Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-367/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və X3 ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4256/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, ona qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1994-cü ildə Daxili İşlər Nazirliyində 20 ildən çox işlədiyi üçün xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra 13 iyun 1995-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində işə qəbul olunmuş, 08 fevral 2006-cı il tarixindən isə Bakı Baş Gömrük İdarəsinə digər işə keçirilmişdir. 14 avqust 2018-ci il tarixindən X5 baş inspektor vəzifəsində işləmiş və 2018ci ilin dekabr ayının 10-da öz ərizəsi əsasında işdən azad olunmuşdur. Əmək pensiyası yaşına çatdığına görə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və 2019-cu ilin mart ayına kimi həmin pensiya ona ödənilmiş, lakin ona 1994-cü ildə təyin edilmiş xidmət illərinə görə pensiya müavinətlərinin verilməsi dayandırılmadığından mart ayında həmin pensiyanın dayandırılması barədə özü ərizə ilə müraciət edərək xidmət illərinə görə pensiyanın dayandırılmasını xahiş etmiş, cavabdeh qanunsuz olaraq onun hər iki pensiyasını dayandırmış, bundan sonra o, məhkəməyə müraciət etmişdir. Ərizə ilə cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinə baxaraq ona, **********1 №li 16 noyabr 2022-ci il tarixli «dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü haqqında» imtina məktubu göndərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda həmin Qanunun 20.1.7-ci maddəsinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, dövlət qulluğu stajı olmadığından sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4256/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpa edilməsi üçün ərizə ilə Mərkəzi filiala müraciət etmişdir. İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olmaması səbəbindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda İddiaçı vaxtilə işlədiyi Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Culfa Gömrükxanasının sərnişin şöbəsinin inspektoru və X2 Gömrük Komitəsinin sərnişin şöbəsinin baş inspektoru vəzifələri nəzərdə tutulmayıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4256/2023 nömrəli qərarına əsasən məhkəmə araşdırma nəticəsinə müəyyən etmişdir ki, iddiaçının qanunla qorunan hüquqları pozulmuş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda 2021-ci il 31 may tarixdə edilmiş dəyişikliyə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı gömrük orqanlarında xx.xx.1995-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 23 il 4 ay 5 gün yəni 15 ildən artıq xidmət etmişdir. Qeyd olunanlara əsasən İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsilə bağlı iddia tələbi qanuni və əsaslıdır. Hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 4256/2023 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndiirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. İddiaçı dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il sığorta stajının olmaması səbəbindən cavabdeh orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, eyni zamanda, iddiaçının hazırkı tələblə bağlı 2018-ci ildə də dövlət qulluqçusu kimi pensiya təyin edilməsi tələbinə dair iddia qaldırdığını və həmin iddiasının rədd olunduğunu bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiysının iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, əvvəllər də iddiaçı cavabdehə qarşı eyni predmet və eyni əsasla məhkəmədə iddia qaldırmış, lakin məhkəmələr tərəfindən onun iddia tələbi rədd olunmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat İdarəsinə qarşı “dövlət qulluqçusu kimi xx.xx.2018-ci il tarixdən təyin edilmiş əmək pensiyasının ödənişinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi rədd edilmişddir. İddiaçının həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermiş, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-646/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 370/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Beləliklə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini aliış 23 oktyabr 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuş hallardan isə görünür ki, - “...İddiaçıya 1994-cü ildən xidmət illərinə görə pensiya təyin edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2018-ci il tarixlərinə kimi gömrük orqanlarında işləmiş və əmək pensiyası yaşı çatdığına görə xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi ona yaşa görə pensiya təyin edilmiş 2019-cu ilin mart ayına kimi ödənilmişdir. Pensiyanın dayandırılması ilə bağlı cavabdeh orqana müraciət etdikdə cavabdeh orqan xx.xx.2019-cu il tarixdə cavab məktubu ilə pensiyanın bərpa edilməsindən imtina edilmişdir... Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4, 4.1, 5.1, 9.5, 9,6, 1.0.4-cü və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddələrinin müddəalarına istinadən hesab etmişdir ki, iddiaçının aldığı hər iki pensiya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası olduğu üçün, yəni digər əmək pensiası növlərindən biri (əlillik və ailə başçısını itirməyə görə) olmadığı üçün onun pensiya seçmək hüququ ilə bağlı dəlilləri əsassızdır və cavabdeh tərəfindən düzgün olaraq onun pensiysı dayandırılmışdır. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir...” Göründüyü kimi, faktiki olaraq iddiaçının xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) ilə bağlı iddia tələbinin rədd edilməsi barədə artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğu halda, konkret halda, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisələnirilən qərarında da işdə olan sübutlar sırasında adıçəkilən məhkəmə qərarlarını da sadalmış olsa da, həmin qərarlara münasibətdə hazırkı iddianın eyni predmeti və əsasının eyni olmasına prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni zamanda, həmin Məcəllənin 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə də qeyd olunanları nəzərə alınmaqla, hazırkı iddia, İPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq qaydada əsaslandırılmış iddia kimi qəbul oluna və məhkəmə inzibati mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi isə işdə olan sübutları hərtərəfli araşdırıb düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə baxaraq, iddianın təmin olunması barədə əsassız qərar qəbul etmişdir. Ona görə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işi düzgün araşdırmadığını, gəldiyi nəticənin sübutlara uyğun olmadığını, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4256/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4256/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-367/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-367/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver