Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3671/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “birinci dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “birinci dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6098/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.)
2. İddiaçı 3-17-4/2-A-22984/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinəyə dəvət olunmuşdur (əsas: Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması).
3. İddiaçı müayinədə iştirak etmiş, 1993-cü ildə kəllə beyin travması aldığını təsdiq edən M.Nağıyev adına Təcili yardım xəstəxanasının xx.xx.1993-xx.xx.1993-cü il tarixli epikrizini, eyni zamanda 15 saylı poliklinikanın xx.xx.2023-cü il tarixli ambulator kartadan çıxarışı təqdim etmişdir ki, orada da diaqnoz “kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası. Debillik dərəcəsində ağıl zəifliyi olmuşdur.”
4. Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərarla qərara alınmışdır: “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin, xx.xx.2023-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz olaraq xx.xx.2023-cü il tarixindən təyin edilmiş ikinci dərəcə əlilliyin təyini barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, onun birinci dərəcə əlilliyinin bərpası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaq vaxtından sinir xəstəliyindən əziyyət çəkir. Daha sonra baş nahiyyədən aldığı fiziki travma nəticəsində vəziyyəti daha da pisləşmişdir. Ona kəllə beyin travması, beynin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyəti, meninqoensefslopatiya, sümük defektinin plastikası diaqnozu qoyulmuşdur. 1994-ci ildə ona ömürlük olaraq birinci qrup əlillik təyin edilmiş və pensiya müəyyən olunmuşdur. Əlillik vəsiqəsində birinci qrup müddətsiz olaraq əlillik təyin edildiyi qeyd olunmuşdur. O, qardaşı X8 ilə birlikdə yaşayır. Onun birinci qrup əlil kimi müalicəsinə və reabilitasiyasına köməklik göstərilməsi üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilmişdir. Reabilitasiya xidmətləri qış ayına salındıqda qardaşı bununla bağlı xahiş edərək isti aylara salınmağını xahiş etmiş, bu müraciətlər Reabilitasiya Agentliyində birmənalı qarşılanmamışdır. Aidiyyəti qurum əlilliyin təkrar qiymətləndirilməsi məsələsini irəli sürmüş və onu əsassız olaraq əyani müayinəyə çağırmışdır. Halbuki, səhhətində əvvəlki illərdən fərqli irəliləyiş olmamış, əksinə səhhəti ağırlaşmışdır. Daha sonra cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək ona ümumi xəstəlik səbənindən xx.xx.2005-ci il tarixdə müddətsiz birinci dərəcə təyin edilmiş qüvvədə olan qərara dəyişiklik edilmiş və ümumi xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixindən müddətsiz ikinci dərəcə əlillik təyinatına dəyişdirilməsinə dair qərar qəbul olunduğu bildirilmişdir. Həmin qərar ona təqdim edilməmiş, ümumiyyətlə həmin qərarın hansı səbəbdən qəbul olunması ona aydın deyil. Cavabdehin xx.xx.2023-cü il tarixli bildiriş məktubu poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. İddiaçı bu qərarla razı deyil, kəllə beyin travması nəticəsində sağlamlığı birdəfəlik pozulmuş və bugünə kimi bərpa olunmamışdır. Əmək qabiliyyəti tam deyil, işləyə bilmir.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.) Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-A-22984/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını bildirmiş, baş ağrısı, baş gicəllənmə, ümumi zəiflik, yaddaş pozulmasından şikayət etmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın 1993-cü ildə kəllə beyin travması aldığını təsdiq edən M.Nağıyev adına Təcili yardım xəstəxanasının xx.xx.1993-xx.xx.1993-cü il tarixli epikrizini təqdim etmiş, eyni zamanda 15 saylı poliklinikanın xx.xx.2023-cü il tarixli ambulator kartadan çıxarışı təqdim edilmişdir ki, orada da diaqnoz “kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası.Debillik dərəcəsində ağıl zəifliyi olmuşdur.” Obyektiv müayinə zamanı sağ gicgah payında sümük defekti izlənilmiş, ağıl zəifliyi təsdiqlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin, xx.xx.2023-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, iddiaçıya birinci dərəcəli əlillik təyin edilərkən əsas götürülmüş göndərişin tarixi 2005-ci ilə aiddir. Məlum məsələdir ki, insan orqanizmində bu müddət ərzində səhhətinin yaxşılaşması və ya pisləşməsinə doğru proseslər gedə bilər. Qeyd edilən nüansı nəzərə alaraq, əyani müayinə həyata keçirilərkən iddiaçıda olan diaqnozlar mütəxəssislər tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğunlaşdırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-6098/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin İştirakı:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qanuni qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.9. göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
16. İnzibati Prosessual Məcəllə:
Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir.
20. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya şikayətində göstərilən dəlillərin əsassızlığı ilə bağlı artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının formalaşmış məhkəmə təcrübəsi var. 2-1(102)-85/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə hüquqi mövqeyində bu məsələyə belə qiymət vermişdir: “35.Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur 38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. 39. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.”
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli, qərarı ilə əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı 3-17-4/2-A- 22984/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını bildirmiş, baş ağrısı, baş gicəllənmə, ümumi zəiflik, yaddaş pozulmasından şikayət etmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın 1993-cü ildə kəllə beyin travması aldığını təsdiq edən M.Nağıyev adına Təcili yardım xəstəxanasının xx.xx.1993-xx.xx.1993-cü il tarixli epikrizini təqdim etmiş, eyni zamanda 15 saylı poliklinikanın xx.xx.2023-cü il tarixli ambulator kartadan çıxarışı təqdim edilmişdir ki, orada da diaqnoz “kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət. Meninqoensefslopatiya, sümük defektinin plastikası. Debillik dərəcəsində ağıl zəifliyi olmuşdur.” Obyektiv müayinə zamanı sağ gicgah payında sümük defekti izlənilmiş, ağıl zəifliyi təsdiqlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin, xx.xx.2023cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq 2.2.9 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlilliyi xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Kəllə beyin travması və beyin sağ gicgah payının və sümük defektindən sonrakı vəziyyət.) Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
22. İddiaçı əlillik dərəcəsinin dəyişdirilməsini qanunsuz hesab edir.
23. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, iddiaçının diaqnozu ikinci dərəcə əlilliyin təyininə əsas verdiyindən, onun əlilliyinin dərəcəsi əyani müayinəsi keçirilməklə dəyişdirilmişdir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
25. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etməklə hesab etmişdir ki, iddiaçıya birinci dərəcə əlilliyin təyinatı qərarı qanunun qüvvədə olan normasına əsaslanaraq (cavabdeh tərəfindən təkzib edilmir) qəbul edildiyindən, cavabdehin qərarı qanuni əliverişli inzibati akt qismində çıxış edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əlverişli inzibati aktın ləğvinə yalnız yuxarıda adıçəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının əlillik dərəcəsinin əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır.
27. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması əsası ilə əlillik dərəcəsinin dəyişdirilməsi qanunsuz və əsassızdır. Cavabdehin iddiaçının əlillik dərəcəsinin dəyişdirilməsi barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalıdır.
28. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). 37. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və məhkəməsi kollegiyası tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
29. Beləliklə, mübahisəyə dair işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
30. Halbuki mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, apellyasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
31. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Apellyasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri mahiyyətcə iddiaya etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
33. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-6098/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Məhəmməd Rüstəmli Pərviz Hüseynov