Məhkəmə qərarları › İş №2-1(103)-3670/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3670/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3670/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Dübəndi bağlarında yerləşən 14 saylı bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 21 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində Dübəndi bağlarında yerləşən 14 saylı bağ sahəsinə dair plan-ölçü sənədlərinin hazırlanması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci qərarının ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı poçt vasitəsilə İddiaçı xx.xx.2021-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2021-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Ələkbərov” yazılaraq imza edilməklə qəbul edilmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil Nurələm oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş və iddiaçıya və onun nümayəndəsi və vəkilinin elektron kabinetinə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının yaşlı olduğunu, imza edərək əldə etdiyi məhkəmə tərəfindən göndərilmiş zərfin mahiyyətini dərk etməmə ehtimalının olduğunu bildirmiş, elektron kabinetinə yerləşdirilmiş məhkəmə qərarı ilə bağlı məlumatlandırmadığını qeyd etmiş, həmçinin, məhkəmənin hüquqi yardımına baxmayaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2555/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar