Məhkəmə qərarları › İş №2-1(103)-367/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-367/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-367/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2890/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 2 oktyabr 1985-ci il tarixli 16 358 nömrəli qərarı və “Nord” bağçılıq yoldaşlığının 26 may 1994-cü il tarixli 2-94 nömrəli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 500 kv.m sahəsi olan 88 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Həmin bağ sahəsi hazırda da onun istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun adının bağçılıq yoldaşlığı üzvlərinin siyahısında aşkar olunmadığını və üzvlük kitabçasındakı bağ sahəsinin nömrəsinə edilmiş düzəlişin səlahiyyətli şəxsin imzası və möhürlə təsdiqlənmədiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Nord” bağçılıq yoldaşlığının 26 may 1994-cü il tarixli 2- 94 nömrəli protokolundan, həmin protokol əsasında ayrılmış torpaq sahəsinin bölgü sxemindən, üzvlük kitabından, həmçinin AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verillmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən göründüyü kimi, həmin torpaq sahəsi tam qanuni əsaslarla İddiaçı ayrılmışdır, bağçılığın üzvıük kitabçasında isə heç bir düzəliş olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 43, 60, 71-сi maddələrinə, İPM-in 2.1, 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8, 9, 11, 12.1, 15-ci maddələrinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamının müddəalarına əsaslanaraq, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən 500 kv.m sahəsi olan 88 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2021 saylı, 29 iyul 2021-ci qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Nord” bağçılıq yoldaşlığına üzv kimi qəbul olunmuş, adına ümumi sahəsi 500 kv.m (5 sot) olan 88 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsini naturada təhvil almış və hal-hazırda da istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununa əsasən bağ sahəsinə müvafiq çıxarışın verilməsi üçün tələb olunan əsaslardan adına üzvlük kitabçası və 26 may 1994-cü il tarixli, 2-94 saylı protokoldan çıxarış mövcuddur. Bu səbəbdən ilkin siyahıda adının olmaması imtina üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki halları: - iş materiallarına əlavə edilmiş bağçılıq üzvlük kitabçasından görünür ki, İddiaçı Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 02 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı və “Nord” bağçılıq- yoldaşlıq təsərrüfatının 26 may 1994-cü il tarixli, 2-94 saylı protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə bağ massivində yerləşən 500 kv.m sahəsi olan 88 saylı bağ sahəsi ayrılmışdır. - İş materiallarına əlavə edilmiş Hövsan qəsəbəsi “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaq sahəsinin bölgü sxemindən görünür ki, İddiaçı ayrılmış 88 saylı bağ sahəsi 500 kv.m təşkil edir. - İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçının adına tərtib olunmuş A № 353078 saylı plan ölçü sxemindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə bağ massivində yerləşən 500 kv.m sahəsi olan 88 saylı bağ sahəsi ev tikilməsi üçün X5 kitabında 17 iyun 2011-ci il tarixdə, 26535 nömrə ilə uçota alınmış və koordinatlar müəyyən olunmuşdur. - iş materiallarına əlavə edilmiş “Nord” bağçılıq-yoldaşlıq üzvlərinin ilkin siyahısından görünür ki, İddiaçı bağ sahəsi 88 nömrəsi ilə siyahıya alınmışdır. - iş materiallarında olan iddiaçıya və onun ailə üzvləri adına yazılmış üzvlük kitabçasından görünür ki, iddiaçı tərəfindən 1994-cü ildən başlayaraq bağın istifadəsinə görə üzvlük haqları ödənilmişdir. - iddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmiş və ona DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 01 sentyabr 2020-ci il tarixli məktubu ilə Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması və üzvlük kitabçasında bağ sahəsinin nömrəsində düzəliş edilməsi əsası ilə imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, İddiaçı müvafiq bağ sahəsinin ayrılması barədə “Nord” X1 tərəfindən üzvlük bileti, habelə iclas protokoldan çıxarış verilsə də, müvafiq arxiv saxlayıcısı kimi DƏDRX arxiv sənədlərində bağçılıq yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, üzvlük biletində göstərilən Hövsan bağ massivindəki 88 saylı bağ sahəsinin onun qanuni istifadəsində olmasını istisna edir. Həmçinin, Hövsan bağ massivindəki 88 saylı bağın ona ayrılmamasını iddiaçının adına verilmiş üzvlük biletində bağ sahəsinin nömrəsinə edilmiş düzəlişin müvafiq qaydada təsdiqlənməməsi də təsdiqləyir. Belə olan halda iddiaçı Hövsan bağ massivindəki 88 saylı bağ sahəsinə mülkiyyət hüquqları əldə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmuşdır. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında göstərilən dəlillər məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Bagçılıq üzvlük kitabçasında heç bir düzəliş olunmamışdır. Arxiv sənədlərinə əlavə edilmiş “Nord” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının 26 may 1994-cü il tarixli protokolundan, həmin protokol əsasında tərtib edilmiş torpaq sahəsinin bölgü sxemindən, üzvlük kitabçasından, həmçinin AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü”ndən göründüyü kimi qeydiyyata alınmalı olan torpaq sahəsi qanuni əsaslarla iddiaçının adına ayrılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üşün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdeh inzibati orqanın imtinası əsassız olduğundan hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməklə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, “Nord” Bağçılıq-Yoldaşlıq Təsərrüfatı tərəfindən ayrılmış 500 kv.m torpaq sahəsinə malik olan 88 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2021 saylı, 29 iyul 2021ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, “Nord” Bağçılıq- Yoldaşlıq Təsərrüfatı tərəfindən ayrılmış sahəsi 500 kv.metr olan 88 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar