tarixli məktubda (imzalayan Səbuhi Əkbərov) qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.05.2017-ci il tarixli, 218 saylı sərəncamda qeyd olunan Xətai rayonu Yusif Səfərov küçəsi 1136-1137-ci məhəllələr, Bakı Dövlət Layihə İnstitutunun rəsmi internet səhifəsində yerləşdirmiş olduğu fotolardan görünür ki, layihələndirilən tikinti: Kamandar Əhmədov 2, Kamandar Əhmədov 4, Kamandar Əhmədov 6, Yusif Səfərov 25, Yusif Səfərov 27, 8-ci zavod 3, 8-ci zavod 5 saylı ünvanları əhatə edir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.05.2017-ci il tarixli, 218 saylı "xxxx" MMM-nə yaşayış kompleksinini tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamının surətinə əsasən Xətai rayon İcra Hakimiyyətinin 09.03.2017-ci il tarixli, 67 saylı razılıq məktubunu və "xxxx" MMM-nin 13.03.2017ci il tarixli, 184 saylı müraciətini nəzərə alaraq, Xətai rayonu, 1136-1137-ci məhəllələr, Y.Səfərov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış kompleksinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMM-yə icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.6-cı maddəsinə görə keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçılar ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçıların Mənzil Məcəlləsinin müvafiq maddələrində müəyyən edilmiş hər hansı hərəkətlərin etmələri müəyyən edilmir. Həmçinin iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 16 sentyabr 2019cu il tarixli, 77-162 saylı cavab məktubunda iddiaçıların xahişinin yerinə yetirilməsi üçün bir sıra sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçılar tərəfindən bu sənədlərin cavabdeh orqana ünvanlanması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar qeyd edilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etsələr də, qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin əsasını təşkil edən sübutlar iş materiallarında mövcud olmadığından, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tələbinin əsası kimi cavabdehə qanunda nəzərdə tutulan hər hansı sənəd-sübut təqdim etmədiyindən, məhkəmə icraatları zamanı da belə sübutlar təqdim edilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3797/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və İddiaçı2 adına müvafiq texniki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərilməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-367/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-367/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver